Ataqamdan yeni
novella...
Vurğun
Azmışdıq. Bizi dördyoldakı qara daşın üstündə oturub avazla
kitab oxuyan ağsaqqal kişi, bir də şüşə ciliklənməsi səsinə
bükülmüş uzanıb-gödələn, nazilib zoğ kimi qıvrılıb düyünlənən,
təzədən çözülüb açılan ağ-qara zolaq kölgələr çaşdırmışdı.
Ağ səubunun ətəklərini altına yığıb bardaş qurub oturmuş nuranı
qocaya salam verdik. Qoca: "Qabaqda çınqıllıq var, indi çayanların
cütləşən vaxtıdı, bu yandan gedin, bura kəsədi" – deyib meşəyə
gedən cığırı göstərdi. "Sağ ol"umuza saqqalını sığallayıb zorla
sezilən təbəssümlə cavab verdi. Səmti dəyişib meşə yoluna üz
tutduq.
Çənub-qərbə gedib iki adsız sısqa çayı keçməli, qoşa çınarın
yanında səfərçiləri gözləməli, karvana qoşulub Kərbəla ziyarətə
getməli idik.
Kölgələrin fantom rəqslərinə baxdıqca canıma xof dolurdu. O isə
başını aşağı salıb məndən üç addım qabaqda gedirdi. Bircəcə dəfə
gözucu ətrafa baxdı. Ürəklənib addımlarımı yeyinlətdim. İndi yanaşı
gedirdik.
Qorxduğumu, ola bilsin, ya inamsız yerişimdən, ya da tez-tez
ətrafa boylanmağımdan duymuşdu. Hələ bəlkə ürəyimdən keçənləri də
oxuyurdu. Arada sakitcə: "Qorxma, buranı keçək, düz yola çıxarıq"-
deyib təsəlli verirdi.
Bizdən qabaq buralardan çox adam keçmişdi; qoşa izlərdən,
cığırın sağ-sol yörəsinə basdırılmış çubuqlardan, sönmüş ocaqların
boz külündən bilirdim. Cüt ayaq izlərinin dabanı bizə tərəf idi.
İzlərdən ucu bizə tərəf olanlar yalnız ləpirlər idi.
Mən danışmaq istəyirdim; susmaqdan həmişə qorxmuşam. O da
qaradinməz adam deyildi, əksinə, onu bütün şən məclislərimizin canı
bilirdik. Hələ məktəbdə oxuduğumuz illərdə hər bayramda ağlagəlməz
hoqqalar çıxarar, bağıryaran oyunlar düşünər, hərdən də uşaqları
yığıb səhnəciklər düzəldərdi. Mənə həmişə arxa rolları verərdi
(amma heç inciməzdim). Çox da yaraşıqlı idi. Sinifdə hamıdan
hündür, hamıdan güclü idi. Məndən başqa hamı ona həsəd
aparardı.
Məktəbimiz Bakının adsız məktəblərindən biri idi, amma hamı ona
"Nuzugilin məktəbi" deyərdi. Nuzu bizdən iki sinif aşağı oxuyurdu.
Kefi kök olanda şabaladı buruq saçlarına çiçək taxardı. Vurduğu
ətirin adını heç kimə deməzdi. Oğlanların yanından keçəndə həmişə
gülümsəyərdi. Onun təbəssümünü hərə özünə götürərdi.
Günlərin bir günü o, Nuzunun adını çəkdi. Həmin gün bütün
oğlanların qaşqabağı yer süpürdü. Fikir verməmişdim, deyirlər guya
o gün rus dili müəllimizin də kefi bərk pozulubmuş.
Bir dəfə anamdan "gözəl adamlar niyə gözəl olur?" soruşdum. Anam
qaradınməz adam idi, ən uzun cümləsi üç sözdən artıq olmazdı.
"Vitamin yeyirlər" – dedi. O gündən atamın verdiyi simitpulundan
kəsib meyvə alıb xəlvətcə yeyərdim. Meyvə olmayanda, vitamin
həbləri alıb atardım, qutularını da yığardım.
Nuzugilin toyundan bir gün qabaq mənə soyuq dəydi, sancı qarnımı
doğradı, toya gedə bimədim. Bir neçə gün sonra uşaqlardan biri
onların qoşa şəklini gətirdi. Nuzu gəlin paltarında tovuzquşuna
oxşayırdı.
