Yuxarı

Mirzə Cəlilin anım günüdür

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzə Cəlilin anım günüdür

Bu gün yazıçı, dramaturq, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası Cəlil Məmmədquluzadənin anım günüdür.

Axar.az xatırladır ki, C.Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvanda doğulub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb.

1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material verib. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini də bu dövrdə yazıb.

1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzetinin redaksiyasında işləyib. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilib. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə, o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunub. 1994-cü ildə Cəlil Məmmədquluzadənin 125 illik yubileyi keçirilərkən yazıçı Anar ədibin həyatının son illəri haqqında məlumat verərkən bunları deyib:

"Bu böyük insan nə qədər əzab-əziyyət içində yaşayıb və təəssüf ki, o vaxt cəmiyyət ona layiqincə qayğı göstərməyib. Bunu eşidərkən, oxuyarkən dəhşətə gəlirsən, inciyirsən və bəzən də anlamırsan ki, nə cür ola bilərdi ki, Cəlil Məmmədquluzadə kimi bir şəxsiyyət elə ağır şəraitdə yaşasın və elə bir əzab-əziyyət içərisində dünyasını tərk etsin. Ancaq bunlar həqiqətdir. Bunlar C.Məmmədquluzadənin parlaq yaradıcılığı və dahiliyi ilə yan-yana, bizim tarixi keçmişimizin əzab-əziyyətidir, ağrı-acısıdır. Biz bunları dadmışıq, görmüşük, keçmişik və güman edirəm ki, bunlar bizim həyatımızda daha heç vaxt təkrar olunmamalıdır".

Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə- Fransa, Polşa və İranda yaşayan nəvə-nəticələri ilə əlaqə yaradıb.

Qeyd edək ki, görkəmli ədibimiz, 1932-ci ilin 4 yanvarında Bakı şəhərində vəfat edib.

Tarix
2016.01.04 / 16:04
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla