Təbii ki, Kimya Xatunun ölümündən sonra, həm alacağı
cəzadan, həm də bu hadisədən sonra ona düşmən kəsilmiş Mövlanənın
oğlu Əla-əd-Din Çələbinin təqiblərindən gizlənmək üçün Şəms Təbrizi
Konyadan qaçmalı olur.
Şəms Təbrizi qaçdıqdan bir müddət sonra Mövlanə öyrənir ki, o,
Şama gedib. Bu xəbəri eşidən kimi, Şəmsi geri gətirməsi üçün
Mövlanə oğlu Sultan Vələdi Dəməşqə göndərir.
Sultan Vələd təxminən bir ay sürən Şama səfərini, Şəmsi necə
axtarıb tapmasını və onunla geri dönüşünü özünün "İbtidanamə"
əsərində maraqlı bir hekayə şəklində rəvayət edir. Şəmsin ikinci
dəfə Konyaya gəlişi təxminən 1245-ci ilə təsadüf edir. Şəmsin
yenidən Konyaya gəlişində Konya əxiləri, başda əxi Xoca Nəsirəddin
Mahmud (Türkiyədə bu şəxs bizim Molla Nəsrəddin adlandırıdığımız
qəhrəmanla eyniləşdirilir. Bu şəxs həm də Əxi Əvrən adı ilə
məşhurdur), ədliyyə naziri Nusrətu-d-Din Əhməd və daha beş nəfər
olmaqla, Kimya Xatunu öldürməsi, monqolların Qeysəridə törətdikləri
qırğınlarda iştitak etməsi və söhbətləri zamanı məcusiliyi müdafiə
edən bəzi ifadələr söyləməsi səbəbilə Şəms Təbrizinin qətlinə qərar
verirlər.
Şəmsin qətlə yetirilməsi ilə bağlı mövləvi qaynaqlarında, o
cümlədən Sultan Vələdin "İbtidanamə" və "İnthanamə" əsərlərində
məlumatlar mövcuddur. Bu qaynaqlarda deyildiyinə görə, Şəms Təbrizi
bir qrupa qoşularaq onların söhbətlərində iştirak edibmiş. Bu
söhbətlər zamanı orada olanlar öz müridlərinə başqa alimlərin
dediklərinə istinadən dərs verirmişlər. Onların söhbətlərinə bir
müddət qulaq asandan sonra, Şəms Təbrizi bu elm adamlarına
qəzəblənərək demiş ki, siz nə qədər onun-bunun sözünə istinadən
danışacaqsınız? Aranızda Allah, ya da "peyğəmbər mənə bunu dedi,
onu dedi" deyə biləcək bir igid yoxdurmu? Şəms Təbrizinin bu
söylədiklərini eşidən qrup üzvləri onun dediklərini bəyənməmiş və
onun sözlərinin islama zidd olduğunu iddia edərək Şəmsə etiraz
ediblər. Şəms Təbrizinin həmin elm adamlarına söylədiyi iradlara
diqqətlə baxsaq, görərik ki, bu iradlarında da o, yenə hülul
inancını təbliğ etməyə çalışıb. Qeyd etdiyimiz bu hadisə Konya
üləmasında Şəms Təbriziyə qarşı qəzəb və nifrət oyatmışdı.
Başqa bir rəvayətə görə, Səlcuqlu sultanının ədliyyə naziri olan
Nüsrətu-d-Din Əhmədin evində qurulmuş bir məclisdə səma ayini icra
edilən zaman Nüsrətu-d-Din Şəms Təbriziyə söz atır və bunu eşidən
Cəlaləddin Rumi Şəmsi də özü ilə apararaq məclisi tərk etməli olur.
Əflakinin yazdığına görə, ədliyyə naziri Nüsrətu-d-Din Əhməd və
sulatının vəziri Xoca Nəsirəddin Mahmud öz adamları ilə elə həmin
gecə Mövlanənın mədrəsəsinə gəlir və Şəmsi evdən çağırmaq üçün
dəstədən birisini içəri göndərirlər (içəri göndərilən şəxs böyük
ehtimalla Mövlanənın oğlu Əlaə-d-Din Çələbi olub). Həmin şəxs içəri
girəndə, Mövlanə ilə Şəmsin söhbət etdiyini görür və Şəmsə deyir
ki, səni bayırda gözləyənlər var. Şəms qapıya çıxandan sonra
qışqırıq səsi eşidən Mövlanə cəld yerindən qalxıb Şəmsin arxasınca
evdən çıxır, amma qaranlıqda heç nə görə bilmir.
Mövlanə gecəni yatmayaraq Şəmsi gözləyir, amma Şəms bir də geri
dönmür. Mövlanə səhər qapıya çıxanda, orada qan izləri görür və
dərhal oğlu Sultan Vələdlə gəlini Fatma Xatunu yanına çağıraraq
onlara Şəmsi axtarmağı əmr edir. Təbii ki, Sultan Vələd ilə Fatma
Xatun Şəmsin başına gələnləri öyrənə biliblər, çünki Şəmsi öldürən
şəxslərin kimiliyi bəllidir. Onlardan bəziləri bu şəxslərdir: Əxi
Bədrəddin Gövhərtaş, Nəcibu-d-Din Müstəvhi, ədliyyə naziri
Nüsrətu-d-Din Əhməd, vəzir Əxi Əvrən Xoca Nəsirəddin Mahmud, Seyyid
Şərəfu-d-Din (Mövlanənın oğlu Əlaə-d-Din Çələbinin bu qətldə
iştirak edib-etməsməsi haqqında əlimdə dəqiqi məlumat yoxdur,
yalnız ehtimal).
Adlarını sadaladığım şəxslərin hamısı dövlət məmurları
olduğundan, belə düşünmək olar ki, bu qətl Kimya Xatunu öldürdüyünə
görə, ədliyyə tərəfindən Şəms Təbriziyə çıxarılmış ölüm hökmünün
icrası idi. Əgər bu, məhkəmənin hökümü idisə, onda bu hökmün yanlış
bir formada icra olunduğunu da qeyd etmək lazımdır. Bəlkə də,
Şəmsin qatilləri istintaq və məhkəmənin uzun sürəcəyini düşünərək
bu üsla əl atmalı olmuşdular. Bu söylədiklərim subyektiv
mülahizələrdən başqa bir şey deyil. Bir sözlə, Şəmsi bu yolla qətlə
yetirərək onun cəsədini Əxi Bədrəddin Gövhərtaşın bağçasındakı
quyuya atırlar. Bəzi iddialara görə, Şəmsin sümükləri hələ də həmin
quyudadır.