Yuxarı

Əli Həsənov: "BMT-dəki islahatları dəstəkləyirik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?" mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, paneldə çıxış edən Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib ki, SSRİ-nin parçalanmasından sonra ABŞ-ın yeganə super güc olması təəssüratı yaranıb. NATO-nun gələcəyinə toxunan P. Stoyanov ABŞ-ın yeni prezidenti Donald Trampın NATO-ya digər ölkələrin ödənişlərinin artırılmasının zəruriliyi barədə dediklərinə toxunub: "Avropa İttifaqı ölkələri NATO-nun gələcəyinə inanır, ona alternativ görmür".

Ekvadorun sabiq prezidenti Rosalia Arteaga bildirib ki, bu gün ABŞ proteksionizm siyasəti aparır: "1930-cu ildə böhranın səbəbi məhz proteksionizm olub. Mən hesab edirəm ki, ABŞ Böyük Britaniya ilə iqtisadi əlaqələri gücləndirəcək, ittifaq yaradacaq. Avropa İttifaqı Hollandiya və Fransadakı seçkilərdən sonra da mövcudluğunu qoruyacaq. Asiya da ittifaq arayışları olacaq".

O, sülhün təbliğinin önəmli olduğunu deyib, məktəblərdə dərsliklərə bununla bağlı dərslər əlavə edilməsini zəruri sayıb.

Xorvatiyanın sabiq prezidenti İvo Josipoviç isə dünyanın gələcəyindən narahat olduğunu vurğulayıb: "Yeni siyasi və hərbi fəaliyyətlər yeni strukturların formalaşmasında mühüm rol oynayır. ABŞ-ın yeni doktrinası diqqət çəkir, Rusiyanın güclənməsi, Çinin iqtisadi və siyasi çəkisinin artması proqnozlaşdırılır. İnsanlar sabah nə baş verəcəyindən çox narahatdırlar. Qərb müxtəlif ölkələrə müdaxiləsinin hansı nəticələr verəcəyini proqnozlaşdıra bilmədi. Bir neçə ilə əvvəl mən prezident kimi ABŞ-da yüksək vəzifəli şəxslərlə görüşəndə deyirdilər ki, Suriya məsələsi artıq bitib. Ancaq hələ də bu problem həllini tapmayıb. Mən qorxuram ki, böyük güclər Suriyadakı vəziyyətin digər ölkələrdə, regionlarda, o cümlədən Balkanlarda yaranmasına imkan verəcək".

İ.Josipoviç bildirib ki, Makedoniya, Sloveniya, Serbiya, Bosniya və Hersoqovinada nə baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Maraqlar restrukzasiya olunur və Avropanın gələcəyi ilə bağlı qorxuram. Böyük güclər Avropada ölkələrin daxili işlərinə qarışacaq, bu da sabitliyə təhlükədir".

Fransanın sabiq maliyyə naziri Edmund Alfandery Avropa İttifaqına ümidin hələ tam itmədiyini söyləyib: "Əsas odur ki, yaxın günlərdə 60 illiyini keçirəcəyimiz Avropa İttifaqı ilə bağlı səhvlərə yol verməyək. Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra rəy sorğularına baxsaq, görərik ki, britaniyalıların əksəriyyəti Avropa İttifaqını dəstəkləyir. Bu gün Fransada Le Pen deyir ki, seçkilərdə qalib gəlsə, frankı bərpa edəcək. Ümid edirəm ki, mənim ölkəmdə Le Pen qalib gəlməyəcək. Şərqi Avropada, Orta Şərqdə, Afrikada, digər regionlarda dondurulmuş münaqişələr var. Nəzərə almalıyıq ki, Avropa İttifaqı Avropaya uzunmüddətli sülh gətirib. Avropa təsisatlarının çox böyük faydası var. Mərkəzi və Şərqi Avropa ölkələrinin xalqlarından, rəhbərlərindən soruşsaq, onlar da Avropa İttifaqını dəstəkləyəcəklər. Qorxu populizmi artırır. Ancaq Avropanın gələcəyi üçün birlikdə problemləri həll etməliyik. Biz NATO daxilində öz mühafizə imkanlarımızı gücləndirməliyik. Avropalıları inandırmaq lazımdır ki, Avropa İttifaqı çox uğurlu ittifaqdır".

Rumıniyanın sabiq baş naziri Petre Roman hesab edir ki, beynəlxalq münasibətlər sülhə və rifaha əsaslanmalıdır: "Qloballaşma inam yaratmır, bir çox dövlətlərə təhlükə törədir. İnam olmasa, biz qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilməyəcəyik. Bu inam bir çox xalq və mədəniyyətlər üçün faydalı olacaq".

Azərbaycan barədə təəssüratının gözəl olduğunu, həyat yoldaşı ilə Azərbaycana tətilə gələcəyini söyləyən "Concordia"-nın həmtəsisçisi, İdarə Heyətinin sədri Nikolas Logothetis ABŞ-da yeni hakimiyyətin hansı addımlar atacağını heç kəsin proqnozlaşdıra bilmədiyini vurğulayıb: "Bu gün Ağ Evdə iki qüvvə var. Bunlardan biri ənənəvi respublikası qüvvələrdir, ikincisi isə Stiv Bennen rəhbərlik etdiyi qüvvədir. Stiv Bennen çox təhlükəli fikirlər söyləyir. Stiv Bennen inzibati dövlətin rekonstrukzasiya olunması barədə danışır, populist siyasətə çox inanır. O, Donald Trampa ən güclü təsir göstərən şəxsdir. İnanıram ki, ənənəvi respublikaçılar qalib gələcək. Dünya 2016-cı il noyabrın 9-u ilə 2017-ci il noyabrın 9-nun çox fərqli olduğunun şahidi olacaq".

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, başda BMT olmaqla, dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar ortaya çıxır.

Ə.Həsənovun sözlərinə görə, BMT-nin əksər halda qəbul etdiyi qətnamə və qərarların imperativ xarakter daşımaması, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına səbəb olan təcavüzkar dövlətlərin cəzalandırılmasına ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur: "Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə eyni münasibəti göstərmir ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Həmin sənədlərin icra mexanizmlərinin siyasiləşməsi nəticəsində Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgəsində, Uzaq Şərqdə münaqişədən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır".

O, qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmayan, yalnız beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edən Azərbaycan dünyanın müxtəlif ölkələrində mövcud olan münaqişələrin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri və onların tez bir vaxtda yerinə yetirilməsini dəstəkləyir: "Lakin BMT vaxtilə İraqın dərhal cazalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən artıqdır, yerinə yetirilmir. Baxmayaraq ki, BMT-nin bu qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanıb, hərbi əməliyyatlara son qoyulması və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması tələbləri irəli sürülüb. Bütün bunların nəticəsidir ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və fəaliyyət strategiyasında köklü dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb".

Ə. Həsənov vurğulayıb ki, XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması məsələsi daha aktuallaşıb.

O, Azərbaycanın da dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəklədiyini nəzərə çatdırıb.

Ə.Həsənov müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruriliyi məsələsi ilə bağlı dünya birliyində müxtəlif yanaşmaların özünü göstərdiyini də bildirib. O, deyib ki, SSRİ-nin dağılması ilə NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzinə çevrilib: "Beynəlxalq münasibətlərdə “birqütblülük” yarandı ki, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb oldu. Lakin son 25 ilin təcrübəsi göstərir ki, “birqütblü” sistem və “yeni dünya nizamı” konsepsiyası bütün dövlətlər tərəfindən birmənalı şəkildə qarşılanmır. “Çoxqütblülüyün” aradan qalxmasına baxmayaraq, yenidən onun bərpa edilməsində maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasında maraqlıdır".

Ə. Həsənov qeyd edib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasını istəyir: "Hesab edirik ki, bu gün beynəlxalq hüquq və güc arasında balansın tapılması dünyanın xilasıdır".

Tarix
2017.03.16 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla