Şəms Təbrizinin qətlə yetirilməsindən sonra Konyada çox gərgin
bir vəziyyət yaranır və Mövlanənin ətrafı ilə əxilər arasında dərin
bir düşmənçilik baş qaldırır. Təbii ki, Şəmsin bu formada qətlə
yetirilməsinə Mövlanə laqeyd qala bilməzdi və ona görə də əziz
dostunu öldürənlərə qarşı bir savaşa başlayır. Mövlanə bu savaşa
dərhal girmir. Bu da onun "Məsnəvi"nin ikinci dəftərinin əvvəlində
yazdıqlarından bəlli olur:
"Bir müddət "Məsnəvi"nin yazılmasında fasilə
yarandı,
Çünki qanın südə çevrilməsi üçün vaxt lazım
idi".
Yuxarıdakı beytdən belə anlaşılır ki, Mövlanə müvafiq şəraitin
yaranmasını gözləyib və bu şərait yarandıqdan sonra yenidən
"Məsnəvi"ni yazmağa başlayıb. Birinci dəftərdən fərqli olaraq,
"Məsnəvi"nin sonrakı cildləri tamamilə dövrünün sosial məsələlərinə
həsr edilib.
Şəmsin qətl hadisəsindən sonra, Nəsrəddin Mahmud Xoca
vəzirlikdən əzl edilir və bu işə monqolların müdaxiləsindən sonra
Nəsrəddin Mahmud Konyadan Qırşəhərə köçməli olur. Mövlanənın oğlu
Əlaə-d-Din Çələbi də onunla bilikdə gedir və orada hər ikisi də
şəhərin əmiri Seyfəddin Toğrulun himayəsinə sığınırlar. Oğlunu geri
qaytarmaq üçün əlindən gələni edən atanın bütün israrlarını rədd
edən oğluna Mövlanə bir şer yazır, şerin sərbəst tərcüməsi
belədir:
Ey dost sən səhv edib başqa bir dostla
getdin.
Öz sənətini buraxıb başqasının işinə
qoşuldun.
Sənə yüz dəfə səni bağışladığımı söylədim,
Sənə sənin düşdüyün vəziyyəti anlatdım.
Ey özündən müştəbeh, sən yenə də baş alıb
getdin.
Sənə yüz nəsihət verdim, ayağındakı tikanı
çıxardım,
Gülüstan bir bağçaya gəlmədin, tikanların içinə
girdin.
Sən bir balıq olduğun halda, ilanla nə işin
var?
Ey yanlış iş edən, yenə də ilana qoşuldun
getdin.
Mənə deyirdin ki, səni dostluq mağarasında görə
bilmirəm.
Mən o mağarada olduğum halda sən bir başqası ilə
getdin.
Bu şerdə ilan dediyi Əxi Əvrəndir (əvrən sözünün mənası da ilan
deməkdir). Dostluq mağarası dediyi yer isə Məhəmməd peyğəmbər ilə
Əbu Bəkrin gizləndiyi mağaraya işarədir.
Bir müddət sonra, təxminən 1261-ci ildə Qırşəhərdə əxilərin
monqollara qarşı qaldırdığı üsyanda Nəsrəddin Xoca ilə Əlaə-d-Din
Çələbi həlak olurlar. Nəsrəddin Xoca ilə Əlaə-d-Din Çələbinin ölüm
xəbərini alanda, Mövlanə uzun bir şer yazır, şerin bir parçasının
sərbəst tərcüməsi belədir:
Hardadı mənim eşşəyim, hardadı mənim
eşşəyim?
Keçən il öldü mənim eşşəyim.
Allaha şükr edirəm ki, eşşəyim öldü və başağrım
dayandı.
Öküz də onunla birlikdə öldüsə də, yenə
kədərlənmirəm.
Çünki o öküzdə mənim iyim-tüstüm
qalmamışdı.
Öküzlə eşşək öldülərsə, cəhənnəmə ölsünlər.
Mənim dilbərim, mənim dilbərim, mənim dilbərim, mənim
dilbərim mənə yetər.
Eşşəyin qulağında bir halqa vardı, yalnız bu halqa
qızıldan idi.
Hayiflar olsun, hayiflar olsun, mənim o altunuma,
hayiflar olsun.
Eşşəyim dikbaşdı, itaət etmir, naz eləyir, arpa
yemir.
Qapının önünə də təzəkdən başqa bir şey
qoymur.
Zərərdən başqa da heç bir xeyrini görmədim.
Burada eşşək - Nəsrəddin Xoca, öküz - oğlu Əlaə-d-Din Çələbidir,
dilbər deyərək mədh etdiyi isə digər oğlu Sultan Vələddir.
Beləliklə, Mövlanə şer yazmaqla öz düşmənləri ilə mübarizəyə
başlayır. "Məsnəvi"nin altıncı dəftərinin müqəddiməsində, 273
beytdə Mövlanə deyir ki, mənim düşmənlərim vardı və onlar mənimlə
savaşırdılar. Mən də onlarla savaşmaq üçün bu "Məsnəvi"ni yazdım.
Bu haqda danışarkən düşmənlərinin firon, özünün Musa, "Məsnəvi"nin
isə bu savaşda Musanın əsası olduğunu ifadə edir. Həmin müqəddimədə
qeyd edir ki, firon zəlil olduğu kimi, mənimlə savaşanlar da zəlil
oldular, mən isə müzəffər oldum. Bu müqəddimədə yuxarıda qeyd
etdiklərimizi geniş bir şəkildə izah edir və sonda bu altıncı
dəftər ilə əsərin bitirəcəyini də qeyd edir.