İyirmi iki yaşımın tamamında, Nuzunun toy şəklini görən gün
vitamın qutularını yandırdım.
***
Talaya çıxdıq. Burda ot elə bil oraqla biçilmişdi, hamisi eyni
boyda idi. Ətrafdakı ağacların kölgələri indi titrəşir, ucları
talanın otrasındakı çömçəquyruqlar üzüşən gölməçədə birləşirdi.
--Bəlkə bir az dayanaq? - razılığımı gözləməyib oturdu.
Mən də oturdum. Azmağımızın canımı sarmış xofu olmasaydı, elə
burdaca uzanıb doyunca yatardım. Çəmənliyə dirsəklənidim, onun
gözlərini yumulu görüb, ayaqlarımı səssizcə uzatdım.
--Yox, yatma! Bir azdan toran vuracaq, yaxşısı budur gedək, - o,
elə gözüyumulu ayağa durdu.
Ayağından çəkdim. – Otur, bir az ondan danış, - dedim.
Ürəyim qopdu. Mən ondan belə bir xahiş edəcəyimi ağlıma da
gətirməzdim, hətta, elə düşündüm ki, bu xahişi ürəyimdə
etmişəm.
--Nə danışım? - çöməltmə oturdu. Sifətinin gərildiyini duydum, -
Çöküşümü mənə yenidən yaşatmaq istəyirsən?!
--Yox, əlbəttə yox! Biz dostuq. Həm də... axı o vaxt işlərin elə
alınmasında sənin günahın olmadı, - səhvimi düzəltmək üçün səsimi
mülayimləşdırdim.
İçimdə isə, maqma qayaları çatladıb püskürmək üçün vulkanın
boğazına çiləkənlənən kimi, başqa sözlər yığılmışdı. Dilim mənə
"Günahın özəyi sən idin; mənasını anlamadığın həyatı yaşamağı
bacarmadın"- dedirtmək istəyirdi, demədim. Deməyə qorxdum.
--Dostuq?! – səsində istehza duydum, - sən onun dostu idin,
mənim yox! Məni bütün dostlarımla bağlayan o idi. Mən onun
dostlarının dostuydum. Cəhənnəm olsun hamısı!
Pərt oldum. Ona etdiyim yaxşılıqlardan birini yada salıb səmimi
dost olduğumu sübüta yetirmək istədim, amma yadıma heç nə düşmədi.
"Bəlkə təyyarə qəzasından sonra xəstəxanada keçirdiyi ağrılı
günlərinə şərik olduğumu yada salım? Yox, olmaz! Əlbəttə olmaz!–
başımı buladım, fikri başımdan qovmaq üçün ovurdlarımı
dartışdırdım, - ömürdə elə günlər olur ki, o günləri yada salmaq
iblisə sitayiş etmək qədər çəkicidi".
Udqunub susdum. Bilirdim ki, bir qədər sussam, özü
danışacaq.
--Özünə götürmə, - çiynimə toxundu, - o vaxt xəstəxanada yatanda
mənə çox kömək durdun.
--...
-- Aramıza iblis girmişdi. O iblisi mən özüm böyütmüşdüm. Özüm!
– dizlərini yerə atıb əlini paçasının arasına apardı, - bax burda!
İblis həmişə burda yuva salır, burdan da beyini dumanlandırır. -
Ürək? – o, başımdan keçən sualı oxudu. - Ürək axmaq bir ət
parçasıdı! - əlini yellədi, - bütün xəyanətlər ürəkdən xəlvət baş
verir.
O, əl-qolunu ölçə-ölçə yenə nəsə dedi, səsi kardioqram kimi
dalğalandığından, dediklərinin yarısını eşitmirdim.
Ayağa durdu, mənə əl uzatdı. Onun əlinə toxunmaq istəmirdim,
biləyindən yapışıb qalxdım.
Talanın ayağında qara bir cığır ağzını açıb bizi gözləyirdi.
Ayağımız palçığa batmasın deyə, topa-topa bitmiş çayırların üstü
ilə gedirdik. Çayır sürüşkən idi, addım atdıqca, tarazlığı saxlamaq
üçün bir-birimizdən yapışırdıq.
***
Çayırlı cığırı batutabənzər yol əvəz etmişdi. Çəkmələrimiz
xışıltıyla illərlə solub cığıra tökülüb yapırıxmış yarpaq
çürüntülərinə batır, ayağımızı çəkən kimi isə izimiz yay kimi
gərilir, açılıb düzəlirdi. Kimsə ağaclardan birinə biçaqla "Nənni
yol" cızıb yazmışdı. Şüşə ciliklənməsi səsi də boğulub itmişdi.
Hardansa yenə ağ saqqalı göbəyinə düşən nuranı qocanın avazı
gəlirdi. Dayanıb xeyli dinlədik. Qocanın hər sözü meşədə əks-səda
verirdi. Zorla da olsa, dediklərini tuta bilirdik: "Dərinə gedin...
Ləzzət dərinlikdədi... Zaman hər kəsi yolayrıcında
yaxalayır..."
Bir-birimizə baxıb çiynimizi çəkib meşənin dərinliyinə doğru
addımladıq.
Yol bizi yırğaladıca, o, Nuzuya vurulduğu ilk gündən –
tənəffüsdə idman zalında tennis oynamağımızdan, birinci setdə onu
udandan sonra hirslənib paltarlarını qurşağa qədər soyunduğundan,
qızların gülüşüb pəncərənin ağzında basabas salmalarından, Nuzunun
pəncərədəki dibçəklərdən qopartdığı gülləri ona atmasından
danışırdı. O vaxt fikrimi çiçəklərdən ayıra bilməyib qızların
istehzalı gülüşü altında oyunu uduzmuşdum. Danışdıqlarını əzbər
bilirdim deyə, ona qulaq asmırdım, eləcə, arada başımı
tərpədirdim.
--Yadındadı, bir dəfə mənə yuxunu danışırdın? - əlinin dalı ilə
qoluma bərkdən vurdu, - deyirdin yuxuda ilan görmüsən, sonra da
gedib dişini çıxartdırmısan. Dişinin yeri ağrıya-ağrıya da gəlib
başını qırxdırmısan. Hələ dəllək boynunun arxasını qırxanda
ziyilini də kəsmişdi, yadındadı?
-- Hə, yadımdadı, - özümdən asılı olmadan boynumu qaşıdım.
-- O vaxt sənə demədim, mat qalmalı iş idi, axı mən də eyni
yuxunu görmüşdüm!
-- Ola bilməz! Bəs niyə demədin?
-- Hə, demədim. Qorxdum Nuzu eşidib mənə gülə.
-...
--Sonralar da danışdığın yuxuların hamısını eynilə mən də
görürdüm.
***
Yorulmuşduq. Xəzəlli cığırı palçıq yol əvəz eləmişdi. Löhmə
topuğumuza çıxırdı. Yavaşca: "Gəl qayıdaq, bu yolun axırı yoxdu" –
dedim. Eşitmədi. Bəlkə də heç demədim, eləcə fikirləşdim.
Qəfildən dayandı. Köynəyimin yaxasını ovuclayıb dişlərini
qıcadı:
-- Bilmirsən, gecə niyə qaranlıq olur?
Əlini yaxamdan qopartdım:
-- Bilmirəm...
Xeyli göz-gözə dayandıq. O, şalvarının balağını dizinə qədər
çirmələdi, çəkmələrini çıxardıb bağlarını bir-birinə düyünlədi, sol
çiynindən aşırdı. Çəkmələrdən süzülən löhmə köynəyi boyu axıb bir
neçə cığır açdı. Corabsız olduğunu indi sezdim. - Gündüzlər nifrət
etdiklərimizi gecələrin qaranlığında sevmək üçün, - o, palçıqlı
barmaqları ilə alnını ovuşdurub dedi.
Mən də ayaqqabılarımı çıxartdım. Onun ayaqlarının izi ilə
getməyə çalışdım, amma mənim ayağım onunkundan iri idi deyə,
cəhdlərim boşa çıxdı. Yenə yanaşı addımlamalı olduq. Yalın
ayaqlarımız gilli palçığa batdıqca, çirkli su sıçrayıb şalvarımızı
batırır, ayaqlarımızı götürdükdə isə ufultuya bənzər səs
çıxırdı.
