Rusiya ilə Türkiyə arasında
münasibətlərin düzəlməsinə üç adam səbəb olub.
Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Murad Yetkinin
bu gün "Hürriyət" qəzetində çap olunan köşəsində yer alıb. Müəllif
özünün etibarlı mənbələrinə istinadən, əslində, Rusiya ilə Türkiyə
arasında sülhün necə əldə olunduğunu müəyyən edə bilib. Yetkin bu
işdə xüsusilə Nazarbayevin aktiv rol oynadığını söyləyib.
Köşəni ixtisarla təqdim edirik:
"Türkiyə Prezidenti ABŞ-dakı Nüvə Sammitinə gedən zaman
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti
İlham Əliyev münasibətlərin düzəlməsi üçün məsələyə əl atdılar,
amma Putin Nuh deyir, peyğəmbər demirdi. O zaman Baş Qərargah rəisi
Hulusi Akar Ərdoğana Rusiya ilə münasibətləri həll edəcək bir
imkandan bəhs etdi.
General Akar iş adamı Cavid Çağların Dağıstan Respublikasında
investisiyaları olduğunu bildirdi. Çağlar bölgənin Prezidenti
Ramazan Abdulatipovla 1990-cı illərdən bu yana tanış idi. Çağlar o
zaman Süleyman Dəmirəl hökumətində nazir, Abdulatipov isə Rusiya
Prezidenti Boris Yeltsinin köməkçilərindən biri idi. Akar isə həmin
dövrdə Baş Qərargah rəisi olan İsmail Hakkı Karadayının baş
yavəriydi. Çağlar həm siyasətçi, həm də iş adamı kimi keçmişdə
dövlətin gizli əməliyyatlarında iştirak etmişdi. Məsələn, PKK
lideri Abdullah Öcalanın yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsi
ilə keçirilən ortaq əməliyyatda Milli Kəşfiyyat Təşkilatının
üzvlərini Keniyaya aparan təyyarə Çağların özəl təyyarəsi idi.
Türkiyənin Heydər Əliyevə Naxçıvan, daha sonra isə Bakıda olan
zaman verdiyi dəstəkdə Çağların böyük rolu olub. Doğrudur, o,
2000-ci illərdə çətin vəziyyətə düşsə də, dövlət işlərində
güvənilən şəxslərdən biri idi.
Akar Ərdoğan və İbrahim Qalına Çağların Abdulatipov vasitəsilə
Putinə bir kanal açdığını və bundan istifadə edilə biləcəyini
anlatdı. Ərdoğan bundan sonra əməliyyat üçün yaşıl işıq yandırdı.
Aprelin 30-da İstanbulda Çağlar, Ərdoğan və Akar görüşdü. Putin
Ərdoğandan şifahi yox, yazılı bir müraciət gözləyirdi. Putinin
xarici siyasət və təhlükəsizlik məsələlərində müşaviri olan Yuri
Uşakov bu işlərdə əsas əlaqələndirici adam idi. Türkiyəni isə bu
işdə İbrahim Qalın təmsil edəcəkdi. Bundan sonra Qalın məktub
göndərilməsi üçün addım atmağa başladı. Bu işdə ona rus dilini
bilən iki tərçüməçi kömək edirdi. Üstəlik, Çağların Rusiya
işlərində ona kömək edən yardımçısı da Qalının tabeliyinə
verilmişdi. Məktub ingiliscə yox, rusca yazılacaqdı. Proses Qalın,
Çağlar, Abdullatipov və Uşakov vasitəsilə aparılacaqdı. Kremllə tam
əlaqə qurulmuşdu.
Çağların iş səfəri adı altında apardığı məkik diplomatiyası
mayın 3-cü həftəsindən etibarən sürətləndi. Məktublar Ankara və
Moskva arasında gedib-gəlirdi, kəlimələrin üzərindən xətt çəkilir,
yeniləri yazılır, anlamlar dəyişilirdi.
İyunun 22-də Qazaxıstanın Ankaradakı səfiri Canseyid Tüymebayev
təcili kodu ilə iftara hazırlanan İbrahim Qalına zəng etdi.
Nazarbayev Sankt-Peterburqda Putinlə görüşmüşdü. Tüymebayevin
dediyinə görə, Putin məktub göndəriləcəyi halda Ərdoğanın əlini
sıxmağa hazır olduğunu söyləyib. Qalın bu məlumatları dərhal
Ərdoğana çatdırdı. Ərdoğan isə buna hazır deyildi. O, üzr və
təzminat xarakterli məktub yazmaq istəmirdi. Bu, Türkiyənin öz
sərhədlərini müdafiə etdiyi üçün üzr istəməsi anlamına səbəb
olacaqdı.
