Ermənilərin əli Xəzər neftinə çatsaydı...
Soyuq müharibənin bitməsindən sonra Türkiyənin Qərb üçün önəmini
itirdiyini deyənlərin iddiaları əsassız deyildi. Dünyanı qorxu
içində saxlayan Sovetlər Birliyinin çöküşü NATO-nun Şərqə doğru
genişlənməsinin yeni strategiyası ilə nəticələndi və bu
Avroatlantik məkana can atan dövlətlərin timsalında ənənəvi
müttəfiqlərin rolunun ələnməsinə və təhlükəsizlik baxımından
çəkisini itirməsinə səbəb oldu.
Qırmızı imperiyanın qarşısında on illər duruş gətirən Türkiyə
Kubanın Amerika qitəsinə nəzarəti üçün oynadığı rolu başqa bir
məkanda - Avrasiyada təkrarlayırdı. Qırmızıların təhlükəsi
çəkilincə, vəziyyət dəyişdi. Avropa qitəsində Varşava Blokundan
azad olan ölkələrin timsalında Atlantik İttifaqı daha mühüm dayaq
nöqtələri tapdığından Ankara yeni xarici siyasət vektorları seçməyə
məhkum oldu. Bakı nefti Türkiyənin dünya üçün əhəmiyyətini
qaytarmaq baxımından misli görünməmiş yeni üfüqlər açdı və qədimdən
dünya diplomatiyasının əsas mərkəzlərindən biri olan Şərqi aparıcı
siyasi mərkəz statusundan çıxmağa qoymadı.
İndi İstanbulda Enerji sammiti keçirən Ərdoğan neft-qaz ölkəsi
olmayan bir dövlətin hansı məqsədə doğru can atdığını yaxşı bilir.
Zirvə görüşünə cəmi 3 dövlət rəhbəri qatılsaydı belə, türk siyasi
elitası əsrlər boyu müharibə apardığı Rusiya ilə münasibətləri
tarixdə heç vaxt olmadığı qədər yaxınlaşdıran neft Bakısının
xidmətlərini inkar edə, yaxud unuda bilməz. Cəmi 23 il öncə bunları
ağıla belə gətirmək mümkün deyildi. Yenicə müstəqilliyinə qovuşan
bir türk respublikasının beynəlxalq arenaya çıxmasına yardım
göstərərkən yalnız qardaşlıq duyğularından, yaxud, vahid mədəni və
dini sivilizasiyaya mənsub olmaqdan çıxış edildiyini düşünmək
yanlışdır. Dövlətləri maraqlar idarə edir. Hər halda Azərbaycan
siyasi xəritədə yerini alandan sonra başqa dövlətlərə yük olmağa,
onunla vassal kimi davranaraq daimi yardımlar altında yaşamağa
çalışmadı. Hətta bir başqa xalqın rəhbəri olduğunun fərqinə
varmadan Atatürkün əsgəri olduğunu Anıt Qəbirə daşıyan Əbülfəz
Elçibəy belə Dəmirəldən xilas vertolyotları diləyərkən bunu qatı
türkçülüyünün əvəzi olaraq humanitar yardım kimi istəmirdi.
Hər halda rus xofu, yaxud Amerika basqısı altında hərəkət edən
Dəmirəl Türkiyəsinin əvəzində ondan sonrakı iqtidarlar
azərbaycanlılarla hərbi ittifaqın nə demək olduğunu yaxşı başa
düşürdülər. O üzdən erməni işğalı ilə üzə-üzə qalan xalqın ən
sonuncu nümayəndəsi belə Azərbaycanın qarşılaşdığı fəlakətdən
çıxınca bir kimsəyə borclu qalmayacağına əmin idi. İndi Türkiyə
Bakı hesabına güclənir və daha da qüdrətli regional hökmrana
çevrilir. Rusiya prezidenti Vladimir Putini iki türk liderinin
əhatəsində görərkən keçmişdən və gələcəkdən gələn səsləri necə
eşitməmək olar?
Bir vaxtlar demokrat Yeltsin Rusiyasının liderlərinin
davranışlarını indi İstanbul tribunasından verilən bəyanatlarla
müqayisə edə bilərsinizmi? Xəzərdə əsil müharibə törətməyə yaxın
olan dövlətlər Azərbaycanın dünyaya çıxan yoluna gəlmiş kimi
görünürlər. Başa düşmək olar, neft bahalı sərvətdir, onu əldən
vermək imperiyalar üçün ölümə bərabər hadisə idi, lakin indi Andrey
Kozırevi Moskvada tapıb desən ki, sanksiyalarla hədələdiyi Bakını o
vaxt qan içində boğsaydılar, Qərbə gedən yolları qapadılan
Moskvanın Türkiyə ilə qaz ittifaqını xəyal edə bilərdilərmi?
Yaddaşları təzələməkdə bir fayda var. Azadlıq mübarizəsinin çox
görkəmli siması sayılan Rutskoy "Xəzər neftinin Azərbaycana məxsus
olmadığını" deyərkən məxfi sənədlərdə balaca xalqların heç bir
hüquqa malik olmadığı müddəasından çıxış edirdi, Jirinovski "xarici
konsorsiumla işlənən buruqları bombalamağı" təklif edirdi, Paşa
Qraçovsa, "müqavilələr bağlanacağı təqdirdə erməni tanklarının
Bakıya yeridiləcəyi" ilə hədələyirdi. Putinin rəhbərlik etdiyi
iqtisadi-siyasi elita təmsilçilərinin oxşar leksikonda imperativ
dillə çoxları ilə danışdıqlarını görmüsünüz. Lakin bizimlə yox. Hər
halda qalstukundan asmağa çalışdıqları Saakaşvili ilə müqayisədə
Moskvadan Azərbaycan əleyhinə ultimatumlar çoxdandır ara verib.
Dünya ilə qarşıdurmada olanların Qafqazda kiçik bir ölkənin
seçiminə loyal yanaşması nəyin hesabına olub, sizcə? "Cənubi
Qafqazın geopolitikası tamam dəyişib" deyənlər, bunun necə baş
verdiyini obyektiv təsvir edə bilərlərmi? Axı hazırkı regional
reallıqlar öz-özünə meydana çıxmayıb.
Azərbaycan strateji kursunu səhv seçsəydi, indi Türkiyə belə onu
meydanda təkbaşına qoruya bilməzdi. Halbuki Bakı-Ceyhan təkcə neft
kəməri deyildi. O vaxt iki dövlətin birliyini istəməyənlər onlarla
marşrut xətti seçməyi tələb edirdilər ki, türk faktorunu bəri
başdan zərərsizləşdirə bilsinlər. Yəqin, çoxları məlumatsızdır ki,
1992-ci ildə Bakıya gələn AD Petrosan şirkətinin türk rəhbəri Oğuz
Kapan boru xəttini İrəvandan keçirməyi təklif edirdi. Orijinal
ideyası ilə neft biznesinə qoşulan bu adam əslində tək deyildi -
Qərbdən də oxşar çağırışlar səslənirdi. Hər halda türk iş adamını
dəli hesab etməyinə dəyməz. O vaxtkı reallıq bundan ibarə idi. Heç
bir rəssamın qələmə ala bilməyəcəyi fantasmoqorik mənzərə yaranırdı
- torpaqlarını işğal edən düşmənlə bir araya gəlib onun ərazisindən
enerji ixrac edirsən, o da tanklarını müftə yanacaqla təchiz edib
ərazilərini daha böyük vəcdlə ələ keçirir. İkinci dünya
müharibəsində sovetlər birliyinin ərazisində neft uğrunda mübarizə
aparan Hitlerin Bakı planı bundan daha humanist deyildimi? Yaxşı
ki, ermənilərin əli Bakı neftinə çatmayıb, yoxsa, Xəzərin tarixən
kimə məxsusluğunu 5 dövlətlə deyil, birisi ilə mübahisələndirmək
lazım gələcəkdi
İndi Türkiyə dünyaya enerji ixrac edən dövlətə çevrilir. Bəli,
nə qədər qəribə səslənsə də belədir. Yaxın Şərqdə maraqlarına böyük
zərbə dəyən, Avropa ilə daimi gərginlik yaşayan, Amerika ilə soyuq
münasibətlərə girən bir ölkə yalnız Qafqazdan gələn qan-damar
sistemləri hesabına yeni enerji xəritəsi hazırlamağa qalxır. İran,
İrak, Rusiya və Qətər dövlətləri tarixdə heç vaxt olmayacaq qədər
Ankaraya yaxınlaşıblar. Bəlkə də ABŞ-ın o vaxtlar Ceyhandan fərqli
ünvanlar axtarmasının bir səbəbi də bu idi - türklərin böyük
iddialarına yol vermək olmazdı.
Azərbaycan Rusiya və Türkiyənin yeni barışığında rol oynayaraq
fərqli siyasi perspektiv formalaşdırır. İlham Əliyev Qafqazda
ənənəvi toqquşmaları inkar edən bir xətti izləyərək Putin və
Ərdoğanı düşmənçilikdən uzaqlaşmağa inandıra bilir. Hər halda
Qazaxıstan lideri də burada müsbət rol oynayarkən türk-rus
birliyinin tarixi əhəmiyyətini yaxşı başa düşür. Baxın, necə
maraqlı bir mənzərə yaranır - İsrail və Rusiya Türkiyəni cəmi bir
neçə ay öncə neosmanizmdə və diktaturada günahlandırdıqları halda
yenidən əməkdaşlıq formatına qayıtmağa razılıq verirlər. Ancaq
günlər öncə bütün informativ arsenallarını bir-birinə qarşı
tuşlayan tərəflərin istəyindən asılı olaraq, Bakı müxtəlif pozucu
addımlara əl ata, qızışdırıcı mövqe tuta bilərdi. Onun gələcəyini
hesablamaqsa, çətin deyildi. Hər halda iki qitəni birləşdirən
eks-imperiyalar təzədən bir araya gələndə Azərbaycanın əziləcəyinə
heç bir şübhə qalmayacaqdı.
İndi ərazi bütövlüyü problemi olan bir ölkə Türkiyənin daxili və
xarici təhlükələrini üzərinə götürür və İlham Əliyev Putinin
gözləri qarşısında türk dilində qardaş ölkəsinə ən yüksək
istəklərini dilə gətirir. 15 iyul çevrilişinə cəhddən yenicə çıxmış
bir ölkəyə belə yanaşan nə qədər lider var? Bəlkə ruslarla türkləri
barışdırmaq Qərbin qəzəbinə gəlmək deməkdir və hər iki imperiya
varisini birgə əzməyə çalışanlarının gücünü, niyyət və
təxribatlarını görüb çoxları vasitəçilik missiyasından uzaq
durardılar. Belə yerdə boşalan bazarları özünə girəvə bilən, yaxud
"Türk axını" layihəsinin başa gəlməsi nəticəsində neft-qaz
maraqlarına zərbə gələcəyini hesablayan ölkə Bakı kimi hərəkət
etməzdi. Axı qonşular dalaşanda silahdan kəfənə qədər geniş çeşiddə
məhsullarını satan üçüncülər üçün imkan daha da artır. Kişi simalı
siyasət aparmağın müasir dünyada qeyri-mümkün olduğunu deyənlərə
əksini sübut etmək üçün Azərbaycan yaxşı nümunədir. Türklər üçün
təkcə Orta Asiya qazına deyil, Rusiyanın təbii sərvətlərinə gedən
yol Bakıdan keçmirsə, onun başqa ünvanını bizə göstərin. Yaxın
Şərqdə xüsusi mövqe qazanmağa çalışan ruslarla oturub danışmaq üçün
əlverişli məkan yenə də Azərbaycandır.
Bəli, zaman çox dəyişib. Türk generallarının burada
görünməsindən narahat olub İrəvana Skad raketlərini yığan bir
dövlət Azərbaycan və Türkiyə şahinlərinin iki ölkə səmasında şərti
düşmənə qarşı manevrlərindən daha əl-ayağa düşmür. Gizli
servislərin daim təhlükə saçan şifroqrammalarının hər gün siyasi
liderlərin masası üzərinə yatırılmasına baxmayaraq, Moskva Cənubi
Qafqazdakı nüfuz dairəsini Türkiyə ilə bölüşməyə razıdır. Hər halda
Amerika və Avropanın müqabilində Kremlin strateqləri üçün bu daha
təhlükəsiz arxitekturadır. Halbuki rus və türk əsgərinin sümükləri
belə uyuşmayıb, qəbirləri də eyni torpağa qarışmayıb.
Avrasiya məkanının iki nəhəngi faciə ilə nəticələnən təyyarə
insidentini Gülənin üzərində saxlayaraq, münasibətlərdə yeni səhifə
açmağa qərar verərkən rus silahı və türk zabiti ilə güclənən Bakını
20-ci əsrin əvvəllərində olduğu kimi ayaqlar altında qoya
bilməzlər. Doğrudur, tarixin qara kölgəsi hər zaman xalqları təqib
edir. Qarabağ üzərindən Rusiya və Türkiyə arasında razılaşmaların
tapılacağı təqdirdə Azərbaycanın mənafelərinin bir kənara atılacağı
iddialarının əsassızlığını sübuta yetirmək üçün dərin politoloji
təhlillərə baş vurmağına dəyməz. Bakı-Ceyhanı əvəz etmək olar,
yaxud, Gürcüstan üzərindən Qafqazlarda İran və Rusiya əleyhinə
divar tikmək də mümkündür, lakin hər şey siyasi çıxarlarla və
xəritədəki yerlə ölçülməz. Azərbaycanın can varlığını, ruhunu,
doğmalığını Türkiyə üçün əvəz etmək mümkün deyil. Ya da ki,
əksinə!
Ona görə İstanbuldakı üç dövlət başçısının vahid bir tabloda
birləşməsi çoxları üçün ölüm səhnəsidir. İrəvandan baxanda Putinlə
Ərdoğanı yaxın edən, onların arasında sözün gerçək mənasında
körpüyə çevrilən və iki xalqın böyük bir gələcəyi inşa etməsində ən
yaxın silahdaşa çevrilən İlham Əliyevin düşmən əleyhinə necə dərin
və strateji müharibə apardığını görməmək mümkün deyil. Azərbaycanı
öz orbitində saxlamağa çalışanlar zamanın çağırışı ilə Bakıda
birləşirlər. Vaxtilə sovetlərin əyalət şəhəri indi Türkiyənin
paytaxtına, Rusiyanın dostluq mərkəzinə çevrilir.
Yaxın Şərqin xaosunu ixrac edənlərə, Haaqa tribunalında rusları
mühakiməyə çağıranlara və türkləri on illərdi Avropa Birliyinin
qapısında saxlayanlara qarşı Moskva-Bakı-Ankara divarı ən yaxşı
müdafiə istehkamıdır.
Min illərdi ki, insanları və dövlətləri birləşdirən iqtisadi
mənafe bağları qırılanda onları asanlıqla düşmənə çevirirlər. Ona
görə də kəmərlər birləşən yerdə, talelər də birləşir!