Avropa Oyunları kimi qitə miqyaslı yarışlar ərəfəsində
Azərbaycana qarşı qarayaxma kampaniyasını yürüdən "Amnesty
İnternational" ikili standartlar institutu olduğunu öz fəaliyyəti
ilə daim isbatlayıb.
İnsan haqlarının müdafiəsi
pərdəsi altında gizlənən təşkilat hər zaman insan haqlarından
siyasi təzyiq aləti kimi istifadə edib. Bu, "Amnesty
İnternational"ın insan haqlarının deyil, kapitalın, sərmayənin,
transmilli korporasiyaların və fövqəldövlətlərin maraqlarını
müdafiə etdiyini göstərir. Təşkilatın fəaliyyətini bir də faktların
gözü ilə izləmək bu fikirləri bir daha isbatlamış olur.
Birinci fakt. Vicdan azadlığından məhrum olan
insanların azad edilməsini qarşısına əsas hədəf qoyan "Amnesty
İnternational"ın soyuq müharibənin başa çatması, Sovet İttifaqı və
aparteid rejimlərinin iflasından sonra heç vaxt nüfuzlu olmayan
rolu daha da azalıb. Hal-hazırda özünü universal insan hüquqları
bəyannaməsində nəzərdə tutulan bütün müddəaların müdafiəçisi kimi
təqdim edən "Amnesty İnternational" real iş görmək əvəzinə bəlli
olmayan meyarlar və prinsiplər üzrə bəzi ölkələr və regionları
prioritetləşdirir və diqqəti onlara yönəltməklə özünün hələ də
lazımlı və faydalı təşkilat olduğunu sübut etməyə çalışır. "Amnesty
İnternational"ın sifarişli siyasət aparması nəticəsində Soyuq
müharibə dövrü ilə müqayisədə onun üzvləri və donor mənbələrinin
sayı əsaslı dərəcədə azalıb. Əsas tənqid məqamlarından biri
"Amnesty İnternational"ın öz fəaliyyətində Qərb dövlətlərindəki
vəziyyətə toxunmamasıdır.
İkinci fakt. "Amnesty İnternational"
korporasiya və ya hökumət orqanı kimi kifayət dərəcədə bürokratik
təşkilatdır. Tam mərkəzləşdirilmiş struktura malik olan "Amnesty
İnternational"ın idarəçiliyi sovet inzibati amirlik sistemi ilə
müqayisə edilir.
Üçüncü fakt. "Amnesty İnternational" özünü
üzvlük prinsipinə əsaslanan təşkilat kimi təqdim etməyə çalışır.
"Amnesty İnternational" iddia edir ki, onun sıralarında 3 milyon
dəstəkləyici, üzv və fəal birləşir. Amma həqiqətdə bu, tamamilə
başqa cürdür, həqiqətə zərrə qədər uyğun deyil. "Amnesty
İnternational" ABŞ bürosu elektron poçt paylaşımına abunə olan,
"Facebook" səhifəsini bəyənən hər bir şəxsi üzv kimi təqdim edir.
Bu vasitəsilə "Amnesty İnternational" beynəlxalq ictimai rəyi
adlandıraraq, özünü qlobal kütləvi təşkilat kimi təqdim etmək
siyasətini yürüdür.
Dördüncü fakt. Əsas hədəf kimi vicdan
azadlığından məhrum olan insanların azad edilməsini qarşıya qoyan
"Amnesty İnternational" vaxtilə Nelson Mandelaya onun adından
kampaniya aparmağa qadağa qoymuşdu.
Beşinci fakt. Beynəlxalq təzyiqlərdən sonra
"Amnesty İnternational" 2013-cu ildə etiraf etməli oldu ki,
"Al-Qaida"nı maliyyələşdirməkdə ittiham olunan İsveçrə mənşəli
qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edib. ABŞ maliyyə
departamentinin araşdırmaları zamanı məlum olub ki, "Amnesty
İnternational" ilə dolayısı əməkdaşlıq edən Qatar mənşəli Əbdül Bin
Umayir Suriya, İraq, Somali və Yəməndə "Al-Qaida" strukturlarının
maliyyələşdirilməsində iştirak edib.
Altıncı fakt. 2011-ci ilin fevralında Böyük
Britaniya qəzetləri tərəfindən "Amnesty İnternational"ın əməkdaşı
İren Xanın maaşı 132.00 funt sterlinq olduğu halda, ona 533.103 min
funt-sterlinq məbləğində ödəniş verildiyi müəyyən edilib. 2009-cu
ildə istefa verən sabiq baş katibin müavini Keyt Gilmora isə əlavə
ödəniş formasında 320.000 funt sterlinq verilib. Bu ifşadan sonra
bəyanat verən "Amnesty İnternational" bu halın unikal olduğunu
bildirib, lakin özünə bəraət qazandıra biləcək heç bir dəlil təqdim
etməyib.
