Yuxarı

“Vahid haqda bunları demək yanlışdır...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vahid haqda bunları demək yanlışdır...”

Bu gün XX əsr Azərbaycan ədəbiyyatında qəzəl janrının ən parlaq nümayəndəsi hesab olunan Əliağa Vahidin ölümündən 50 il ötür. 1965-ci il oktyabrın 1-də dünyasını dəyişən qəzəlxan bu gün də qəzəl oxucularının adını unutmadığı qələm ustasıdır.

Axar.az Əliağa Vahid yaradıcılığı və ona ünvanlanan tənqidlərlə bağlı müasir dövrün qəzəlxanlarına belə bir sualla müraciət edib:

"Əliağa Vahidi tez-tez Füzulidən sonra qəzəl janrının ən parlaq nümayəndəsi kimi təqdim edirlər. Bununla yanaşı, müasir qəzəlxanlar çox vaxt onu müəyyən arqumentlər gətirərək tənqid atəşinə tuturlar. Əliağa Vahidlə bağlı bu iki tendensiyaya münasibətiniz necədir?"

İlqar Fəhmi:

"Vahid bu günə qədər maraqla oxunan qəzəlxandır. Onun haqqında söhbətlər edilir, yazılar yazılırsa, bu o deməkdir ki, Vahid hələ unudulmayıb. Onun yaradıcılığı oxucular tərəfindən daim maraqla qarşılanıb. Vahidin yaşadığı dövrdə ondan daha şöhrətli şairlər var idi. Ancaq bu gün həmin insanların adları yada düşmür. Bir maraqlı fakt da budur ki, o dövrdə həmin şairlərin yazıları avanqard, aktual, Vahid şeiriyyatı isə müəyyən qədər köhnəlmiş hesab olunurdu. Bugünkü gün isə Vahidin şeirləri, qəzəlləri aktual, o biri şairlərin yazılarısa köhnəlmiş sayılır. Tarixin, ədəbiyyatın paradokslarından biri də budur...

Füzuli, Seyid Əzim, Vahid – Bu şəxslərin hər biri öz dövrlərinin yüksək mərtəbəsində olan yaradıcı simalardır. Bu fikri bu cür də ifadə etmək olar: Onlar Azərbaycan əruzunun ən güclü inkişafda olduğu üç yüzilliyin başında duran qəzəl ustalarıdır.

Müasir dövrdə Vahidi bəyənməyən qəzəl yazarları var. Elə bizim özümüzdə də Vahidlə bağlı müəyyən tənqidi fikirlər mövcuddur. Bir qədər qəribə görünsə də, əslində, həmin insanların formalaşmasında Vahidin rolu var. İndi onlar hər biri öz içlərindəki Vahiddən qaçmağa çalışır. Bu isə faktdır ki, müasir Azərbaycan dilində qəzəl yazan insanın içində dörd arxetip var. Füzuli, Nəsimi, Seyid Əzim və Vahid. Özünü tapmaq istəyən, yenilik etmək istəyən sənətkar isə həmin o dördlükdən qaçmalıdır. Bu da paradoksal bir şeydir, həm onlardan öyrənirsən, həm onlardan qaçmağa çalışırsan. Burada artıq sevgi ilə nifrət birləşir. Bu isə sənətkar fizikasında gedən zərif və ziddiyyətli proseslərdən biridir.

Vahidin içindən irfani xətt keçsə də, öz yazdıqları bundan kənar idi. Onun yazılarında həmin irfani sufizm elementlərinin yerini vətən, xalq sevgisi əvəz edirdi. Vahidin yaradıcılığına nəzər yetirdikdə bu, aydın şəkildə görünür".

Əvəz Qurbanlı:

"Əliağa Vahidə Füzulidən sonra qəzəl janrının ikinci parlaq nümayəndəsi demək sənətkar yanaşması deyil. "Parlaq nümayəndə" deyərkən nəyi nəzərdə tuturlar, deyə bilmərəm, amma Füzulidən Vahidə qədər onlarla böyük qəzəl şairi var. Bunlardan sonra isə Vahid gəlir.

Vahidə olan ictimai marağın səbəbi onun qəzəllərinin xanəndələr tərəfindən daimi olaraq oxunması, bəzən də gündəmdə olan aktual məsələləri əhatə etməsi idi. Vahid klassiklərdən fərqli olaraq, "Yar"ı irfani aləmdə yox, cəmiyyətin özündə axtarırdı, yəni "yar" deyərkən elə dünyəvi sevgilini nəzərdə tuturdu. Bu da sadə insanların hisslərinə daha yaxın idi.

Bundan başqa, Vahid xanəndələr üçün yazdığı qəzəllərdə qəliz sözlərdən az istifadə edirdi. Bir də Vahidin qəzəlini sevdirən, onun orijinal sadə deyim üslubu idi. Onun qəzəlləri ilk oxunuşdan rəvanlığı ilə seçilir və asan yadda qalır. Mən deyərdim, əruz vəznini özünə tam hopdura bilmiş qəzəl şairlərindən biri də Vahid idi. Şəxsən mən qəzəl yazmaq istəyən hər bir gəncə ilk olaraq Vahidi oxumağı tövsiyə edirəm. Vahidin qəzəli əruz ritminə uyğunlaşmaqda gənc qəzəlxanlara çox yardım edir.

Lakin yenə deyirəm, Füzulidən Vahidə qədər çox böyük şairlər var ki, yalnız onlardan sonra Vahidin adını çəkmək olar. Qövsi Təbrizi, Bəhar Şirvani, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.

Müasir qəzəlxanların böyük əksəriyyəti hamısı Vahid yaradıcılığından bəhrələnib. Əgər ona dırnaqarası baxırlarsa, məncə, bunun səbəbini Vahiddə axtarmaq lazım deyil. Vahid o qədər kiçik şair deyil ki, dırnaq arasından baxanda onu tam görmək mümkün ola".

İlqar Bizəban:

"Vahid qəzəli xalq dilinə yaxınlaşdırdı, bu danılmazdır. Bəzən belə bir deyim var ki, Vahid Füzulidən sonra qəzəl janrının ən parlaq nümayəndəsidir. Bu isə yanlış fikirdir. Vahidi Füzulidən sonra ən parlaq nümayəndə kimi görmək nəhəng Seyid Əzimi görməmək deməkdir. Füzulidən sonra birmənalı olaraq Seyid Əzim gəlir.

Bu da bir reallıqdır ki, Vahid lirik şairdir, aşiqanə qəzəlləri də dillər əzbəridir. Üç ən çox oxunan muğam şairindən biridir və sadəliyi ilə digər hər iki şairdən seçilir. Qəzəl mətnlərinə gəldikdə təqdirəlayiq olduğunu demək olar.

Vahidi bəyənməməyin, onu ciddi şair kimi qəbul etməməyin iki səbəbi var: Təkəbbür və iddia. Gəlin etiraf edək ki, biz, müasir qəzəlxanlar Vahid səviyyəsinə yetmək üçün ancaq dua etməliyik. Bu şirinlikdə yazmaq nə təhsil, nə də savadla mümkündür. Özünə hörmət qoyan şair nəinki Vahidə, heç mənə də yuxarıdan aşağı baxmaz".

Tarix
2015.10.02 / 01:09
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla