Aysberqin görünməyən tərəfi: Azərbaycan dövləti xarici güc mərkəzlərinin birbaşa nəzarət və idarə etdiyi “təsir agentlərindən qurtulma və onların zərərsizləşdirilməsi” prosedurunu həyata keçirib!
Axar.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili, qalmaqallı siyasətçi Fərəməz Novruzoğlu qeyd edib.
“Sanki hansısa güc mərkəzindən göstəriş verilib ki, Emin Hüseynli mövzusu unudulmasın, gündəmdə saxlanılsın. Uzun illərdir ortalıqda görünməyən, qardaşı Mehmanın kölgəsində qalan Eminin qəflətən ortaya çıxıb, “çevir tatı, vur tatı” prinsipiylə ucuz siyasi təkrarçılığı, mahiyyətcə yeni heç nə deməməsi, cəmiyyəti nəticəsizlik girdabına yuvarlaması ilk baxışda bayağılıq kimi görünsə də, əslində, pərdə arxasında çox çirkin oyunlar oynandığından xəbər verir. Məqsəd aydındır: Azərbaycanda 5-ci kolona qarşı ciddi mübarizənin işartıları görünür. Belə bir durumda ortaya məlum iki qardaşı buraxırlar. Əvvəlcə kiçik qardaş heç bir əxlaq normasına sığmayan fəaliyyətilə gündəmi zəbt edir, onun ardınca da böyük qardaş - Emin Hüseynli ortaya çıxır...
Doğrusu, zamanında Eminlə aramda olan xətir-hörmət səbəbiylə bu mövzuya toxunmaq istəmirdim, amma görürəm ki, mövzunun boyutları olduqca genişdir. Əsas məqsəd Azərbaycanda demokratik ab-havanın yoxluğunu işıqlandırmaq yox, ölkədə xarici təsirlərə qarşı başladılan mübarizəyə manelər yaratmaqdır. Bu məqsədlə Emin Hüseynli və bənzəri fiqurlar (həbs olunan abzasmediaçılar, Meydan Tv və Toplum Tv əməkdaşları) maşa kimi istifadə olunur, onlara qarşı çıxarılan məhkəmə hökmləri demokratiya və insan haqlarına vurulan zərbə kimi qiymətləndirilir, “ölkədə mətbuat, söz azadlığı yoxdur” hay-qarası baş alıb gedir. Məsələyə yalnız bir bucaq altından baxsaq, bu fikirdə olanların haqlı olduğunu bəlkə də söyləmək olar. Ancaq özünə hörmət edən hər dövlətin milli təhlükəsizlik konsepsiyası var... olmalıdır! Və demokratiyaya aid edilə biləcək hər şey o konsepsiyanın cızdığı sərhədlər daxilindədir. Bu, Amerikada da belədir, Fransada da... hər yerdə”, - o bildirib.
F.Novruzoğlu çox maraqlı bir müqayisə aparıb:
“Mən iqtidardakı korrupsiya və ya rüşvətdən istədiyim qədər, istədiyim şeyi yaza bilərəm, kimsə də mənə “gözün üstündə qaşın var” deməz, çünki hər kəs bilir ki, yazdıqlarım mənim şəxsi düşüncələrimdir; amma bunu bir Meydan TV əməkdaşı yazanda iqtidarın sinir mərkəzlərində qıcıq yaradır, çünki bu tip qələm adamları istisnasız olaraq xaricdən dəstəklənən “təsir agentləri”dir, məqsədləri də rüşvət və korrupsiya hallarının ortadan qaldırılması yox, ölkədə idarəolunmaz siyasi xaos yaratmaqdır. Ona görə də onların fəaliyyəti mərcək altına alınır, əməllərində cinayət tərkibi yaradan hər nüans dərhal araşdırılır və tədbir görülür. Yanlışmı? Xeyr, doğrudur, dövlət bu məsələdə yerdən-göyə haqlıdır, buna özünümüdafiə instinkti deyilir. Dövlət - Emin Hüseynli, Meydan TV, Toplum TV haqqında ölçü götürməzsə, zəif düşər, ölkədə xaos yaranar. Adı çəkilən media qurumları barədə dövlətin qəbul etdiyi qərarlar hüquqa, qanuna əsaslanırmı, ədalətlidirmi? Bəli, həm hüquqa əsaslanır, həm də ədalətlidir. Sübutmu? Gəlin hər şeyi xronoloji ardıcıllıqla, həm də bütün dünyada presedent təşkil edən hallara uyğun şəkildə araşdıraq.
