Yuxarı

“Ay eşşək, niyə Quran deyil?!”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövlanənin dini-fəlsəfi görüşləri


Mövlanənin dini-fəlsəfi görüşlərini başa düşmək üçün onun yaradıcılığının zirvəsi olan "Məsnəvi"yə baxmaq kifayətdir.

"Məsnəvi"nin 1-ci cildinə ərəbcə yazdığı müqəddimənin ilk cümləsində Mövlanə belə yazır: "Bu məsnəvi kitabıdır və o, Haqqa qovuşma və mütləq bilginin sirlərinin açılmasında dinin əslinin əslinin əslidir. Allahın ən böyük fiqhidir (fiqh sözü burada müfəssəl bilgi mənasındadir), Allahın ən aydınlıq yoludur, Allahın ən açıq dəlilidir və beləcə, uzun-uzadı davam edir. Mövlanənin bu cümləsini anlamaqda çətinlik çəkənlər üçün deyim ki, dinin əsli Quran, Quranın əsli Lövhu-l-Məhfuz, Lövhu-l-Məhfuzun əsli isə Allahdır. Mövlananın bu cümlə ilə nə demək istədiyi, məncə, aydındır.

Həmin müqəddimədə belə cümlələr də var: "Ona ancaq tahir (təmiz) olanlar toxuna bilər" və ya "O, Aləmlərin Rəbbi tərəfindən nazil edilib".

Birinci dəftərin son beytində isə belə deyir: "Bu nə rəml, nə röyadır. Düzünü Allah da bilir ki, bu Allahdan gələn vəhydir".

Ana sufi təriqətlərindən "Nəqşbəndiyyə"yə mənsub Abdürrəhman Cami (1492-ci ildə vəfat edib, Molla Cami adı ilə məşhurdur) "Məsnəvi"ni fars dilində yazımış Quran adlandırır. Bu da təsadüfi deyil. "Məsnəvi"nin Quranla müqayisə edilməsinin kökündə vəhy məsələsi durur. İkinci dəfətərə yazdığı müqəddimədən anlaşılır ki, Rumi "Məsnəvi"ni özünün yaradıcılığı deyil, ilahi hikmətin vəhy edilməsi hesab edir. "Məsnəvi"nin yazılmasındakı fasilə də Məhəmməd peyğəmbərə nazil olmuş Quranın vəhyindəki fasilə ilə müqayisə edilir. Əsərdə vəhy sözünün istifadəsinə diqqət yetirəndə aydın olur ki, Rumi vəhyi yalnız peyğəmbərlərə nəsib olan bir nemət hesab etmir.

Mövlananın oğlu Sultan Vələdə istinadən nəql edilən bir rəvayətdə deyilir ki, bir gün atasının sevimli dostlarından birisi ona yaxınlaşıb soruşur:

"Sənin atan "Məsnəvi"ni nə üçün Quran adlandırır. Fəqihlərlə söhbətlərimiz zamanı onlar bizə bununla bağlı suallar verirlər, biz isə onlara nə cavab verəcəyimizi bilmirik". Sultan Vələd deyir ki, atam bu adamın sözlərini eşidib yanımıza gəldi və həmin adama acıqlanaraq dedi: "Ay eşşək, niyə Quran deyil?! Ay köpək niyə Quran deyil?! Ay anası qəhbə, niyə Quran deyil?!".

Sultan Vələd onu da qeyd edir ki, bizdən üzaqlaşanda, atam dodaqaltından bu sözləri mızıldandı: "Bizim kitabımız Qurandan da üstündü. Bunu başa düşməyənlər eşşəkdi!"

Yuxarıda "Məsnəvi"dən gətirdiyimiz misallardan və onun Oğlu Sultan Vələdin nəql etdiyi rəvayətdən belə aydın olur ki, Mövlanə "Məsnəvi"ni ən azından Quranla bir tutub, onun içində yazılanları da Quran ayələri kimi ilahi kəlam hesab edib.

Bundan əlavə, Mövlanə "Məsnəvi"nin bölümlərini bəzən "sifr" də adlandırırdı. Sifr yəhudilərin dini kitabı "Mişna"nın bölümlərinın adıdır. "Mişna" kitabı da Mövlanənin "Məsnəvi"si kimi qoşa qafiyyəli məsnəvi (mişnavi - ibranicə) vəznində yazılıb. "Məsnəvi"nin dəfətrlərini "sifr" adlandırmaqla, Mövlanə "Məsnəvi"ni yalnız Quranla eyni tutumur, onu həm də Mişna ilə müqayisə edir və ona tay tutur.

Başqa bir müqayisə - "Məsnəvi" altı dəftərdən ibarət olduğu kimi, məcusilərin (atəşpərəslərin) dini kitabı olan "Avesta" da altı dəftərdən ibarətdir. "Məsnəvi"ni altı dəftərdə yazmaqla Mövlanə öz əsərini bu kitabla da müqayisə edir.

Mövlanə nə üçün özünün yazdığı "Məsnəvi"nı dini katablarla müqayisə edir və ən azından, onlarla eyni səviyyədə tuturdu?.. Bütün bunların səbəbi nə idi?..

Bunun səbəbi yuxarıda izah etdiyimiz "hülul" inancıdır!