İyunun 23-də səfir Tüymebayev yenidən təcili kodu ilə Qalına
zəng etdi. Bu zaman Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatının
sammitində iştirak üçün Daşkəndə getmiş və orada Putinlə
danışmışdı. Razılaşmaya əsasən, məktub bir az yumşaldıla bilərdi.
Sabahısı gün Putinlə yenidən görüşəcəkdilər. ŞƏT-in sammiti 24 iyun
saat 13:00-da (Daşkənd vaxtı ilə) bitirdi. Əgər məktub gəlsəydi,
tərəflər arasında olan ixtilaf bitəcəkdi.
Bundan sonra Ərdoğan Akarı öz köşkünə çağırdı. Akar gecə
23:00-da saraya gəldi. Qalın tərcüməçilər və Qazaxıstan
səfirliyinin əməkdaşları ilə məktubun hazırlanmasında son işləri
görürdü. Beləliklə, məktubdan "üzr istəyirəm" kəlməsi çıxarıldı və
yerinə "qüsurumuza baxmayın" sözləri yerləşdirildi. Üstəlik,
təzminat yerinə məktubda öldürülən pilotların ailəsinə yardım etmə
sözü verildi. Ərdoğan məktubu bundan sonra Akarın yanında
imzaladı.
Tezliklə, Qazaxıstan səfirliyinə məlumat verildi və Qalın 24
iyun saat 03:00-da məktubu Putinə çatdırmaq üçün yola düşdü. Saat
04:00-da Çağlar və komandasını götürmək üçün təyyarə İstanbula
endi. Təyyarənin qalxması üçün problem yaranmışdı. Belə ki,
təyyarənin keçəcəyi ölkələrdən izn gəlməmişdi. Xarici İşlər
Nazirliyi dərhal məsələyə qarışdı. Qalın risk edərək təyyarənin
havaya qalxması tapşırığını verdi. Gürcüstan hava məkanına girmək
üçün icazə onun sərhədlərinə çatmazdan 20 dəqiqə öncə verildi.
Azərbaycan bu icazəni təyyarə Gürcüstan hava məkanında ikən,
Türkmənistan isə Azərbaycan hava məkanındaykən verdi.
Türkmənistanda böyük problem yarandı. Belə ki, Özbəkistan
təhlükəsizlik üçün öz hava məkanını bağlamışdı. Bundan sonra
Nazarbayev təyyarənin Özbəkistan sərhədində yerləşən Qazaxıstanın
Çimkənd qəsəbəsinə enməsinə və Qalının prezidentə məxsus
helikopterlə Daşkəndə gəlməsinə izn verdi. Problem məhz burada
yarandı. Belə ki, Türkmənistan hava məkanında iki saat qalan
təyyarənin yanacağı bitmək üzrə idi. Bundan sonra Nazarbayev
yenidən araya girərək, İslam Kərimovdan türk təyyarəsinin
Özbəkistana buraxılmasını xahiş etdi. İslam Kərimov ölkəyə girişə
izn verdi.
Təyyarə Daşkəndə 12:15-də çatdı. Qalın dərhal sammitin
keçirildiyi məkana yollandı. Nazarbayev girişdə onları gözləyirdi.
Bundan sonra Qalınla görüşən Nazarbayev ondan məktubun rus
versiyasını istədi. Diqqətlə oxuduqdan sonra məktubdan razı
qaldığını bildirdi. Bundan sonra Nazarbayev Uşakova məktubu
verərək, türk heyətinə "mənim işim bitdi, xeyir olsun" deyərək
oranı tərk etdi. Bundan az müddət sonra Uşakov Qalına zəng etdi və
prezidentin məktubdan razı qaldığını söylədi. O, Putinin "məktub
türklərin mövqeyinə daha yaxındır, amma qəbul etmək olar" sözlərini
söylədiyini bildirdi. Uşakov bununla bağlı bəyanatı 27 iyunda
verəcəklərini bildirdi. Qalın isə öncədən bəyanat mətnini görmək
istədiklərini söylədi. Ruslar bununla razılaşdılar. Türk heyət
Daşkənddən 17:00-da ayrıldı".