Yuxarı

Vahabzadə dərindən nəfəs alıb dedi ki...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənə gəldim, qapını aç

(“Qənirə Paşayeva ilə addım-addım Konya”)

Hər şey öyləcə səssiz,

Möhtəşəm, gözəl –

Keçmiş əsrlərdən bəri...

Bir əl toxunarsa sandıqlarına

Oyanar Xorasan ərləri...

...Sənə gəldim, Mövlanə!

Dost-doğma ruh, düşüncə yaşantılarımın şəkilləndirməsidir ustad Yavuz Bülənd Bakilərin bu unudulmaz misraları. Eynən onun kimi deyir, düşünürəm: “Dərgahında kölgəmi görməyimin bəxtiyarlığını yaşamaq üçün gəldim...”, “Pərvanələr kimi bir axşam üstü məni işığında yaxıb-yandırmağının səadətini dadmağım üçün gəldim!”

Yüzilliklərin o biri başından Özü də “gəl!” deyə səslənmişdi könül aşiqlərinə. “Necəsənsə öylə gəl”, - demişdi.

Öyləcə də gəldim. Keçdiyim yollar boyu Şeyx Seyfəddin-i Baharzının oğlu Müzhirüddinin zikr etdiyi etiraf tıpır-tıpır yaddaşımı oyadıb keçdi: “Babam mənə vəsiyyət etmişdi ki, dəmirdən çarıq gey və əlinə dəmirdən əsa al, Mövlanəni aramağa get!..”

MƏN ARAMAQ ÜÇÜN GETMƏDİM...

Ruhumda, düşüncəmdə, fəaliyyətimdə ömür edib yaşayanı yenidən aramayacaqdım ki!.. Mən yenidən, yenidən, bir də yenidən dərk etmək, cismani sükutunun, səssizliyinin mənəvi zikrini, şərhini dönüb-dönüb yenidən anlamaq üçün getdim. Anadolunun ən önəmli tarix və mədəniyyət mərkəzlərindən biri olan Konyanın mənəvi dünyamızdakı yerini, ərdəmli məqamını “göz – bəbək” deyə anladan Konyanı Hz.Mövlanə, Hz.Şəms və Sədrəddin Konəvi üçlüyü çevrəsində anlatmaq istəyində bulunan insanların isminə, ünvanına dərin sayğılarla səmtimi tutub getdim. Deyilənləri yüzdə-yüz haqlamaqdan özgə nə sözüm, əlavəm olacaq ki: “Təqdir ediləcəyi məqamda məkanların qiyməti daha çox o məqamlarda yaşayıb fəaliyyət göstərən şəxsiyyətlərə bağlıdır. Gözəl məkanlar gözəl, tarixi insanları ilə ayrı bir anlam və məna qazanır”. Eyni fikir ucalığının kutsal, şərəfli qaynağıdır Konya!

Konyaya atılan hər addım Hz.Mövlanəyə, Şəms Təbriziyə, Sədrəddin Konəviyə doyulmaz sevgi və ehtiramdan keçər. Konyaya aparan yol ümidsizlik yolu deyil. Daha çox ruhla, düşüncəylə, sevgi qanadlarıyla keçilib gedilər. Eyni zamanda da bu yol Ona, böyük Rəbbimizə açılar, Onunla həsbi-hal məqamına dönər... Konyanı “gül gibi kokmak için dikene katlanmak gerek!”

“SURƏTİNİ KİM GÖRDÜ QILDI

CANA CAN FƏDA...”

Milli bir düşüncənin hökm sürdüyü Konya həm bu gündür - müasir, çağdaş, modern bir vilayət mərkəzidir, həm də eyni dərəcədə zənginliyi ilə dünəndir - tarixləşmiş bir mənəviyyat, mədəniyyət abidəsidir. Qədimliyinə boylanıb göz yetirdikcə varlığının hər zərrəsindən “müşk-ənbər saçaraq əmrlə əfşan görünür”. Baxdıqca “şükr edirəm, ey gözümün nuru, bu gün, gözüm aydın, gözümə” gör necə aləm görünür. Ona mən göz yetirib doyunca baxdım-baxdım... Mövlanə, Şəms, Konəvi həzrətlərinin əbədiyyət hücrəsini ruhuma məskən gördüm.

Çağdaş, müasir insanlarını həm bu gündə, həm də dünəndə gördüm. Böyük Əli bəy Hüseynzadənin arzusu, istəyincədir durumları; türkləşmiş, islamlaşmış və çağdaşlaşmış... Qədimlik və çağdaşlıq daşıyıcısı olan Konyanın abad və mistik küçələri boyunca keçib getdiyim bütün məqamlarda XIV əsrin böyük Çağatay şairi Lütfinin unudulmaz bir misrası könlümü alıb aparmaqda idi: “Surətini kim gördü qıldı cana can fəda...”

ÖYLƏ GƏL Kİ!..

Varmağın, varıb da Konyaya yetməyin ilk ipucunu “öylə gəl ki, nə “sən” qalsın, nə də “biz” - deyə verir Mövlanə. Konyaya varana qədər gərək vilayətlər evinə, Paşa qapısına baxıb keçəsən. Burdan Konyaya 220 km-lik məsafədir. Damlakuyunu, Cihanbəylini keçmək, onlardan da bir az öncə Yenicəobanı adlamaq gərəkdir. Kayı, Kuşca Konyanın 120 kilometrliyindədir. Buranı keçdinmi, Yunus Əmrənin adını daşıyan istirahət mərkəzi qucaq açacaq sənə, Mövlanə otelinin bəklədiyini görəcəksən. Yunak şəhər mərkəzinə yol burdan keçir. Mövlanə daş emalı müəssisələri yol boyu cərgələnmiş, Cihanbeli səmtdən görünən dağ ustad Səməd Vurğunun misralarını titrədər könül tellərində: “Göründü gözümə Göyəzən dağı!”

Eyni şəkillənmədir – bir almanın iki üzü kimi, bir ananın əkiz övladlarına bənzər: dilimiz, dinimiz kimi doğma, əziz, kudsal. Ağabəyli, Altunəkin yamacları daha çox bizim Aran ellərini xatırlatmaqdadır: kəhraba rəngli əkin yerləri göz işlədikcə uzanıb gedir. Mal-qara sürüləri bərəkət qoxuludur. Hələ çuğundur terminaları... Bolluq, firavanlıq üzə gülür. Yolların rahatlığını da gəl üstünə. Altunəkin sol üzdədir. Sağda Sarayönü çəkir nəzəri. Aşağı Pinarbaşını keçirik... Konyanın 58 km-də nəzər çəkən təpələri elə bil daşla üzləyibsən. An-an, addım-addım xatırlayıram; Bir az öncə Konya-Adana yolunun 220 km-də otlaq və əkin sahələrinin növbələşməsi çəkmişdi könlümü. Yol boyu lövhədə yazılan “Arançı” sözü fikrimi alıb aparmışdı. Kulu-Konya-Qırxqala istiqamətini göstərən yol nişanına baxa-baxa bizim Şirvan bölgəsini göz önünə gətirmişdim. Konyanın 159-cu kilometrliyində Dunakdan, sonra Zincirlikuyudan, sonra Düzyaxadan, Tavşançalıdan keçmişdim. 134-cü kilometrdə tam bir aran istisi ana qucağı kimi açılmışdı cismimə. Acgözlüklə, bitib-tükənməz bir sevgiylə keçib getdiyim hər cığırı, izi, dərəni, təpəni, şəhər, kənd adını yaddaşıma köçürə-köçürə irəliləmişdim. Konyaya, Mövlanəyə, Şəms Təbriziyə götürən yolun hər qədəminə ehtiram, sayğı olaraq anı qaçırmaq istəməmişdim. Əslində, Konyaya yaxınlaşdıqca iç dünyamda çırpınan kudsal duyğuları bir az sakitləşdirmək, nəfəs dərmək, titrəyişlərimi pərdələmək məqamıydı yol boyu mənzərələrə aludəçiliklə nəzər yetirməyim. Özümü toparlamaq, sayğı, sevgi, ehtiram titrəyişlərimi ram etmək, pünhan tutmaq istəyirdim. Əslində isə iç dünyamda özgə bir halət yaşayırdım.

Türk dünyasının böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadə haqqında bir qələm dostum söyləyərdi: “Füzuli barəsində fikrini söyləməsini istədik. Susub dərindən nəfəs aldı, ağır yük altındaymış kimi durdu, dayandı. Nəfəsini yenidən dərdi. Nəhayətdə, “Füzuli dağdı, zirvədi” - dedi, – “Dağa, zirvəyə yol almazdan əvvəl gərək nəfəsini toparlayasan, gücünü ayağa çəkəsən!”

Konya, Mövlanə, Şəms Təbrizi məqamına eyni düşüncələrlə irəliləyirdik və keçdiyim yollara yetirdiyim diqqət, əslində, nəfəs dərmək fürsətiydi. Fikrim, düşüncəm isə “O”na gedən yolun peşindəydi, illər öncəsi yazdığım şeirin misraları kıpır-kıpır yenidən oyanmaqdaydı iç dünyamda:

Mən “Var”lıqkən bir “Heç”liyə çevrildim,

Mən “Eşq” adlı tək hecaya çevrildim,

“Mən”i atıb, “Sən”ə doğru çevrildim,

Qapını aç bu quluna, ey Rəbbim!

Nəfs adında bir şeytanı tərk etdim,

Həyat nədir? – Gec də olsa fərq etdim.

Ən böyük Eşq... O, Sənsənmiş! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim.

Mən Eşq adlı bir atəşdə qovruldum,

Göz yaşında çox arındım, duruldum...

Eşqin ilə mən yenidən doğuldum,

Qapını aç bu quluna, ey Rəbbim!

Mən Yunusu, Mevlananı anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!

Bu, mənim Konyaya 3-cü səfərim idi. Əslində, yazımın hər məqamından keçən doğma, unudulmaz kənd, şəhər, dağ, dərə, düzən adları, mənzərələr çoxdanın tanışıydı mənə; xəyallarımla keçdiklərim vardı, fikrimdə, düşüncələrimdə yaşatdıqlarım vardı. Ancaq qəribəydi ki, hər şey mənə ilk görüş, ilk təmas, ilk ünsiyyət şəklində gəlirdi. Bu yolçuluqda mənimlə bir arada olan yol yoldaşlarımın hansı duyğular keçməsinin fərqində belə deyildim. “O”na gedən yolçuluğumun Konya, Hz.Mövlanə, Hz.Şəms Sədrəddin Konəvi müstəvisinin, dayanacağının bəxtiyarlığını yaşayırdım. Eyni zamanda, Konyaya ilk səfər təəssüratlarımın anları, saniyələri, qələmə alınmış məqamları yenidən keçirdi qəlb evimdən. O təəssüratlar dipdiri, canlı idi. Beləcə başlayırdı Konyaya ilk gəlişimdə yazdığım bu yazı:

“O”NA GEDƏN YOL...

- Kimsən? - deyə soruşdular.

- Bu dünyada işi bitənəm! - dedim.

- Eləsə, nədən səfərə çıxmazsan? - dedilər...

- İşi bitməmiş olanlara yoldaşlıq etməm muraddır, - dedim...

Ardı burada

Tarix
2017.01.13 / 16:55
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla