Azərbaycanın bu gözəl diyarında keçirilən belə maraqlı
festivalda iştirak etdiyimə görə çox şadam. Mən 5 dəfə Azərbaycanda
olmuşam. Ancaq Şəkiyə ilk dəfədir gəlirəm. Şəhərlə tanışlıqdan çox
böyük həzz aldım. Şəkinin çox mehriban insanları və qonaqpərvər
sakinləri var. Harada olduqsa, bizə çox yaxşı münasibət bəslədilər.
Arzum budur ki, festival uzunömürlü olsun.
Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində
Gürcüstanın Nodar Dumbadze adına Professional Dövlət Gənclər
Teatrının nəzdindəki kukla opera teatrının II Şəki Beynəlxalq Teatr
Festivalına təqdim etdiyi tamaşanın prodüseri Quri Zakareişvili
deyib.
Qonaq bildirib ki, bu layihə görkəmli gürcü müğənnisi Nodar
Andquladze tərəfindən yaradılıb. Əsas məqsəd uşaqlarda yaxşı zövq
formalaşdırmaqdan ibarətdir. "Çünki müasir dünyada zövq məsələsi
əsil problemdir. Bizi əhatə edən aləmdə o qədər eybəcərliklər,
hay-küy var ki... Biz istəyirik uşaqlara yaxşı musiqini, gözəl
xasiyyət və tərz öyrədək", - deyə Q.Zakareişvili bildirib.