Prodüser və aparıcı Tarix Əliyev (Tolik) bu gün aparıcısı olduğu “Tarixin bir günü” proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb.
Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, Tolik telekanaldan ayrılması ilə bağlı ərizə yazdığını açıqlayıb.
O bildirib ki, son günlər sosial şəbəkələrdə verilişlə bağlı müxtəlif məlumatlar yayılıb, lakin bu qərarı şəxsi vicdanı qarşısında verib:
“Dünəndən bütün sosial şəbəkələrdə yazırlar ki, Tarix canlı efirdə tamaşaçılarla sağollaşacaq. Düşünürəm ki, belə bir deyim var: insan yatanda vicdanı da onunla birgə yatmalıdır. Bəli, bir neçə gündür mən də yatıram, dururam, vicdanım da yatır, amma özümün bir kanal işçisi olaraq vicdanım sızlayır. Bunu sosial mediada və ya tanınmışlar arasında hər hansı bir dırnaqarası qəhrəmanın qələbəsi kimi görmürəm.
Mən özüm-özümə bir qərar vermişəm. Bu gün “Speys” kanalımız çox böyük uğurlara imza atıb. Vado müəllim kanala rəhbər keçəndən sonra kanalımız ölkədə böyük kütləsi olan kanallarla birlikdə rəqabət aparır. Biz əgər bu gün 3-cü, 2-ci yerlərdə oluruqsa, bu, ümumiyyətlə sevilən kanalımızın – “Speys”in uğurudur”.
Tarix Əliyev vurğulayıb ki, sosial şəbəkələrdə baş verən hadisələrin kanalın nüfuzuna xələl gətirməsini istəmədiyi üçün bu addımı atıb:
“Amma mən bu efir bitəndən sonra da Tarix Əliyevəm. Xasiyyət dəyişmək çox çətindir. Maskalı olub cəmiyyətdə özünü bir cür aparıb, kamera qarşısında başqa cür aparmaq tam başqa şeydir. Mən bu gün uğurlarımı iri-iri addımlar atan kanalıma borcluyam. Əgər efirdə yox, sosial şəbəkədə etdiyim səhvə görə, istər rəhbərlik, Vado müəllim, istər burada işləyən hər bir insanın haqqına girəcəmsə, bu mənim vicdanımı sızladar.
Bir daha buradan Audiovizual Şuraya təşəkkür edirəm. 1 ildən artıqdır “Speys”də hər gün “Tarixin bir günü” verilişini canlı aparıram və verilişimlə bağlı heç bir qanun pozuntusu aşkar edilməmişdir.
Dünən Vado müəllimə yaxınlaşıb verilişin bağlanması, aparıcılıqdan çıxmağım haqqında ərizəmi verəndə vicdanım daha rahat oldu. Mənim əsəblərimə hakim ola bilməməyim, hansısa qarşı tərəfin fikirlərinə emosional cavab verməyim böyük bir kanalın uğuruna kölgə sala bilməz.
Bilirəm, bəziləri mənə görə pis olur, bəziləri sevinir. Amma mən düşünürəm, itirəcəyim tək varlıq var, o da övladımdır. Düşünürəm, bu bir son deyil, bu, mənim özümə verdiyim cəzadır”.
Aparıcı əlavə edib ki, onun yerinə başqa aparıcının təyin olunması və ya kanalda yeni vəzifəyə gətirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Media ilə illər öncə bağlılığı olub, indi evdə oturub jurnalistika ilə dırnaqarası məşğul olan bəzi insanların yalançı məlumatlarına qətiyyən inanmayın. Sizinlə canlı yayımda sağollaşıram, amma verilişimi heç kimə təhvil vermirəm. “Speys”də Musiqi Departamentinin rəhbəri vəzifəsinə də gəlməmişəm”.
Qeyd edək ki, Tolikin Speys TV-də Musiqi Departamentinin rəhbəri təyin olunacağı haqda məlumatı Ülviyyə Alovlu yaymışdı.