Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrfan gizlinləri

Cəlaləddinin mürşid axtarışları

Mövləvi mənbələrində deyildiyinə görə, Bəha Vələd ölümündən bir müddət öncə öz həmyerlisi sayılan Seyid Bürhanəddin Mühəqqiqi Tirmiziyə övladlarının təhsili ilə məşğul olmasını vəsiyyət edib. Atasının ölümündən sonra Cəlaləddin Rumi Seyid Bürhanəddinin yanında doqquz il təhsil alıb. Sonra isə Seyid Bürhanəddin naməlum səbəblərdən dolayı Konyanı tərk edərək Qaysəriyə gedib. Müəllimi Mövlanəni tərk edəndən sonra (1237-39-cu illər) o, atasının qurduğu mədrəsədə dərs verməklə yanaşı, bir axtarış içində olur və özünə mürşid axtarır.

Seyid Bürhanəddin Konyanı tərk edəndən iki il sonra, təxminən 1239-cu ildə oraya başqa bir mürşid, Şəms Təbrizi gəlir. Həmin illərdə monqollar Mavərannəhri, Xorasanı və İranı istila etmişdilər. Monqollar bu yerlərə gələndə qələndərilərlə onlar arasında çox gözəl münasibətlər yaranır, çünki monqollar şaman idilər. Monqol şamanları (qamlar, baxıcılar) həm təbiblik edər, həm öz dini vəzifələrini yerinə yetirər, üstəlik adi insanların gözündə fövqəladə bir hadisə kimi görünən sehrlər göstərərdilər.

O dövrdə qələndərilər də əllərində kəşkül, bellərində zənbillə gəzər, bir yerdə qalaraq oturaq həyat sürməzdilər: kəndəbəkənd, şəhərbəşəhər gəzib dolaşar, dilənərək həyatlarını sürdürərdilər. Dilənərkən də xalqın diqqətini özlərinə çəkmək üçün bir sıra sehr və fəndlər sərgiləyərdilər: getdikləri yerlərdə qarınlarına və ovurdlarına şiş batırmaqla, qızmar közlərin üstündə gəzməklə, od udmaqla hamını heyrətləndirərdilər.

Qələndərilərlə monqolar arasında isti münasibətlərin yaranmasının səbəbi təxminən eyni həyat tərzi keçirmələri, müxtəlif sehr və qeyr-adi oyunlar göstərmələri olmuşdu. Bu səbəbdən də monqolar qələndərilərin xidmətlərindən istifadə etməyə başlayır, hətta bir müddət sonra qələndəriləri öz əsgəri birliklərinə da daxil edir və onlarla birlikdə savaşlara girməyə başlayırlar.

Həmin illərdə ön cərgələrində qələndərilərin olduğu otuz minlik monqol ordusu Kosa dağ yaxınlığında səksən minlik səlcuqlu ordusu ilə üz-üzə gəlir və əsasən türkmənlərdən formalaşan Səlcuqlu ordusu monqollara bir ox belə atmadan döyüş meydanını tərk edir. Bunun səbəbi bir tərəfdən atasını, türkmənlərin çox sevdiyi və güvəndiyi Əla-əd-Din Keyqubada sui-qəsd edərək onun yerinə taxta çıxmış II Qiyasəddin Keyxosrova etiraz, digər tərəfdən isə Keyxosrovun fikir və düşüncə baxımından türklərə düşmən bir hökmdar olması idi. Məsələn, hələ Babailər adı ilə tarixə düşmüş türkmən üsyanından öncə, II Qiyasəddin Keyxosrov özünün türkmən düşmənliyini Eyirdirdə (Eğirdir) inşa etdiridiyi karvansarayın kitabəsində yazdırdığı yazı ilə etmişdi. Həmin ktabədə o özünü zamanın Keyxosrovu (yəni iranlıların hökmdarı), zamanın Zülqərneyni (bununla ərəblərə də xoş münasibət bəslədiyini göstərir), zamanın İsgəndəri (özünü belə adlandırmaqla rumlara da sahib çıxır) adlandırır və nəhayət, özünə qətələtü-l-ətrak (türklərin qatili) deyir. Bunun sübutu kimi Yozqatda Əmircə Sultanı və Şeyx Ubanı da qətlə yetirir. Bu şəxslər Baba İlyasi Xorasaninin xəlifələriydilər. Dolayısı ilə hələ Babailər üsyanı başlamazdan öncə bu şəxslər II Qiyasəddin Keyxosrov və onun atabəyi və vəziri olan Sadəddin Köpək (köpək - o zamanlar "sadiq" mənasında istifadə edilirdi) tərəfindən qətlə yetirilmişdilər. Bəzi alimlər onların üsyançı olduqları üçün edam edildiklərini güman etsələr də, əslində bu qətllər üsyandan öncə baş vermişdi.

Türkmələrə qarşı məhz bu münasibətinə görə 80 minlik Səlcuqlu ordusunun əsgərləri Hülakü xanın əmisi oğlu Baycu Noyonun rəhbərlik etdiyi cəmi 30 minlik monqol ordusuna bir ox belə atmadan döyüş meydanını tərk etmişdi.

Beləliklə, monqollar Anadolunun bir çox şəhərlərini yağmaladılar, onlara müqavimət göstərmiş Qeysəri şəhərində böyük qırğın törətdilər və şəhəri yandırdılar. Qeysərinin monqollara təslim olmasında şəhərim su başısı (indiki polis rəisi) vəzifəsinə təyin edilmiş Hüsaməddin Xacoq adlı bir erməninin çox böyük rolu olmuşdur. Bu Hüsaməddin şəhərin kanalizasiya kanallarından istifadə edərək qala divarlarından bayıra çıxır və Baycu Noyonla görüşür. Bu görüşmədən sonra da monqol əsgərləri çirkab su xətlərindən keçərək şəhərə daxil olur və şəhərdə qırğınlar törədirlər. Monqolların hərbi ənənələrinə görə, müqavimət göstərməyən şəhər yağmalanmalı, müqavimət göstərmiş şəhər isə qırğına məruz qoyulmalı idi. Süryanı tarixçi Əbul Fərəcin dediyinə görə, Qeysəridə monqollar on min insanı qətlə yetirmiş, bir o qədərini də əsir almışdılar...

Tarix
2013.11.07 / 10:01
Müəllif
Elşad Əliyev
Şərhlər
loading...
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla