İrfan gizlinləri
Rumi - Hülakü xanın məmuru
Mövlanınin kimliyini başa düşmək üçün onun yaxın ətrafına,
quhum-əqrəbasına, hansı mühitdə böyüdüyünə, yazdığı əsərlərə,
xüsusilə də yaradıcılığının zirvəsi olan "Məsnəvi"yə baxmaq
lazımdır.
Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə bugünki Əfqanıstan
ərazisində yerləşən Bəlx şəhərində doğulub və 1273-cü ildə Konyada
vəfat edib. Bəlxdə Mövlanənin ailəsi babası Hüseyn əl-Xətibinin adı
ilə Xətibi olaraq tanınırdı. Mövlanənin atası o dövrün İslam
mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx şəhərində müəllimlik
edən və Sultanu-l-Üləma (alimlərin sultanı) ləqəbi ilə tanınan
Bəhaəddin Vələd, anası isə Xarəzmşahlar nəslindən Bəlx əmiri
Rüknəddinin qızı Möminə Xatundur.
Əsl adı Məhəmməd, ləqəbi isə Cəlaləddindir. Bundan başqa, o,
Molla Hünkar, Xudavəndigar (sahibimiz), Sultanu-l-Aşiqin (aşiqlərin
sultanı), Sultanu-l-Məhbubin (məşuqların sultanı), Mollayi-r-Rum
(Rumun mollası) kimi ləqəblərlə də tanınırdi, lakin Hz. Mövlanə adı
ilə məşhur olub. Cəlaləddin Rumiyə nə üçün Mövlanə deyə müraciət
edildiyini soruşsanız, deyə bilərəm ki, o dövrdə təriqət müridləri
öz şeyxlərinə "mövlanə" (mövla - ağa, əfəndi; "nə" - "bizim"
deməkdir) deyə müraciət edirdilər.
Bəlxdə doğulmuş və ömrünün böyük bir hissəsini Konya şəhərində
keçirmiş bir adamın nə üçün Bəlxi, ya da Konyəvi deyil, məhz Rumi
nisbəsi ilə anılmasının da maraqlı tarixçəsi var. Rumi ünvanını
Cəlaləddinə monqol xanı Hülakü verib. Bu rəvayəti, məncə, burda
qısa şəkildə qeyd etməkdə yarar var. Monqollar Bağdadı istila
edəndən sonra Hülakü xan son Abbasi xəlifəsi Əbu Əhməd əl-Müstasim
bi-l-Lah Abdullah bin Mənsur əl-Müstənsiri 1258-ci ildə edam
etdirmişdi. Deyilənə görə, Hülakü xan özünün baş münəccimi Məhəmməd
ət-Tusinin məsləhəti ilə xəlifənin qanının yerə tökülməməsi üçün
onu bir palaza bürütdürür və xəlifə ölənədək onu əsgərlərinə
təpiklədir. Bu, əl-Müstasim bi-l-Lahın ölümü haqqında ən səhih
rəvayət hesab edilir. 34-cu Abbasi xəlifəsi ən-Nasir
li-Dini-l-Lahdan ("Allahın Dininin Müzaffzri" - 1180-1225 illərdə
xəlifə olub) bu yana Abbasi xəlifələri həm də bütün İslam aləminə
yayılmış "Fütüvət" (gənclər) təşkilatının rəhbərləri idilər. Başqa
sözlə desək, əl-Müstasim bi-l-Lahı edam etdirməklə Hülakü xan
"Fütüvət" təşkilatını da başsız qoyur. Həmin dövrdə Anadolunun
bütün şeyxləri, "əxilər" də daxil olmaqla, "Fütüvət" təşkilatına
tabe idilər. O zaman Anadoluda Zeynə-d-Din Sadaqa adında birisi
Abbasi xəlifəsinə tabe olan Şeyxu-ş-Şyüxu-r-Rum (Rum şeyxlərinin
şeyxi, ya da rəisi) olsa da, "Fütüvət" təşkilatını ləğv etdikdən
sonra Hülakü xan Mövlanəni Anadoluya Şeyxu-ş-Şyüxu-r-Rum təyin edir
və Anadolunun bütün şeyxlərinə Mövlanəyə biət etmələrini əmr edir.
Bu təyinatdan sonra Mövlanə artıq monqol dövlətinin məmuruna
çevrilir, onlardan məvacib alır və Rumi ünvanı ilə tanınmağa
başlayır.