"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili
Bəxtiyar Sadıqovun özəl telekanalları sərt şəkildə tənqid edən "Bəd
xəbər aludəçiliyi" adlı yazısından sonra tənqid hədəfinə tuş gələn
telekanalların vəzifəliləri cavabdan yayındılar. Səbəb kimi isə
tənqidin birmənalı şəkildə onlara aid olmadığını göstərdilər və
bunu millət vəkilinin yazıda ad çəkməməsi ilə
əlaqələndirdilər.
"Yazım özəl kanallara aiddir!"
Məsələ ilə bağlı Bəxtiyar Sadıqov "Axar.az"a
açıqlamasında ad çəkilmədiyinə görə özün tənqid hədəfindən
yayındıran telekanallara sərt ittihamlar səsələndirdi:
"Onlara sərf eləməz axı, çünki heç kim "öz ayranına turş deməz",
ona görə də boyunlarına götürmürlər. Verilişlərin bir-bir adını
çəkib, təhlil etsəydim, yazı çox olacaqdı, onda da oxunmayacaqdı.
Ona görə də yenə bildirmək istəyirəm ki, yazım bütün özəl kanallara
aiddir! Bundan əvvəlki yazılarımda şoular əsasında qurulan
verlişlərin adını çəkmişəm, bax, elə onlara da aiddiyyəti var.
Konkret özəl televiziya kanalları hamısı bu ittihamları üzərinə
götürməlidirlər".
Millət vəkili konkret hansı verilişləri nəzərdə tutduğunu da
söylədi:
"Xəbər saytlarında və sosial şəbəkələrdə məqalənin müzakirəsi
zamanı oxucuların yazdığı şərhlərə baxın! Bu telekanalların
adlarını oxucular özləri çəkib. Mən o şərhləri, müzakirələri
oxumuşam və bəyan edirəm ki, sosial şəbəkələrdə, şərhlərdə adı
hallanan bütün verilişləri nəzərdə tutmuşam. Özəl kanal rəhbərləri
öz üstlərindən atsalar da, oxucular məqaləmdə qaldırdığım problemin
məhz hansı verilişləri əhatə etdiyini doğru olaraq təsbit ediblər.
Yəni xalqın gözü tərəzidir".
Bütün şou proqramlar biabırçıdır
B.Sadıqov bütün şou verilişlərin biabırçı və səviyyəsiz
hazırlandığını da sözlərinə əlavə elədi:
"Bütün özəl TV-lərin şou proqramları elədir. Rusiyadan "Jdi
menya" tipli verlişləri gətirib, biabırçı şəkildə efirdə təlqin
edirlər".
Bəxtiyar Sadıqov hansı telejurnalistləri qəsd
edir?
Qeyd edək ki, "Bəd xəbər aludəçiliyi" adlı məqalənin sosial
mediada və informasiya portallarında müzakirəsi zamanı oxucular
daha çox ATV telekanalının "Ümid var" verlişinin aparıcısı Zaur
Baxşəliyev və "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm
Hidayətqızını, ANS telekanalının "Adam içində" verilişinin
aparıcısı Elgiz Əkbəri daha çox tənqid ediblər.