İndi də o bütün şəhərin əzbər bildiyi təyyarə qəzasının necə baş
verdiyini, ayağını necə sındırdığını danışırdı. Toyundan iki il
sonra vurulduğu bir ərli xanımla ezamiyyət adıyla xəlvətcə
İssık-Kula getməsini, qayıdanbaş duman olduğundan, təyyarənin Binə
limanının eniş zolağına sərt çırpılıb sol qanadını sındırmasını
danışınca, mən artıq əhvalatın sonuna çatmışdım...
***
Nuzuyla mən onun gipsə qoyulub dəmirdən asılmış ayağı tərəfdə
durub üzgün-üzgün baxışırdıq. Palatadakı köhnə radio xışıltılı
səslə axşam xəbərlərində yaralananların adını sadalayanda Nuzunun
sifəti ağarmışdı. Dodaqları əsə-əsə qolumdan tutub məni dəhlizə
dartmışdı:
--Eşitdin?! Bir yerdə imişlər!
--Kim?
--O! - əlini palataya uzatmışdı, - məşuqəsi ilə. Adlarını yanaşı
çəkdilər, deməli biletləri də yanaşı imiş. – Axı mənə deyirdilər!
Deyirdilər axı! – Nuzu üzünü əlləriylə örtüb arxasını mənə
çevirmişdi.
-- Bəsdi! Qısqanc qəlbin açarı şeytanın əlində olar, - səsimə
məzəmmət tonu qatıb hardansa oxuduğum cümləni deyib onu
qucaqlamışdım. – Sən mənimsən! – saçını burnumun ucuyla aralayıb
ehtirasla qulağına pıçıldamışdım. Nuzu bərk-bərk mənə
sıxılmışdı.
Onun ayağının gipsi açılan gün baş verən hadısəni isə heç yada
salmaq istəmirəm. Nuzunu həmin gün birdəfəlik itirmişdim...
***
Palçıq dizimizə çıxırdı. Qəribə idi: dərinə getdikcə, palçıq
isinirdi. İndi palçıq elə ilıq idi, hər dəfə ayağım nazik su
qatının səthini gərib özünə rahatca yol tapıb lıqqıltı ilə dizimin
gözünə qədər löhməyə girəndə içimdən xoş bir gizilti keçirdi.
Yanıq iyi gəldi. Devikdik. Bizə yol göstərən nuranı qoca ağacın
altında oturub oxuduğu kitabdan qopardığı vərəqləri bir-birinin
oduna yandırırdı.
Vərəqlər yanana qədər lam dayanıb baxdıq. Bir neçə dəfə gücümü
toplayıb qocadan kitabı niyə yandırdığını soruşmaq istədim, amma
səsim çıxmadı. Qoca bizə baxıb gülümsədi, cibindən tütün çıxarıb
papiros bükdü, alışdırıb dərin bir qullab vurub bizə tərəf üfürdü.
Marixuananın yağlı qoxusunu əlbəəl aldım. Tüstü buruq-buruq süzüb
gəlib düz qrşımızda bataqlığa hopub itdi.
--Sabah tövbə edəcəm! – bunu o dedi.
--...
-- Tanrıya yalvarıb deyəcəm: Nuzuda görmədiklərimi başqasında
gördüm, - ayaqqabılarını sağ çiyninə keçirtdi, - məni bağışla,
Yaradanım! Palçıqlı barmağını mənə tuşladı: - mənə bütöv həyat
lazım idi, başa düşürsən?
Dinmədiymi görüb əlini havada oynatdı:
--Axı sən heç vaxt bütöv həyatın tamını dadmamısan.
Yenə susdum, çünki nə deyəcəyimi bilmədim. Onu çalafikir bir
adam bilirdim, ona görə də dediyi bu qəribə sözlərə mat qalmışdım.
Nuzuyla onun izdivacını Yaradanın ən böyük yanlışlığı sayırdım. O,
hər dəfə Nuzunun adını çəkəndə, elə bilirdim Yaradan marixuanadan
bir qullab alıb öz səhvinə qəşş eləyir.
