Ana səhifə Toplum |
Tanınmış hüquqşünas, millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Teleqraf”ın “Brifinq” layihəsində maraqlı açıqlamalar verib.
Axar.az xəbər verir ki, o, atası, 1994-98-ci illərdə Bakı şəhərinin prokuroru olan və çoxlarının yaddaşında qətiyyəti ilə qalan Şükür Rzayev haqda 80-ci illərdə donosların və imzasız məktubların yazılması səbəbindən 1986-cı ildə mərhum prokurorun həmin dövrdə çalışdığı respublika nəqliyyat prokuroru vəzifəsindən azad edildiyini bildirib.
Onun sözlərinə görə, özü, qardaşı və atası haqda həmin vaxtlar silsilə donoslar yazılıb:
“Qardaşımı çıxarmadılar. Çünki qardaşım o vaxt Rostovda yerləşən Xəzər Hövzəsi Nəqliyyat Prokurorluğuna tabe idi. O, su nəqliyyatı prokurorunun köməkçisi idi. O ərizə Rostova çatanadək buralarda mövqe dəyişdi və qardaşımın işdə qalmasına razılıq verildi. Onun ərizisəsini geri çağırdılar. Amma mən və atam işsiz qaldıq. Atam Respublika Prokurorluğunun İstintaq idarəsində şöbə prokuroru, mən isə zavodda işləməyə başladım. Təsəvvür edin, mən “vurulan”da 24 yaşım var idi”.
Ailəsi haqda danışan millət vəkili qeyd edib ki, böyük qardaşı (Rəşid Rzayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədridir) hüquqşünasdır: “Bacım filoloq, həyat yoldaşım türkoloqdur. Oğlum İqtisad Universitetini bitirib, qızlarımdan biri tibb təhsili alıb, digəri psixologiya ixtisası üzrə təhsil alır.
Baba isə Azərbaycanda sovet hakimiyyəti qurulanadək mirzəlik edib, 1920-ci ildən sonra “Revkom”da, “Kasıblar komitəsi”ndə çalışıb, Cavanşir qəzasının cinayət-axtarış şöbəsinin rəisi olub”.
1962-ci ildə Bakıda doğulan, əslən şuşalı olan və bütün uşaqlıq illərinin Şuşada keçdiyini bildirən R.Rzayev atasının başına gələn film kimi hadisəni təsdiqləsə də, bu haqda danışmaq istəməyib.
Qeyd edək ki, Şükür Rzayev 1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğunun İstintaq şöbəsinin prokuroru işləyərkən respublika prokurorunun əmri ilə Xankəndi şəhərinə ezam olunub. Məqsəd Dağlıq Qarabağ Muxtar Vilayəti Prokurorluğunda törədilən qanunsuzluqlara son qoymaq, qanunçuluğu bərpa etmək imiş. O, şəhərə gəlib, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olub, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verib. Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək, onu girov götürüb və gözlərini bağlayaraq, QAZ-24 markalı maşında naməlum istiqamətə aparıb. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyiblər. Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də azad edilib.
Tarix
2018.04.07 / 10:28
|
Müəllif
Axar.az
|