Həm Emin Hüseynli, həm də xarici güc mərkəzlərindən dəstək alan digər “təsir agentləri”nin ittiham olunduğu əsas məsələ qeydə alınmayan nəzarətsiz pul axını və vergidən yayınma ilə bağlıdır. Bu cür hallara özlərini demokratik adlandıran Qərb ölkələrində münasibət necədir? Yəni istənilən Qərb ölkəsinə gizlin olaraq, əvvəlcədən bəyənnamə təqdim etmədən külli miqdarda valyuta keçirmək cinayət məsuliyyəti yaradırmı? Bəli, hər hansı bir Avropa ölkəsinə (və ya AB sərhədlərindən içəri) gömrük bəyannaməsi təqdim etmədən külli miqdarda valyuta keçirmək ciddi qanun pozuntusudur, cinayət məsuliyyəti yaradır. Bu, həm beynəlxalq konvensiyalarla, həm də hər bir ölkənin daxili gömrük və cinayət qanunvericiliyi ilə tənzimlənir.
AB qanunvericiliyinə əsasən, (2018-ci il, 1672 saylı reqlament) 10 000 avro (və ya digər valyutalarda buna ekvivalent olan məbləğ) və daha çox nağd vəsait daşıyan şəxs bunu gömrük orqanlarına yazılı şəkildə bəyan etməlidir. Bu məbləğə yalnız kağız pullar deyil, həm də çeklər, qızıl sikkələr və digər dövriyyə alətləri daxil edilir.
Bəs, bu qaydaları pozan şəxslərin məsuliyyəti, onlara verilən cəzalar necə tətbiq olunur? Məbləğin bəyan edilməməsi aşkarlandığı təqdirdə tətbiq olunan cəzalar ölkədən asılı olaraq dəyişir, lakin ümumi mənzərə belədir:
- vəsaitin müsadirəsi: gömrük əməkdaşları bəyan edilməmiş vəsaitin bir hissəsini və ya tamamını dərhal dondura və müsadirə edə bilər;
- inzibati cərimələr: daşınan məbləğin müəyyən faizi (adətən 10%-dən 50%-ə qədər, bəzən daha çox) miqdarında cərimə kəsilir;
- cinayət işi: əgər vəsaitin mənbəyi sübut oluna bilmirsə və ya gizlətmə qəsdən edilibsə, bu, “Çirkli pulların yuyulması” (Money Laundering) və ya “Terrorizmin maliyyələşdirilməsi” şübhəsilə cinayət işinin açılmasına səbəb olur. Bu isə dərhal həbs qətimkan tədbiri tətbiq edilməsi deməkdir.
Avropa ölkələrinə bəyan edilməyən (hətta bəyan edilsə belə) külli miqdarda vəsaitin girdiyi aşkar olunanda, ilk olaraq, tələb olunan məsələ həmin məbləğin mənbəyi ilə bağlı olur, şəxsdən həmin pulun leqal yolla qazanıldığını sübut edən sənədlər tələb olunur. Sənəd təqdim edilə bilməsə, pul dövlət nəfinə müsadirə olunur və cinayət işi qaldırılır. Qanuni yolla qazanılmış pulu bəyan edərək keçirmək heç bir problem yaratmır, tələb olunan dövlət rüsumu ödənilməklə şəxsi vəsaitini istənilən ölkəyə keçirə bilərsən. Bəyannamənin məqsədi pul vəsaitinin izlənilməsini təmin etməkdir. Gizli keçirməyə cəhd isə birbaşa cinayət tərkibi formalaşdırır.
