"Bu qanunun konkret hər hansı bir dini cərəyana qarşı
yönəlmiş olduğunu söyləmək çox çətindir. Lakin etiraf eləmək
lazımdır ki, Suriyadakı hadisələr Azərbaycanda qanunvericilik
sahəsində tədbirləri intensivləşdirdi".
Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Təhlükəsizlik
və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc dedi. O bildirdi ki,
bu sahədə qanunun qəbul edilməsi istiqamətindəki görülən işlərdə
Suriyaya döyüşməyə gedənlərin də böyük payı var:
"İlkin olaraq parlamentdə Suriyada döyüşlərdə iştirak edənlərin
əməllərinin terror fəaliyyəti kimi qiymətləndirilməsi çağırışı ilə
çıxış etdim. Bir çox parlamentarilər də bu fikrə qoşuldular.
BMT-nin "xarici hərbi birləşmələr və hərbi dəstələrin içərisində
yer almağın muzdluluq hərəkəti kimi qəbul olunması" haqqında
1997-ci il konvensiyasının tələblərindən irəli gəlir. Hüquq
sisteminin vəziyyətinə görə hər hansı bir məsələ ilə bağlı qanun
qəbul edilməyibsə belə, dövlət beynəlxalq konvensiyaları
ratifikasiya edirsə, bu halda həmin hüquq alilik dərəcəsinə
malikdir və qanun kimi keçərlidir. Bu hal cinayət
qanunvericiliyimizdə tam öz əksini tapmasa da həmin insanlara qarşı
cinayət təqibi üçün əsas götürə bilərik. Artıq Milli Məclisin Hüquq
siyasəti, Təhlükəsizlik və Müdafiə komitələri tərəfindən mövcud
qanunvericiliyə dəyişiklik edilməsi və bir neçə maddə əlavə
edilməsi ilə bağlı təklif oldu. Bundan sonra dini cərəyanları
maliyələşdirənlər də məsuliyyət dərəcəsinin içərisinə daxil
edilir".
Millət vəkili qanun layihəsində dini cərəyanları yaymaq
istəyənlərin də terrorçuluğa yardım kimi qiymətləndirlməsi və bunun
nurçuluqla əlaqələrindən danışdı:
"Bu qanun layihəsinin qəbul edilməsinin səbəbi kimi "nurçuları
terorçularla əlaqələndirmək" iddiası yanlış olardı. Bir də son
olaraq deyim ki, bu qanunun qəbulu ilə məsuliyyətə cəlb ediləcək
insanlar məhz terrorçu kimi deyil, terrorçuluq fəaliyyətinə yardım
kimi qiymətləndirilməsi qərarlaşdırılır. Anti-terror sahəsində
indiyə qədər 15-ə yaxın qanun qəbul edilib və bu qanun da olduqca
normaldır".