Mətbuatda yayılan xəbərlərə görə, Milli Şuranın sədri Rüstəm
İbrahimbəyovla "EL" hərəkatının sədri Eldar Namazov arasında
gərginlik yaranıb.
Münasibətlərin gərginləşməsinə səbəb isə tərəflər arasında
maliyyə məsələsinin olduğu bildirilir. Rüstəm İbrahimbəyovun
Londona səfər etməməsi və daha sonra Tiflisə gəlib Cəmil Həsənli
ilə təkbətək görüşməsinin səbəbi də Eldar Namazovla üz-üzə gəlmək
istəməməsi olub.
Məsələ ilə bağlı Eldar Nazmovla əlaqə yaratdıq. "EL" hərəkatının
sədri yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirdi və bunu
Milli Şuraya qarşı qara piarın bir hissəsi adlandırdı: "Tamamilə
yalan məlumatdır. Bizim Rüstəm müəllimlə çox gözəl münasibətlərimiz
var. O gün də ANS-in muxbirinin yanında Rüstəm müəllimə zəng vurub,
hal-əhval tutdum. Bu cür dezinformasiyaların yayılmasını Milli
Şuraya qarşı növbəti qara piarın bir hissəsi hesab edirəm".
Eldar Namazov həmçinin Rüstəm İbrahimbəyovun APA-ya verdiyi
müsahibəyə toxunaraq indiki həssas dönəmdə Milli Şura üzvlərini
məsuliyyətli olmağa çağırıb:
"Bilirsiz, bu, hakimiyyətə yaxın mətbu orqanların Milli Şura
ətrafında yaratmaq istədiyi növbəti ajiotajdır. Hesab edirəm ki,
Rüstəm bəyin fikirlərini təhrif ediblər. Çünki biz onunla danışanda
Rüstəm müəllim tamam başqa ab-havada olur. Yenə də düşünürəm ki,
seçki təbliğatının həssas dönəmində Milli Şurada təmsil olunanlar
prezidentliyə namizədimiz Cəmil Həsənlinin qələbəsi üçün hər cür
fədakarlığa hazır olmalıdırlar. Əlbəttə ki, Milli Şura barəsində
verdikləri açıqlama və müsahibələrdə də olduqca məsuliyyətli olmaq
lazımdır".