"Azadlıq" qəzeti mətbuat konfransı keçirdi
Bu gün saat 13:00-da RATİ-nin ofisində "Azadlıq" qəzetinin
çapının dayandırılması ilə bağlı mətbuat konfransı keçirildi.
Konfransda qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə
bərabər, hüquqşünas Aslan İsmayılov, DEVAMM-ın rəhbəri İlqar
İbrahimoğlu, Milli Şuranın üzvü İbrahim İbrahimli və s. şəxslər
iştirak edirdilər.
R.Hacıyev qeyd etdi ki, qəzet nəşriyyata olan 24 min manat
borcunu ödəmək imkanına malik deyil. Qəzetin dəfələrlə məhkəməyə
verildiyini bildirən R.Hacıyevin sözlərinə görə, nəticədə xeyli
cərimə yığılıb:
"Bakı Metropoliteninin rəisi Tağı Əhmədov "Azadlıq" qəzetindəki
məlumatla bağlı məhkəməyə müraciət etdi və qəzet 30 min manat
cərimələndi. Bizim cəhdimizlə Tağı Əhmədovla cərimənin 75 ay
ərzində hissə-hissə ödənilməsi haqqında razılıq əldə olundu. Lakin
sonradan Tağı Əhmədov bu razılaşmanı pozdu. Daha sonra qəzetin
əməkdaşı "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova
tərəfindən məhkəməyə verildi və qəzet cərimələndi. Nəticədə aprel
ayında Yasamal Rayon Məhkəməsi qəzetin bank hesabına həbs qoydu.
Oktyabrın 24-də "Azadlıq" qəzetinin məhkəmə qətnaməsini icra
etməməsi ilə bağlı protokol verildi və bizdən 65 min manatlıq
cərimənin ödənilməsi tələb edildi".
R.Hacıyev əlavə etdi ki, "Qasid" firmasının da "Azadlıq"
qəzetinə borcu yaranıb: "2013-cü ilin oktyabrın 1-nə qədər "Qasid"
firmasının qəzetə 50 min manat borcu olması təsdiqlənib və borc
ödənmir. Maddi vəsaitin olmaması nə cərimələrin, nə də qəzet
əməkdaşlarının maaşını ödəməyə imkan verir".
Azərbaycanda hüquq müdafiə institutu ölüb
Söz alan hüquqşünas Aslan İsmayılov isə ictimaiyyəti qınaq
atəşinə tutdu:
"Bu gün Azərbaycanda hüquq müdafiəçiləri "hüquq müdafiə"
peşəsini biznesə çeviriblər. Yəni qrant alıb, qrant yemək, yaxud
mətbuatda getdiyi kimi, dəfələrlə kimisə xaricdə hansısa siyahıya
saldırmaq üçün rüşvət alan hüquq müdafiəçiləri, arayış alan hüquq
müdafiəçiləri. Bu institut ölübdür Azərbaycanda".
"Gəlməmişdən öncə "feysbuk"da bir status paylaşdım ki, "Azadlıq"
qəzetinin bağlanması ilə əlaqədar konfransa gedirəm. Ki, görüm neçə
nəfər müdafiəyə gələcək. 3-5 dəqiqə bayırda gözlədim, bir nəfər
belə gəlmədi. Ancaq bəyənmədiyimiz Rusiyada "NTV" kanalı bağlanan
saatı 50 min adam "NTV"nin binasının qarşısında idi. Bizim "ANS"
bağlananda mən getmişdim həmin dəqiqə. Əlli nəfər belə gəlmədi.