Məncə, bu məqamda hülul inancı ilə bağlı yaddaşları təzələmək yerinə düşər. Məcusilərə görə, insan bol-bol riyazət (nəfsin istədiklərini etməmək) və mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul (nüfuz) etməsinə nail ola bilər. Onların inancına görə, bu çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah söyləmiş olur.

Oxuculardan bəzisi deyə bilərlər ki, "Məsnəvi"yə yazılmış müqəddimələr Mövlanəyə aid olmaya da bilər. Belə bir irad bildirənlər varsa, onlarla tamamilə razıyam. Çünki tarixdə belə halların olduğunu bilirik. Məsələn, "Nə olursan ol, gəl" ifadəsi də Mövlanəyə aid deyil. Bu misra Mövlanədən iki əsr öncə yaşamış iranlı sufi Əbu Səid Əbu-l-Xeyrə aiddir. Əbu Səid Əbu-l-Xeyrin divanında və rübailərdinə bu ifadə var. Amma məsələ yalnız bu müqəddimələrdəki hədyan ifadələrlə bitmir. "Məsnəvi"nin içində məcusiliyi təbliğ edən, İslama zidd fikir və ifadlərlə dolu yüzlərlə hekayə var. Əgər "Məsnəvi" də Mövlanəyə aid deyilsə, onda Mövlanəyə deyəcək bir sözüm qalmır. Mənim dediklərim yalnız "Məsnəvi"nin müəllifinədir. Bir də gərək hamılıqla qəbul edək ki, "Məsnəvi"ni Mövlanə yox, kimsə başqa birisi yazıb...

"Məsnəvi"dəki belə hekayələrdən birini sizə qısaca nəql edim. Bu hekayə Mövlanənin düşüncə tərzini anlamaqda da çox əhəmiyyətlidir. Mövlanənin dediyinə görə, Əbu Yəzid Bistami günlərin birində həcc ziyarəti üçün səfərə çıxır və bir çöldə yol gedərkən yaşlı bir adama rast gəlir. Bu ixtiyar qoca ilə bir az söhbət etdikdən sonra, Bistami onun böyük bir zat olduğu, hətta bu zamanın qütbu olduğu qənaətinə gəlir. Söhbət əsnasında həmin zat Bistamidən hara getdiyini soruşur, Bistami də cavab verir ki, niyyətim həccə getməkdir. Bu naməlum zat da Bistamiyə deyir ki, həccə getməyinə gərək yoxdur, çünki Kəbə bina olduğu gündən bu yana Allah bir dəfə də olsun orada olmayıb, amma mənim bu vücudum var olduğundan bəri Allah mənim içimdədir. Ona görə də, həcc ziyarəti üçün ayırdığın pulunu-paranı mənə ver və mənim ətrafımda 7 dəfə dövrə vur. Bu da sənin üçün həcci-əkbər olar.

Mövlanə "Divani-Kəbir"indəki bir şerində belə deyir:

Ey sərsərilər həccə gedib nə edəcəksiniz?

Sizin gəlməniz lazım olan yer burasıdır, mənə gəlin, mənə gəlin.

Həllac Mənsurun "Ənə-l-həqq" (yəni Haqq mənəm, Allah mənəm) deməsi, Əbu Yəzid Bistaminin "mə fi cübbəti sıva Allah" (yəni cübbəmin içində Allahdan başqa heç nə yoxdu, dolayısı ilə mən Allaham) deməsi hüluliyyə ilə bağlı yuxarıda söylədiklərimizə misal ola bilər. Üstəlik, Həllac Mənsur "Ənə-l-həqq" ifadəsini öz iradəsi ilə demədiyini, ona bu sözləri Allahın dedirtdiyini söyləyib.

Yuxarıda adlarını çəkdiyim Həllac Mənsurun babası, Əbu Yəzid Bistaminin atası, eləcə də Şəms Təbrizinin atası məcusi kahinləri olublar. Bu insanlar islamı qəbul etsələr belə, öz ailə fərdlərinin fikir və görüşlərinin təsirinə məruz qalmaya bilməzdilər.

Bu yazının sonunda gəldiyim nəticə belədir...

Mövlanə bir şair və ədib kimi şərq ədəbiyyatının ən yüksək zirvələrindən biridir. Lakin islami nöqteyi-nəzərindən baxanda belə qənaətə gəlirəm ki, o, islamı qəbul etmiş olsa da, tərbiyə edildiyi ailə və mühitin təsirindən yaxasını qurtara bilməyib. Başqa sözlə, üzdə müsəlman olsa da, daxilən məcusi olaraq qalıb.

"Məsnəvi"dən başqa Mövlanənin "Divani Kəbir", "Fihi ma fihi", "Divani Rubaiyyat", "Məktubat" və "Məcalisi-s-Səba" kimi əsərləri də vardır.

Bu yazını Məhəmməd İqbalın bir şeri ilə bitirmək istəyirəm:

"Təsəvvüfçülərə salam olsun – bizə dini gətirdilər.

Fəqihlərə salam olsun – bizə dini gətirdilər.

Kəlamçılara salam olsun – bizə dini gətirdilər.

Fəqət öylə bir din gətirdilər ki,

Allah da şaşırdı, peyğəmbər də, mələklər də!"

Tarix
2013.12.18 / 09:55
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla