Yuxarı

Lermontovun Azərbaycanda yaşadığı evdən reportaj - Foto

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda 177 il əvvəl rus şair Lermontovun yaşadığı ev var, qarşısında da şairin barelyefi... Hamı oranı Lermontovun ev muzeyi sayır. Təəssüf ki, həmin ev hələ də şəxsidir.

Qonşulara görə 30 il əvvəl yağışlı bir gündə inşa olunmuş xatirə barelyefindən başqa bu küçədə Lermontovu nişan verə biləcək heç nə yoxdur. Qafqazda sürgün həyatı yaşadığı müddətdə Azərbaycanla bağlı üç poema, üç şeir yazan şairin hazırda Qusarda nə ev muzeyi var, nə adını daşıyacaq küçə, nə də başqa bir zad...

Hərbçi olmasına baxmayaraq, zamanının həqiqətlərini bağıran Lermontov Qafqaza "Şairinin ölümü" şeirinə görə sürgün edilib. Puşkinin ölümünə yazılan həmin əsər 20 il sonra dərc olunmasına baxmayaraq, əlyazma şəklində bütün ölkəyə yayılır. Qəribə tale yaşayan Mixail Yuryeviçin sürgün həyatı da fərqli olur; Lermontov o zaman itaətsizlik ocağı olan Qafqaza cərimə batalyonunda, Quba üsyanını yatırmaq üçün - yəni ölmək üçün göndərilib. Lermontov şairliyinə görə sürgün edilir, amma hərbçi kimi. Sürgün həyatını da şair kimi yaşayır. O, Qafqaza çatanda Hacı Məhəmmədin başçılıq etdiyi Quba üsyanı demək olar ki, yatırılmışdı.

Dünyanın ən nakam şairlərindən olan Lermontov Qusarda yaşadığı qısa müdət ərzində üç poema, üç şeirə "hamilə qalır". Çiləgirli riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olur, Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləyir. "Aşıq Qərib", "Qaçaq Hacı", "Qaçaq İsmayıl bəy" poemalarını, "Xəncər", "Ayrılıq", "Gənc ləzgi" şeirlərini qələmə alır. Üzərində daşıdığı zadəgan titulunu, hərbçi buxovunu yırtmağı bacaran şair Qusarda yerli insanlarla yaxınlıq edir. Bu məqam şairin "Molodoy Lezginets" (Gənc ləzgi) şeirində səmimi hiss olunur. "Xəncər" şeirində isə şair ləzgi qızı qaragözlü Zöhrənin prototipini yaradır.

Lermontov Qusarda 1837-ci ilin payızında, o zaman "Zabitlər küçəsi" adlanan küçədə hərbi həkim Marşevin evində yaşayıb. Həmin küçə indi Fəxrəddin Musayevin adını daşıyır. Bütün ədəbi və sənədli mətnlərdə Lermontovun yaşadığı bu ev şairin ev muzeyi kimi təqdim olunur. Elə qonşularla söhbətim zamanı da onlardan "şairin evi" ifadəsini eşidib sevindim. Sonra dedilər ki, söhbət şair Lermontovdan yox, keçmiş Mənzil Kommunal Təsərrüfatı Naziri Şair Həsənovdan gedir.

Hazırda qapısı qıfıllı olan mənzildə adam gözə dəyməsə də, yay mövsümündə evdə yaşayış olur. Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilov bu mənzilin Lermontovun ev muzeyinə çevirmək planının mövcud olmadığını deyir. Səbəb kimi şairə məxsus əşyaların kifayət qədər olmadığını və mövcud əşyaların hamısının Qusar Tarix Diyarşünaslıq Muzeyində qorunduğunu bildirir. Qeyd olunan muzeyin direktoru Xatirə Nağıbəyova muzeydə saxlanılan əyşaların Lermontova məxsus qələm (pero), qələmdan, mürəkkəb qabı, şairin gipsdən hazırlanmış XX əsrə aid barelyefi və digər azsaylı aksesuarlardan ibarət olduğunu deyir. Ancaq Xatirə xanımın sözlərinə görə, Qusar sakini Robert Səmədov adlı bir şəxsdə Lermontova aid daha bir neçə əşya olubmuş. Sözügedən şəxs hətta bu əşyalar arasında şairin çarpayısının, kitablarının və digər çoxsaylı ləvazimatlarının da olduğunu bildirib. Ancaq əşyaların muzeyə təhvil verilməsi məsələsi qeyri-müəyyən səbəblərdən alınmayıb. Dahi şairin Qusarda qalmış izlərini aşkarlamaq üçün Robert Səmədovu axtardıq. Axtarış uğursuz sonluqla bitdi: o bir neçə ay əvvəl dünyasını dəyişibmiş...

Yəqin ki, əlaqədar qurumlar həmin əşyaları bir yerə toplayıb, şairin Azərbaycanla bağlı xatirələrini, əsərlərini komplektləşdirib yaşadığı evdə muzey yarada bilər. Axı bu gün dünyada Lermontov kimi məşhur insanların sadəcə əyilib su içdiyi bulaqda belə abidə tikilir, muzey yaradılır. Lermontov isə sanki bizi düşünüb, Azərbaycanda olduğu qısa müddət ərzində 6 əsər yaratmaqla yanaşı, kifayət qədər əşyasını da xatirə kimi burada saxlayıb.

Nakamlıq Lermontovun təkcə alnına deyil, xatirəsinə da yazılıb: şairinin doğumunun 100 illik yubileyinə I dünya müharibəsi, ölümünün 100 illiyinə isə II dünya müharibəsi təsadüf edib. Bu günədək şairinin heç bir yubileyi təntənə ilə qeyd olunmayıb. 2014-cü ildə Lermontovun anadan olmasından 200 il keçir. Ümid edək ki, tarixin Lermontov üçün tutduğu "nakamlıq orucu" heç olmasa bu il pozulacaq.

Tarix
2014.04.11 / 08:00
Müəllif
Sərdar Amin
Digər xəbərlər

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla