Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən orta ümumitəhsil məktəblərində təmayül sinifləri formalaşdırılır. Bu təmayül siniflərində yuxarı sinif şagirdləri ali təhsil üçün hazırlıq istiqamətində tədris prosesinə cəlb olunacaq. Yəni orta ümumitəhsil məktəblərində tədris proqramı bir kənara qoyulacaq, yeni qəbul sisteminə uyğun tədris planı formalaşdırılacaq və şagirdlər bu istiqamətdə tədrisə cəlb olunacaq.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev təmayül siniflərinin repetitorluğa təsirini şərh edərkən bildirib.
Ekspertin fikrincə, orta ümumitəhsil məktəblərimizdə təhsil sistemi dəyişilməlidir:
“Çünki bu gün bizim məktəblərimizdə şagirdlərimizin repetitor və ya hazırlıq kurslarından əlavə dəstək almasına səbəb SSRİ-dən qalma tədris proqramıdır. Tutaq ki, Azərbaycan dilindən 5-ci sinifdə fonetika, 6-cı sinifdə nitq hissələri, 7-ci sinifdə feil, 8-ci sinifdə söz birləşmələri, 9-cu sinifdə mürəkkəb cümlə, 10-11-ci sinifdə isə dilçilik, nitq mədəniyyətini və s. keçirik. Nəzərə alın ki, bir uşaq 10-cu sinifə gəlibsə və onun beynində artıq ali təhsil müəssisəsinə qəbul formalaşıbsa, dərsə haradan başlamalıdır? Əvvəldən, yəni fonetikadan. Ancaq 10-cu sinfə gələn bir uşağa biz tədris proqramına uyğun mövzunu tədris edirik. Ona görə də şagird məcbur qalır və əlavə dəstəyə, yəni repetitora üz tutur.
Hazırda təmayül siniflərində bu sistemi formalaşdırmağa çalışırlar ki, 10 və 11-ci sinif şagirdini artıq fonetikadan, yəni təməl mövzulardan başlayaraq sona qədər - bütün mövzularda ali təhsil müəssisələrinə hazırlasınlar”.
Ekspert əlavə edib ki, təşəbbüs gözəldir, ancaq çatışmazlıq var:
“Biz sanki sökülmüş şalvara yamaq qoyuruq: bunu təməldən dəyişsək və bu proses bütün orta ümumitəhsil məktəblərində həyata keçirsək, ən doğrusu olar.
Yəni biz bəzi təmayül sinifləri formalaşdıracağıq, həmin təmayül siniflərinə daha potensialı tələbələri yığacağıq, onları universitetə hazırlayacağıq, amma digər uşaqlarımız kənarda qalacaq? Bəs onlar nə olacaq? Biz bunu düşündükmü?
Fikrimcə, bu məntiqli yanaşma deyil: sadəcə təmayül siniflərində bunu formalaşdırıb, təşkil edərək digər uşaqları kənarda saxlamaq doğru deyil”.
Onun fikrincə, təhsil sistemimiz üç yerə bölünməlidir:
“1-4-cü sinfi əhatə edən ibtidai təhsil, 5-9-cu sinfi əhatə edən icbari təhsil və 10-11-ci sinfi əhatə edən universitetə hazırlıq dövrü. Bu dövrdə isə ali təhsil müəssisələrinə hazırlıq qrupları formalaşdırmalıdır. Türkiyə modeli bu istiqamət üzrə ən optimal variantdır”.
Qeyd edək ki, 2026-2027-ci tədris ilində Bakıda yerləşən 31 məktəbdə yeni təmayül tədris modeli tətbiq ediləcək.