-- Bütöv həyatı tənha da yaşamaq olur, – mızıldandım.
Biz yenə açıqlığa çıxdıq. Bura taladan çox, quruyub aşıb çalın
qalmış ağac məzarlığına bənzəyirdi. Ayağımızın palçığını cürüyüb
həlməşmiş ağaclara sürtüb təmizlədik.
--Şükr, - dedi, - yola çıxırıq.
--...
--Kərbəladan anama güllü yaylıq alacam, evini eybəcər
şlyapalarla doldurub.
Ürəyim sancdı. Onun anası ilə rastlaşdığım an yadıma
düşdü...
***
Nuzu bütün rəfiqələrini toylarının ildönümünə, özünün dediyi
kimi, "cuna" toyuna çağırmışdı. O isə bizim sinifdən məni, bir də
həmişə birlikdə nərd oynadığı yaxın dostuna demişdi. Məni Nuzunun
istəyi ilə çağırdığını sonralar öyrəndim. Getmək istəmirdim, ancaq
bəhanəm də yox idi. Çağırılan yerə onsuz da vaxtında gedən adam
deyiləm, o dəfə isə qəsdən çox gecikmişdim. Onlar yaşayan binanın
tinini dönəndə, uşaqları səs-küylə evdən çıxan görüb gizlənmişdim.
Onun nərd dostu əl-qolunu oynada-oynada Nuzunun rəfiqələrinə nəsə
gülməli əhvalat danışırdı.
Qapını üzümə ortayaşlı bir xanım açmışdı. Məktəb illəri valideyn
iclasına həmişə onun damalı köynək geyən atası gəldiyindən, anasını
heç vaxt görməmişdim. (Sonralar mən də damalı köynəkləri lap çox
sevdim). Başında qırmızı dənəcikli sarımtıl tor şlyapa, əynində
güllü zərif don vardı. Məni görüb duruxmuşdu. Bir neçə saniyə
damalı köynəyimə diqqətlə baxıb:
–İlyas!? - pıçıldamış və yaxınlaşıb məni qucaqlamışdı. Boyu
məndən bir qarış kiçik idi. Başını çiynimə qoyanda şlyapası sürüşüb
beli boyu diyirlənmişdi. Cəld əlimi atıb şlyapanı tutmuş, beləcə
qolum xanımın belinə dolanmışdı. Ah çəkdiyini də aydınca
eşitmişdim. Bir neçə dəqiqə beləcə quruyub qalmışdıq.
--Yox, mən İlyas deyiləm, xala, adım...
--Kim olduğunu bilirəm, bala. Keç, uşaqlar qonaq otağındadı, mən
onsuz da evə gedirəm, - burnunu çəkmişdi. Deyəsən
qəhərlənmişdi.
Həmin gün ürəyimdə Nuzuya qoyduğum xəlvəti adı ilk dəfə dilimə
gətirmişdim...
Qonaq otağında o tək idi. Məni görüb dilucu salam vermişdi,
yerindən də durmamışdı. Çaxır süzüb buludda qalan aşdan bulaşıq bir
boşqaba yığmiş, əli ilə toyuq qanadı qopardıb aşın üstünə atmışdı.
Xətrimə dəyməmişdi. Yox vallah!
Sonra Nuzu saçını qurulaya-qurulaya çilək xalatında otağa
girmişdi.
Çaxırı kənara itələyib çay istəmişdim. O, narazılıqla mətbəxə
keçib çay dəmləyən zaman Nuzu mənimlə üzbəüz dayanmış, məkrli
təbəssümlə mənə baxıb "Necəsiniz?" soruşmuş, çilək xalatının
toqqasını bərkitmək bəhanəsilə düyününü açıb toqqanı əlindən
salmışdı. Mən onun bihuşedici şampun qoxuyan çılpaq bədəninə baxıb
"Sən Tanrının qızısan!" deyəndə Nuzu qəhqəh çəkmişdi. "Ya Rəbb,
düşünmüşdüm, -elə bil bu gülüşü sən özün bəstələmisən, Nuzu da heç
vaxt gülüşündəki notlara qəlp qatmadan oxuyur!"
