O zaman təxminən altmış beş yaşında olan Şəms Təbrizini
özünə bağlamaq, onu Konyada saxlamaq və məmnun etmək məqsədilə
Mövlanə özünün on beş yaşındakı Kimya Xatun adlı gözəl cariyəsini
onunla nikahlayır. Baxmayaraq ki, Kimya Xatunla Mövlanənın
oğlu Əlaə-d-Din Çələbi bir-birilərni sevirdilər və evlənmək
niyyətində idilər. Mövlanə öz mədrəsəsinin ən böyük hücrəsini Şəms
Təbrizi ilə onun cavan arvadı üçün ayırmışdı ki, onlar orada
rahatlıqla yaşasınlar. Amma cavan gəlin qoca ərini sevmədiyindən
müxtəlif bəhanələrlə onu tez-tez tərk edib gedər, Mövlanənin ailə
üzvləri də ərindən qaçmış cavan gəlini axtarıb tapmaq üçün əl-ayağa
düşər, onu tapandan sonra yenidən ərinin yanına qaytararmışlar.
Mövləvi qaynaqlarında keçən bir rəvayətdə deyilir ki, bir gün
Mövlanə Kimya Xatunun yenə Şəmsi tərk etdiyini eşidib dostuna
təsəlli vermək üçün onun hücrəsinə gəlir. Mövlanə dostunun
hücrəsinin qapısını açanda, Şəms ilə Kimya Xatunu sarmaş-dolaş
halda görüb tez qapını bağlayır və ordan uzaqlaşır. Bir müddət
keçəndən sonra, ər ilə arvad arasındakı sevgi oyununun bitdiyini
düşünən Mövlanə yenidən Şəmsin hücrəsinə qayıdır. Hücrəyə girəndə,
Kimya Xatunun orda olmadığını görüb Şəmsə deyir ki, bayaq gələndə
səni Kimya Xatun ilə birlikdə gördüm, bəs qadın indi hara yox oldu?
Bu sualın cavabında Şəms ona deyir ki, sənin gördüyün qadın Kimya
Xatun deyildi. Sənin gördüyün Allah idi. Allah bəzi bəndələrini o
qədər çox sevər ki, onların arzuladığı cilddə onların yanına
gələr.
Şəmsin cavabına diqqət yetirsəniz, görəsiniz ki, burda da söhbət
hülul inancından gedir. Bu da islama qəti şəkildə zidd olan tam bir
məcusi dünyagörüşüdür. İstər Şəms Təbrizinin "Məqalat"ında
söylədiklərinə, istərsə də Əflakinin "Mənaqib əl-Arifin"də onun
haqqında dediklərinə diqqətlə baxsaq, Şəms Təbrizinin, üzdə
müsəlman olsa belə, məcusi inancına sadiq qaldığını görərik.
Başqa bir rəvayətə görə, Mövlanə yenə Şəmsin yanına gəlir və
onun ovqatının təlx olduğu görəndə başa düşür ki, Kimya Xatun yenə
ərindən qaçıb. Mövlanə öz arvadı Kəra Xatun ilə qızı Məleykə
Xatunun yanına gələrək onlara Kimya Xatunu tapıb geri gəitrmələrini
əmr edir. Qadınlar da bir qədər soraqlaşandan sonra Kimya Xatunu
tapıb ərinin yanına gətirirlər. Əflakinin dediyinə görə, Kimya
Xatun ərinin hücrəsinə girən anda Şəms ona elə qəzəblə baxir ki,
qadının boynu odun kimi quruyaraq hərəkətsiz hala gəlir. Amma
məncə, Şəmsin arvadını əməlli-başlı kötəkləməsi daha ağlabatan
fikirdir. Onun zərbələrindən biri çox güclü alınıb və bu zərbənin
təsirindən də qadının boynu tutulub, çox keçmədən isə Kimya Xatun
bu ağrı-acı ilə də vəfat edib.