Yeddinci fakt. Beynəlxalq hüquq üzrə İllionoys
Universitetinin professoru və uzun müddət "Amnesty İnternational"ın
ABŞ bürosunun İdarə Heyətinin üzvü olan Francis Böyle iddia edir
ki, "Amnesty İnternational" ABŞ və Böyük Britaniyanın xarici
siyasət maraqlarına uyğun fəaliyyət göstərir. Yəni ABŞ və Böyük
Britaniya tərəfindən hansı ölkəyə qarşı kampaniya aparmaq lazım
gələn zaman, "Amnesty İnternational" aləti işə salınır. Onun
sözlərinə görə, "Amnesty İnternational"ın büdcəsinin 20 faizindən
artığı müxtəlif kanallar vasitəsilə ABŞ tərəfindən ödənilir. Böyük
Britaniyanın da ödəmələrdə payının çox olması barəsində məlumatlar
var.
Səkkizinci fakt. Bu faktı da Frensis Böylenin
dilində dinləyək. O əlavə edir ki, insan hüquqlarının müdafiəsindən
çox "Amnesty İnternational" öz mövcudluğunu saxlamaq və lazımlı
olduğunu sübut etməklə məşğuldur: "Amnesty İnternational"ın qayəsi
insan hüquqlarını müdafiə deyil, özünüreklamdır. İkinci əsas qayəsi
pul, üçüncü qayəsi isə daha çox üzv əldə etməkdir..."
Doqquzuncu fakt. 1991-ci ildə Körfəz müharibəsi
baş verən zaman ABŞ-ın xarici və hərbi siyasətini dəstəkləyən alət
kimi "Amnesty İnternational" yalan bəyanatla çıxış edərək iddia
etmişdi ki, guya iraqlı əsgərlər tibbi müayinə və dəstək altında
olan mülki şəxsləri, o cümlədən yeni doğulan uşaqları bundan məhrum
etməklə onların ölümünə səbəb olublar. ABŞ prezidenti Corc Buş
televiziyada əsas xəbər vaxtı "Amnesty İnternational"ın
bəyanatından müharibəyə başlamaq üçün əsas kimi istifadə etmişdi.
Sonradan bu faktın saxta olduğu meydana çıxmışdı.
Onuncu fakt. 2011-ci ilin sentyabrında "Amnesty
İnternational"ın məlumatına görə, guya Əsəd rejiminə qarşı çıxan
Zeynəb Əl-Hüsninin cəsədi Suriya Silahlı Qüvvələri tərəfindən
təhqirə və işgəncələrə məruz qalıb. Amma sonradan televiziya
ekranlarına çıxan Zeynəb əl-Hüsni ümumiyyətlə onun ölümü haqqında
xəbərlərin yalan olduğunu demişdi.
On birinci fakt. "Amnesty İnternational" insan
hüquqlarının müdafiəsi roluna iddia etsə də, xüsusən Avropa
ölkələrində özünü qabarıq şəkildə büruzə verən antisemitizm
hallarını lazımınca araşdırmayıb. İsrail dövləti real faktlar
əsasında "Amnesty İnternational"ın antiseminist siyasət apardığı
bəyan edib. 2010-cu ildə "Amnesty İnternational"ın Finlandiya
bürosunun rəhbəri Frank Johansson İsraili təhqiramiz formada
əldəqayırma dövlət adlandırıb. Təşkilat bu şəxsin işlətdiyi ifadəyə
görə nəinki üzrə istəməyib, əksinə onu müdafiə edib.
On ikinci fakt. Əsasən ABŞ və Böyük Britaniya
hökumətləri tərəfindən maliyyələşən "Amnesty İnternational"ın
maliyyə mənbəyi tamamilə qeyri-şəffafdır. Təşkilat fərdi ianələrlə
yanaşı, transmilli korporasiyalardan da ianələr qəbul edir. Nəticə
etibarilə, dövlətlərə təsir etmək və onların təbii sərvətlərinə
çıxış əldə etmək üçün "Amnesty İnternational" transmilli şirkətlər
tərəfindən konkret ölkələrə qarşı məqsədyönlü şəkildə istifadə
olunur.
Bu faktların yalnız biri belə "Amnesty İnternational"ın gerçək
simasını üzə çıxarmağa kifayət edir. Sadalanan faktlar göstərir ki,
"Amnesty İnternational" hüquqları müdafiə edən qurum deyil, insan
haqları ilə alver edən, bu hüquqları transmilli korporasiyaların
maraqları üçün interpretasiya edən bir institutdur. İnsan haqlarını
siyasi alətə çevirən "Amnesty İnternational" özü dünyaya hökm etmək
niyyətində olan dövlətlərin, korporasiyaların əlində bir alətə
çevrilib. Bu təşkilatın hər hansı ölkəyə qarşı fəaliyyəti yaxın və
orta perspektivdə iqtisadi maraqları təmin etməyə hesablanır. Qeyd
olunan faktlar "Amnesty İnternational"ın gerçək portretini cızmağa
imkan verən ştrixlərdir. Bu ştrixlər birlikdə təşkilat barədə əsl
həqiqəti ortaya qoymağa imkan verir. Gerçək "Amnesty İnternational"
budur!
APA Analitik Mərkəzi