***
Üst-üstə uzanıb qucaqlaşıb birlikdə cürümüş ağacların arası ilə
açıqlığın kənarına doğru getdim. O isə oturub başını əlləri arasına
almışdı. Gün batmaq üzrə idi. Sərt dönüşlərlə uçan kəpənəklər
astaca yırğalanan ağacların arasından sızan şüaları tez-tez
kəsiridi. Bir qədər irəlidə qarşıma ətrafı rəngli güllərlə dolu,
içində qırmızı xırda balıqlar üzən gölçə çıxdı. Batmaqda olan
günəşin narıncı şüaları dibi aydın görünən dupduru sulu gölçədə əks
olunmuşdu.
--Gəl bir bu gözəliyə bax! – onu çağırdım.
Yaxınlaşdı.
--O xınagülüdü, - dedi, - Bu da sünbülçiçəyi.
-- Bəs bu? – soruşdum.
-- Məncə, mayaotudu.
-- Bu süsəndi, - ən yaxşı tanıdığım gülü göstərib əminliklə
dedim.
--Qəribədi, axı bu güllər buralarda bitmir! - əyilib mayaotundan
birini qopartdı.
-- Doğrudan qəribədi, sözünü təsdiqlədim. – Bəlkə bura güllərin
görüş yeridi?! – dedim. Sözümün mənasızlığını anlayıb tez geri
götürmək istədim, ancaq o "mən də elə düşünürəm" deyəndə
sakitləşdim.
--Mən ona ilk dəfə xınagülü bağışlamışam, - dedi.
--Kimə? – Nuzunu nəzərdə tutduğunu düşünüb qısqanclıqla
soruşdum.
-- O xanıma. Mənə həyatın gözəlliyi öyrədən xanıma.
O, xanımla yaşadığı alacan oyunlarının incəliklərini sonsuz
vurğunluqla danışarkən, mən Nuzunun həmin təyyarə qəzasından bir
gün sonrakı gecə zəngi haqda düşünürdüm. Kallaşmış səslə eləcə
"mənəm" deyib dəstəyi asmışdı. Doyunca ağladığı bəlli idi.
Bir an sonra yenə zəng gəlmişdi:
--Bura gəl. Tez!- demişdi.
Qapını açıb boynuma sarılmışdı.
--Qayınanam bizdədi, yatıb, səs salma, - pıçıldamış, qolumdan
tutub öz otağına dartmışdı.
Səhər tezdən qapı cəftəsinin səsini Təzəpirdən gələn sübh
azanının sədasına qatıb çıxmışdım.
Gündüzlər xəstəxanada, onun çarpayısı başında, gecələrsə Nuzunun
yatağında görüşüb zamanı həyata çevirirdik. Nuzuya vurğunluğumu
bilidirmək üçün qulağına saysız söz pıçıldamışdım.
Üçüncü gün yenə sübh azanına qalmış durub Nuzunun mehriban
baxışları altında geyinmiş, Təzəpirin mikrofonları işə düşən kimi
ayağımın ucunda otaqdan çıxmışdım. Dişlərimi qıcayıb qapının
cəftəsini açan anda dəhlizin işığı yanmışdı. Yuxusuzluqdan gözləri
şişmiş xanım acıqla məni süzəndə başımı aşağı salmışdım.
--Səni vurğun vursun, bala! – xanım dünyanın bütün kədərini bir
qarğışa büküb sifətimə çırpmışdı...
***
--O xanım, mənə dünyanın çirkabdan təmiz bütün gözəlliyini
yaşatdı! –Sənin üçün gözəllik nədi? – qoluma toxunanda fikirdən
ayıldım.
--Gözəllik... Məncə, gözəllik bax ətrafı əlvan güllərlə dolu,
içində qırmızı balıqlar üzən bu gölçədı.
Başını buladı. Dediklərimlə razı deyildi. Bu gölçəyə məftunluqla
baxsam da, dediklərimə mən özüm də inanmırdım. – Bəs o xanımla niyə
ayrıldın? – söhbəti dəyişmək üçün soruşdum.
-- Nuzu hər şeyi öyrəndi. Necə öyrəndiyini demədi, amma
xəstəxanadan çıxan gün hər şeyi bildiyini və məni bağışladığını
dedi. Nuzunun məni bağışlayacağına inanmadım, çünki o hər xırda
səhvi ömür boyu yadda saxlayan adamdı. Bağışlanmağımın səbəbini isə
sonra öyrəndim.