Azərbaycanda da valyutanın gömrükdən gizli və ya bəyan edilmədən keçirilməsi qanunla qadağandır, məbləğindən asılı olaraq, inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədən valyuta vəsaitlərinin çıxarılması və gətirilməsi ilə bağlı əsas qaydalar və limitlər belədir:
- 10 000 ABŞ dollarınadək: rezidentlər və qeyri-rezidentlər bu məbləğədək nağd xarici valyutanı gömrük orqanlarına şifahi bəyan etməklə sərbəst çıxara və gətirə bilərlər;
- 10 000 - 50 000 ABŞ dolları arası: bu məbləğdə vəsaitin çıxarılması üçün həmin vəsaitin əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədləri və yazılı bəyannamə tələb olunur;
- ölkəyə valyuta gətirilməsi: ölkəyə gətirilən xarici valyuta məbləği 10 000 dolları keçdikdə mütləq yazılı şəkildə bəyan edilməlidir.
Göstərilən qaydaları pozan hər kəs məsuliyyət daşıyır. Bu, qeyd etdiyimiz kimi, həm inzibati, həm də cinayət məsuliyyəti yaradır:
- inzibati məsuliyyət: əgər bəyan edilməyən məbləğ “külli miqdar” həddinə çatmırsa, qaydanı pozan şəxs İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimə edilir və vəsaitin müəyyən hissəsi müsadirə edilə bilər;
- cinayət məsuliyyəti (Qaçaqmalçılıq): Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən, valyuta vəsaitinin gömrük nəzarətindən gizli, ondan kənar və ya bəyan etməməklə keçirilməsi qaçaqmalçılıq hesab olunur. “Külli miqdar” - hazırkı qanunvericiliklə bu hədd 50 000 manatdan yuxarı məbləğlər üçün tətbiq edilir. Cəzalar: bu əməl əmlakın müsadirəsi, böyük məbləğdə cərimələr və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
İndi gəlin qeyd etdiyimiz media orqanlarının (Abzas Media, Toplum TV, Meydan TV) əməkdaşlarının həbsi və Emin Hüseynovla bağlı məsələyə baxaq. Onların hamısının işi bir-birinə bənzərdir:
- valyuta tənzimləmələri və bəyanetmə qaydalarının pozulması;
- qanunsuz sahibkarlıq;
- vergidən yayınma və s.
Əslində, bütün bunlar məsələnin görünən tərəfidir, görünməyən tərəfi isə dövlətin özünümüdafiə instinktindən qaynaqlanan, xarici güclərin birbaşa nəzarət və idarə etdiyi “təsir agentlərindən qurtulma və onları zərərsizləşdirmə” prosedurudur. Onlara qarşı irəli sürülən rəsmi ittihamlardan görürük ki, bu şəxslər xarici donorlardan alınan külli miqdarda pul vəsaitlərini bəyan etmədən, qeyri-qanuni yolla ölkəyə gətirməkdə, qanunsuz maliyyələşmədə təqsirləndirilirlər. Bu faktlar Azərbaycan cinayət qanunvericiliyində konkret cinayət əməli kimi tövsif olunub, cəza qarşılığı da uzunmüddətli azadlıqdan məhrumetmədir.
Ancaq müdafiə tərəfi və xaricə bağlı bəzi jurnalistlər həbs olunan şəxslərə qarşı irəli sürülən bütün ittihamları rədd edir, maddi sübutların polis tərəfindən saxta yolla əldə edildiyini, axtarışlar zaman prosessual qaydaların pozulduğunu iddia edərək, həbslərin qeyri-qanunu olduğunu bildirirlər. Həbslərin əsas səbəbinin guya onların apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər. Halbuki Emin Hüseynli, eləcə də adı çəkilən media qurumlarının həbs olunan əməkdaşlarından 6 nəfəri heç bir zaman fəal jurnalistika fəaliyyəti ilə məşğul olmayıblar. Eminin əsas işi menecerlikdir, həmin 6 nəfər isə texniki işçilər olub, deməli, onların həbsi korrupsiya ilə bağlı yazdıqları yazılara görə deyil, çünki belə yazılar yazmayıblar; onların həbsi konkret cinayət faktına əsaslanıb.
