Azərbaycanda polis-vətəndaş münasibətlərinə dair fərdi
hadisələrin ümumiləşdirilmiş mənzərə kimi qələmə verilərək
tirajlandırılması və bununla da polisin qəddar, zorakı obrazının
yaradılması doğru deyil, əvəzində Qərbin ədalətini qabartmaq üçün
orada xalqın bir nömrəli dostunun və qoruyucusunun hüquq-mühafizə
orqanlarının olduğunu cəmiyyətimizə təlqin etmək xüsusi məqsədlərə
xidmət edir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
deyib. O bildirib ki, əgər obyektiv təhlillər aparsaq, görərik ki,
müstəqillik illərində ən çox dəyişikiliklərə məruz qalan sistem
daxili işlər orqanları olub - istər qanunvericilik bazasının
təkmilləşdirilməsi, istərsə də ictimai asayiş və təhlükəsizliyin
təminatında, birbaşa peşəkar fəaliyyətin gerçəkləşdirilməsində.
Millət vəkilinin sözlərinə görə, DİN qədər geniş islahatlara
uğrayan qurum çox az olub:
"İndi əksər idarələrdə kameral nəzarət sistemi ilə oraya daxil
olan hər kəsin qanunvericilikdən kənar davranışa məruz qalmasını
izləmək mümkündür. O cümlədən, minlərlə hadisə zamanı vətəndaşlar
tərəfindən qarşılıqlı zorakılıq, kriminallıq, mütəşəkkil
cinayətkarlıq və digər halların yol verilməsinə qarşı ən kəskin
müqavimət göstərən və cəmiyyətdə tarazlığı, sabitliyi təmin edən
mühüm strukturlar içərisində daxili işlər orqanlarının adını
çəkməmək insafsızlıq olar. Daxili İşlər Nazirliyinin
tabeçiliyindəki bütün idarə və bölmələrdə olan rəhbər şəxslərin
rotasiyası, sıravi heyətə qəbulun birbaşa nazir Ramil Usubovun
şəxsi baxışı və nəzarəti altında aparılması, həmçinin zabitlərin
təyinat bölgüsü zamanı qeyri-şəffaflığın aradan qaldırlması, o
cümlədən, parlamentlə nazirlik arasında yaxşı əməkdaşlıq
əlaqələrinin qurulması cinayətkarlığa qarşı mübarizənin əsas
bazasını təşkil edir".
Z.Oruc vurğulayıb ki, məhz DİN-in bugünkü fəaliyyəti sayəsində
Azərbaycanda "qanuni oğru" termini ilə şifrələnmiş mütəşəkkil
kriminal fəaliyyət yoxdur, yaxud müxtəlif ölkələrdə yaşanan kütləvi
zorakılıq halları baş vermir:
"Amerikada ötən ilin mənzərəsi - XXI əsr hüquq təminatı
qurumunun statistikası göstərir ki, polis 385 şəxsə qarşı silah
tətbiq edib, onun 111 nəfərini qətlə yetirib. Müxtəlif irqlər
arasında sorğuda ağlardan kənar olan əhali qruplarından yalnız 48
faizi öz təhlükəsizliyini polisə etibar edir. Əvəzində yuxarıda
qeyd olunan ölüm hallarının böyük əksəriyyəti işgəncə ilə
izahatların alınması zamanı, yaxud hamının, o cümlədən televiziya
kameralarının qarşısında adi tabeçilik normalarından kənara
çıxmalara görə baş verib.
İki il öncə Fransada polis zorakılığına qarşı ictimai etirazları
yəqin ki, xatırlayarsınız. Avroparlamentin qarşısında etiraz
edənlərə qarşı sərtlik, bir nəfərin ölümü, başqa birisinin gözünün
çıxarılması böyük ictimai aksiyalara səbəb olmuşdu. Ona görə də
Azərbaycan polisinə sovet milisi kimi baxmaq, əvəzində filmlərdə
ideallaşdırılmış Avropa və Amerika polisinin mifologiyasına uymaq
tamamilə yanlışdır. Əlbəttə, keçmişin mirasından azad olmaq çox
çətindir və ona görə hər bir vətəndaşın müraciətinə hörmətlə,
diqqətlə və qanunla yanaşılmalıdır. Lakin dövlətin əsaslarına zərbə
vurulması hüquq-mühafizə orqanlarına itaətsizlik fikrinin
yayılmasından, polisin qaralanması və onun düşmən hədəfinə
çevrilməsindən keçir. Buna yol vermək olmaz".