--Öyrəndin?! Necə?– elə həyəcanla soruşdum ki, o, təəccüblə
dayanıb üzümə baxdı.
--Sarı kişi köynəyindən...
-- ...
-- Mən heç vaxt rəngli alt köynəyi geymirəm. Xəstəxanadan
çıxdığım günün ertəsi döşəyimin altından ətəyi bürüşüb yapışmış
sarı alt köynəyi tapdım.
Başımı aşağı saldım. Altdan geydiyim yaşıl can köynəyim
görünməsin deyə, özümdən asılı olmadan, damalı köynəyimin yuxarı
düyməsini bağladım.
--Bəs... bəs sən Nuzunu bağışladın? – səsimin titrədiyini özüm
də duydum.
--Hə, bağışladım. Ayağımın gipsi açılanda elədiyi hərəkətdən
sonra özümə söz verdim ki, nə olur olsun, heç vaxt Nuzudan
ayrımayacam.
Gips açılan günü baş verən və məni Nuzudan birdəfəlik ayıran
hadisəni yadıma salmaq istəməsəm də, öz-özünə beynimə axdı...
***
Həkimin "bu gün gipsi açırıq" deməsi hər üçümüzü sevindirmişdi.
Nuzu mənim sevincimin yalançı olduğunu üzümə vurmamışdı. Bir azdan
tibb bacısı gəlib gipsi sökəndə o, qanı çəkilib ağarmış ayağını
havada oynadıb sevinclə bizə baxmış, "sağaldıq, Nuzu!",
-demişdi.
Nuzu tibb bacısını təşəkkürlərlə qapıdan yola salıb cəftəni
vurmuş, çarpayının ayağına yaxınlaşıb qoftasını, məmədanını
çıxarmış, onun ayağını sinəsinə söykəyib döşləri ilə ovuşdurmağa
başlamışdı. O an boğazımın quruyub suluq atmış yanıq yarası kimi
göynədiyini yaxşı xatırlayıram. O, mənə baxıb ikrah qarışıq
ləzzətlə gülmüş, mən isə gözlərimi yumub başımı divara
söykəmişdim.
--Sən indi Nuzu ilə xoşbəxtsən? – özümə təskinlik vermək üçün
onun cavabında azacıq da olsa narazılığa umud edıb soruşdum.
--Hə! Tam xoşbəxtəm! – o bunu elə gümrah səslə dedi ki, qolumun
keyiyib yanıma düşdüyünü hiss elədim. – Nuzunun xoşbəxt
olub-olmadığını deyə bilmərəm, ancaq alacan oyunlarımızın gözəlliyi
münasibətlərimizdəki bütün çala-çökükləri hamarlayır. Məni Nuzunun
o oyunları hansı sarıköynəklidən öyrəndiyi əsla maraqlandırmır.
İçimdəki qorun üstünü örtmüş külün ustufca sovrulduğunu hiss
etdim. Düşündüklərimin üzümdə məkrli təbəssüm yaratmasını gizlətmək
üçün mayaotundan birini qopardıb burnuma tutdum.
--Atam da belə idi, - o dedi, - uşaq vaxtı hər gecə yorğanımın
altından onun anamla davasını, anamın iniltili "olmaz"larını
eşidirdim. Axırda atam onu atıb getdi.
-- Hər ürəyin bir "olmaz"ı olur, - dedim.
Xeyli susduq.
-- Anam səni məndən çox istəyir, bilirsən?
Heyrətlə ona baxdım. Anasının dəhlizdə ürəyimə sapladığı
qarğışını yadıma saldım.
--Sənə elə gəlir, - üzümü əllərimlə örtüb dedim.
-- Doğru sözümdü. Xəstəxanadan çıxandan sonra bir dəfə anam
sənin barəndə danışırdı, "o uşaq damalı köynəkdə atan İlyasın
cavanlığına yaman oxşayır!" – bax belə də dedi.
Barmaqlarımın arasından gölçəyə baxdım. Onun anasının niyə məni
satmadığını indi anladım.
Gölçənin o başında üstü ağ çiçəklərlə dolu, zil yaşıl, ətli,
uzunsov yarpaqları pas rəngli saplaqlara sarmaşmış ladan kolları
bitmişdi. Yarpaqların kənarı aşağı qatlanmışdı. Bu, mənə onun
anasının şlyapasını xatırladırdı.
Ona sarı çevrildim və onun da diqqətlə ladan kollarına baxdığını
gördüm.
-- Qəşəng güllərdi, hə?- soruşdu.
-- Düzdü, qəşəngdilər. Yarpaqların büküşü məni valeh eləyib.
--Çox dərdin dərmanıdı, - arxadan səs gəldi.
Hər ikimiz qanrıldıq. Qoca idi. Ləngərli yerişlə gölçəni
hərlənib ladan kollarının yanında dayandı. Başala barmağını bizə
tuşlayıb "yaxın gəlin, yol burdandı, yolunuzun çətini arxada qalıb,
buranı keçəndən sonra düz yola çıxacaqsınız" dedi.
Bir-bimizə baxdıq. Çovğançı "başla!" əmrindən qabaq cilovu yığıb
atını şahə qaldıransayağı dikəlib əzələlərimi gərdim. Heç olmasa,
bu an ondan irəlidə olmaq istədim.
O, yenə də məndən qabağa düşdü; gölçənin düz ortasıyla, qırmızı
balıqların ətalətli üzüşünü pozub ladan kollarına tərəf qaçdı.
Özümdən asılı olmadı, mən də onun dalınca suya girdim. Ladan
kollarına az qalmış qəflətən onun boğaza qədər palçığa batdığını
gördüm. Bataqlığın qıfşamış üfunəti burnumu qıcıqlandırdı. Geri
qayıtmaq istədim, heç cür alınmadı, yapışqan kimi palçıq məni də
yavaş-yavaş dərinə çəkirdi.
--Ən gözəl güllər bataqlığın kənarında bitir, bilmirdiniz?! -
qoca qəhqəh çəkdi.
--Kömək elə, baba! – yalvardım.
--Xilas yolun gözünün qabağındadı, - qoca barmağı ilə havada
dairə çəkib onu göstərdi.
Qocanın nə dediyini əvvəl anlamadım, sonra qarşımda qulaqlarına
qədər palçığa batmış başa baxdım. Əl atıb onun saçından yapışdım.
Baş palçığın altında itəndə əlimi çəkdim. Yenə dayaqsız qaldım.
--Qurban olum, baba, kömək elə!- zarıdım.
Qoca donquldanıb ayağını burnumun ucuna qədər uzatdı. Var gücümü
toplayıb qocanın çirkli ayağından yapışıb sinəmə sıxdım.
Bataqlıqdan zorla çıxardığım bədənimin yerini kirli su örtüb
itirdi.
Kəsif qoxuyan ağ ladan çiçəklərindən bir neçəsini qopardıb
dodaqlarımı sildım. Qocaya minnətdarlıq etdim. O, cavab vermədi.
Cibindən zəngli saat çıxardıb əqrəblərini burdu. Zəng səsi meşəni
bürüdü...
***
Gözümü ovuşdurdum. Səhər açılmışdı. Pəncərədən düşən günəş
şüaları otağın küncünü işıqlandırmışdı. Telefon ara vermədən zəng
çalırdı. Dəstəyi qaldırdım. Nuzunun düz iki il, üç ay, on bir gün
həsrətində olduğum səsini eşitdim. Ağlaya-ağlaya "tək qaldım, o
yatdı, durmadı" dediyindən savayı ayrı sözünü anlamadım.
Axşamdan qalan yarımçıq marixuana bükümünü alışdırıb dərin
qullab vurdum. Tüstünün dabanıma qədər işlədiyini açıqca hiss
etdim.
Bir neçə dəqiqə sonra başım dumanlandı. Gözümün qabağına Nuzunun
yataq otağı gəldi: çarpayının bir tərəfində Nuzu şirin-şirin
mışıldayır, o biri tərəfində isə onun ürəyi qorxudan şüşə kimi
çatlayıb ciliklənir...
Yasına getmədim. Ona edə biləcəyim ən ucuz yaxşılıq yasına
getmək olardı.