Xülasə, bu jurnalistlərin həbsi yuxarıda da qeyd etdiyim kimi, “valyutanın bəyan edilmədən keçirilməsi” (qaçaqmalçılıq) və yaxud “vergidən yayınma” maddəsi çərçivəsində reallaşsa da, məsələnin siyasi aspektləri olduğunu inkar etmək də doğru olmaz; şəxsən mən məsələnin bu tərəfinə daha çox diqqət çəkir və dövlətin yanında dururam. Mənim üçün o qədər də əhəmiyyətli deyil ki, istər axtarışlar zamanı, istərsə də ibtidai istintaqda və məhkəmə prosesində bütün hüquqi prosedurlara, prosessual məcəlləyə əməl olunub, ya yox? Əsas olan odur ki, həbs edilənlərin niyyətinin qarşılığında cəza verilib, ya yox. Niyyət bəllidir - xaricdən alınan maliyyə vəsaitlərinin (qanunların yol vermədiyi üsulla) qarşılığında dövlətin yürütdüyü siyasətə qarşı çıxmaq; ölkədə siyasi xaos yaratmaq; vətəndaş itaətsizliyinə nail olmaq... Bütün bunların qarşılığı mütləq olmalıdır, dövlət də bunu edib. Əgər kimisə həbs edərkən ona qarşı polis zorakılığı olubsa, bu artıq məsələnin texniki tərəfidir.
İndi isə gəlin baxaq görək, irəli sürülən ittihamlar nə dərəcədə əsaslandırılmış hesab oluna bilər? Hüquqi baxımdan məsələyə həm dövlət ittihamının, həm də müdafiə tərəfinin və beynəlxalq hüquq normalarının perspektivindən baxmaq lazımdır.
1. Dövlət ittihamının mövqeyi
İstintaq orqanları tərəfindən telefon danışıqları və yazışmaların (məsələn, Vatsap, Teleqram, Siqnal və s.) cinayət işinə əlavə edilməsi ittiham tərəfi üçün sübut bazası hesab olunur. Prokurorluq bu yazışmaları aşağıdakı məqsədlər üçün istifadə edir:
- Əlbir olma (sui-qəsd): şəxslərin qabaqcadan razılığa gələrək vəsaitlərin hansı yollarla gətiriləcəyini müzakirə etdiklərini göstərmək;
- Məqsədli fəaliyyət: pulun haradan gəldiyini və nə məqsədlə istifadə olunduğunu “etiraf” edən ifadələri aşkar etmək;
- Maddi sübutların əsaslandırılması: ofislərdə və evlərdə tapılan nağd vəsaitlərlə bu yazışmalar arasında birbaşa əlaqə qurmaq.
Hüquqi nöqteyi-nəzərdən, əgər bu yazışmalar qanuni qaydada (məhkəmə qərarı ilə) əldə edilibsə və orada cinayəti təsdiq edən faktlar varsa, bu, cinayət tərkibinin subyektiv və obyektiv tərəflərini sübut edən mühüm vasitə sayılır.
2. Müdafiə tərəfi və hüquq müdafiəçilərinin arqumentləri
Onların iddiasına görə, yazışmaların mövcudluğu avtomatik olaraq şəxsin təqsirli olduğu mənasına gəlmir. Müdafiə tərəfi burada bir neçə məqamı vurğulayır:
Kontekstdən çıxarılma: Bəzən işgüzar müzakirələr və ya qrant layihələri çərçivəsində aparılan yazışmalar “qaçaqmalçılıq planı” kimi təqdim olunur;
Sübutların qanuniliyi: vəkillər çox vaxt bu yazışmaların məhkəmə sanksiyası olmadan əldə edildiyini iddia edirlər;
Hüquqi tövsif: jurnalistlər bildirirlər ki, beynəlxalq təşkilatlardan alınan qrantlar (hətta qeydiyyatdan keçməsə belə) “qaçaqmalçılıq” (maddə 206) kimi deyil, ən pis halda “qanunsuz sahibkarlıq” və ya inzibati xəta kimi qiymətləndirilməlidir.
3. Nəticə və ya cinayət tərkibini sübut edən əlamətlər
Əldə edilən və cinayət işinə əlavə olunan yazışmaların olması cinayət tərkibini tam sübut etmək üçün kifayətdir. Çünki bu yazışmalardan aydın olur ki, həbs edilən şəxslərin son illərdəki fəaliyyəti bu cür gerçəkləşdirilib: maddi vəsaitlər xaricdən alınır; qeydiyyatdan keçmir; o vəsaitlər üçün vergi ödənmir; gömrükdən gizli olaraq, bəyanamə yazılmadan keçirilir; əldə edilən vəsaitin xərclənmə qaydası bəlli deyil və s.
Vəsaitlərin xaricdən gətirilməsi prosedurunun zəncirvari üsulu mövcud cinayət qanunvericiliyinə görə, əvvəlcədən əlbir olmuş cinayətkar qruplaşma versiyasını da təsdiqləyir. Ayrıca olaraq, evlərdə və ofislərdə aparılan axtarışlar zamanı ələ keçirilən xarici valyutanın mövcudluğu da maddi sübutdur. Tərəflər arasındakı yazışmalarda həbs olunanların niyyəti də ortaya çıxır, bu işi bilərəkdən, qanunlardan yan keçməklə gerçəkləşdirdikləri sübut olunur. Bu deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, həbslər həm hüquqi bazaya söykənir, həm də ədalət prinsipinə dayanır.
Qarşı tərəfin bu işlərdə ən çox manipulyasiya etdiyi məsələ həbslər zamanı və istintaq prosesində bəzi prosessual pozuntularla bağlıdır. Bunu inkar etmirəm, nə yazıq ki, belə hallara hələ də yol verilir, amma bu belə suçluların suçsuz olduğu anlamına gəlmir, gəlməməlidir! Əsas olan həbs edilənlərin niyyətinin ortaya çıxarılmasıdır. Onların niyyəti maddi maraq qarşılığında vətəndaşı olduqları dövlətin milli maraqlarını satmaqdır! Məsələn, bu gün həbsdə olan jurnalistlərin mənsub olduğu media qurumları 44 günlük savaş və sonrakı proseslərdə təcavüzkar Ermənistanın mövqeyindən çıxış edir, məsum erməni obrazı yaradır, Azərbaycan Ordusunu işğalçı kimi qələmə verirdilər. Bütün bu sadalananlar onlara verilən qrantların hansı məqsədlərə xidmət etdiyinin bariz sübutudur...
Mən belə hesab edirəm ki, siyasi məhbus kimi qələmə verilən abzasmediaçıların, meydanteveçilərin, toplumteveçilərin və eləcə də xaricə qaçmış Emin Hüseynovun əməlində nəinki qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi hallar mövcuddur, hətta vətənə xəyanətin motivləri var. Mümkündür ki, onların işi ilə bağlı hüquqi cəhətdən hansısa texniki yanlışlara yol verilib, bu, peşəkarlığın lazımi səviyyədə olmaması ilə bağlıdır. Amma bu heç də o demək deyil ki, onlar məsumdur. Onlar ağır dövləti cinayət ediblər: qeyri-qanuni yola baş vuraraq, maddi maraq qarşılığında dövlətin mənafeyinə zidd yol tutublar, vətənə xəyanət ediblər – “Azərbaycan Ordusu günahsiz ermənilərə qarşı güc tətbiq edir”, “İşğalçılıq yoluna baş vurur” kimi manşetlər atmağın başqa adı yoxdur.
Bu, VƏTƏNƏ XƏYANƏTDİR!”