Rus şairi, publisist
Aleksandr Fomenkov Moskva və bütün Rusiyanın patriarxı Kirilə
məktub ünvanlayıb.
Axar.az bildirir ki, məktubda ilahi ədalətin pozulmasından,
Xocalı qətliamındakı dəhşətlərdən söhbət gedir və patriarx Kiril
Serj Sərkisyanla isti münasibətlərinə görə qınanır:
Məktubu olduğu kimi təqdim edirik:
"Zati-müqəddəsləri!
Məktubun əsas mahiyyətinə keçmədən öncə bildirmək istəyirəm ki,
sizin hazırda tutduğunuz yüksək mövqe və yer üzündəki həyat
məqsədiniz mənim təsəvvürümdə yalnız əbədiyyətlə assosasiya oluna
bilər.
Mən İlahi qüvvəyə gah inanıb, gah inanmayıb və yenidən inansam
da, başa düşə bilmirəm ki, o İlahi qüvvəni ruhumdan başqa harda
tapa bilərəm. Ona görə mən 20 il bundan öncə Allaha müraciətlə
səsləndirdiyim ilk duamı təkrarlayıram:
İlahi! Mənə rəhmin gəlsin.
Sənin sirrin və müəmman dərk edilməzdir
Röyamda görürəm ki, dünya ağlını itirib.
Ağlım başımda qarşında tək dayanmışam.
Dünya ağlını itirib.
İnsanlar yalan içindədir.
Müqəddəs ruhu eşitmirlər.
İlahi! İlahi!
Cəza vermə, yerə en.
Yollarımız uşaq cəsədləri ilə doludur,
Miskin dünyada yaşayırıq.
Qaranlıq qızıl bərqi ilə bizi aparır Tanrıya birləşməyə.
Bakı, 1995-ci il.
Bəli, bəli, Zati-müqəddəsləri! Bu duanı mən müsəlman dövlətində
– Azərbaycanda yazmışam. Mən Allaha o vaxt bu müraciəti Dağlıq
Qarabağda 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı
ətrafında erməni separatçılarının azərbaycanlılara qarşı dəhşətli
cinayətlərini eşidəndən sonra etmişəm.
İnsan deməyə dilim gəlməyən bu canlılar müharibədən qaçan 613
nəfəri yaxalayıb, təkcə türk olduqlarına görə qətlə yetiriblər.
Ölənlərin içində 63 uşaq, 106 qadın, 70 ahıl var idi. Bu
cinayətin nəticəsində 8 ailənin kökü kəsilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
47-si uşaq olmaqla 487 nəfər yaralanıb, əsasən qadın, uşaq və
qocalardan ibarət 1275 nəfər isə girov götürülüb. 150 nəfərdən isə
- içində 68 qadın, 26 uşaq olmaqla bu günədək heç bir məlumat
yoxdur.
Zati-müqəddəsləri!
Bu gün internetdə təsadüfən sizin Ermənistan Prezidenti Serj
Sərkisyana ünvanladığınız doğum günü təbriki ilə rastlaşdım.
Bundan sonra məqsədyönlü şəbəkədə axtarışa başladım. Demə ki,
siz bu "adamla" çoxdan dostluq əlaqələri yaratmısız.
Əcəb işdir…
Müqəddəs ata! Siz bilirsizmi, Serj Sərkisyan (o vaxtlar o, hələ
Serjik Sərkisyan adlandırılırdı) ötən əsrin 90-cı illərində
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində
bilavasitə sovet əsgər, zabit və generallarına qarşı terrorçu
fəaliyyətdə olub? Əlbəttə, bilmirsiz.
Onda qulaq asın, danışım. Doğrusu, mən özüm yox, bu barədə sizə
məlumatı elə bir adam verəcək ki, onu erməni düşməni adlandırmaq
qeyri-mümkündür.
Bu, Viktor Vladimiroviçdir. 1990-1991-ci illərdə Dağlıq Qarabağ
Muxtar vilayətində SSRİ DİN operativ istintaq qrupunun qərargah
rəisi işləyib.
Onun "Qiyamçı Qarabağ. SSRİ DİN zabitinin gündəliyindən"
kitabında bu haqda ətraflı məlumat var".
Qeyd edək ki, Serj Sərkisyan iyunun 30-da anadan olub. Bu
münasibətlə Moskva və bütün Rusiyanın patriarxı Kiril ona doğum
günü təbriki ünvanlayıb.