"Son illər belə ətraflı və genişmiqyaslı müsahibə verməmişdim"
sözü söhbətimizin maraqlı keçdiyinə müsahibimizin özünün verdiyi
qiymət kimi maraqlıydı.
Bizimçün də çox maraqlı məqamlar oldu. Çünki Eldar Namazov
mərhum Heydər Əliyevlə işə başlamasından tutmuş ayrılmasına qədər
olan səbəblərdən danışdı – bu vaxta qədər demədiklərindən.
Demokratiyanın beynəlxalq aləmdəki durumu da, "milli
demokratiya" anlayışı da Eldar Namazovun dilindən səsləndi.
Beləliklə, H.Əliyevin "xüsusi imtiyazla" komandasına qəbul
etdiyi və yetişdirdiyi Eldar Namazovla vəd etdiyimiz müsahibəni
təqdim edirik.
(davamı)
Heydər Əliyevin gənc kadrı – Eldar Namazov
- Eldar Namazov Əliyev hakimiyyətinin şərti olaraq
"beyin mərkəzi" adlandırdığımız şəbəkəsinin tərkibində olan
şəxslərdən biri sayılırdı və səhv etmirəmsə, orda sizin qohumunuz
Dilarə xanım da var. Yeri gəlmişkən, Dilarə xanım sizin
bibinizdir?
- Bibim deyil, amma yaxın qohumuq.
- Dilarə xanım indi də hakimiyyətlə çalışır... Onda belə
bir təsəvvür yaranmışdı ki, həmin o mərkəzdə informasiya toplanır,
təhlil olunur, hazırlanır. Həm də ora təbliğat daxiliydi, təbii ki,
ona görə sizə media qurmağa imkan tanınmışdı. Bizimçün çox
maraqlıdır, Eldar Namazov o ideoloji mərkəzdə hansı təkilfləri
verib?
- Bilirsiz, burda bir balaca çəkdiyiniz çərçivəni korrektə
eləmək lazımdır. Əslinə qalsa, orda iki ideoloji mərkəz var idi.
Rəsmi vəzifə bölgüsünə görə bizdə ictimai-siyasi şöbə daxil olmaqla
bir ideoloji xətt vardı, ona Aparatın rəhbəri başçılıq edirdi. Hər
həftənin beşinci günü Prezident Aparatında iclas keçirilirdi və
mətbuat da o iclaslarda təmsil olunurdu, təlimatlandırılırdı. Orda
həftəlik planlar tutulurdu. Ancaq nə mən, nə də mənim yaratdığım
KİV-lər - "Space" telekanalı, "Panorama" qəzeti, "Ekskluziv
İnformasiya Agentliyi" - o tədbirlərdə iştirak edirdik.
Bir dəfə Heydər Əliyev dedi ki...
Bir dəfə Heydər Əliyev dedi ki, sənin iclaslarda iştirak
etməməyin və media qurumlarını digərləri ilə uzlaşdırmamağından
şikayətlər var, get, orda iştirak elə. İştirak etdim və bu, cəmi
bir dəfə oldu.
Sonra Heydər Əliyevə dedim ki, əgər icazə versəniz, mən yenə
köhnə qaydada öz işimi davam etdirərəm. O da etiraz eləmədi. Həmin
illərdə "Panorama" qəzeti ölkədə ən çox oxunan qəzetlərin birinə
çevrilmişdi.
"Panorama" qəzeti "Yeni Nəsil"in keçirdiyi sorğuda qəflətən
aparıcı yerlərin birinə çıxmışdı.
Həmin dövrdə Prezident Aparatında bir çox qəzetlər çıxırdı. Amma
həmin siyahıda heç 20-ci yerdə də yox idilər. Hətta Prezident
Aparatının təhlükəsizlik üzrə iclaslarında bəzi məmurlar
"Panorama"nın kimə işlədiyini bilmədiklərini dedilər. Mən də belə
söhbətlərə hazır idim. Həmin söhbətlər açılan zaman stolun üstünə
"Qasid"in aylıq hesabatlarını qoydum. Bakıda bir gündə 10-15 min
arası "Panorama"nın nüsxəsi satılırdı. Ancaq məni tənqid edənlərin
rəhbərlik etdiyi qəzetlərin aylıq satış hesabatını prezidentə
göstərdim - cəmi 60-70 dənə satılmışdı.
Ona görə də belə iradları qəbul etmirdim.
Heydər Əliyev mürəkkəb siyasətçi idi
- Və Heydər Əliyev də sizi müdafiə edirdi. Maraqlıdır,
Heydər Əliyevin stavka etdiyi gənc siyasətçi niyə o komandadan
ayrıldı? Ümumiyyətlə, onun sizlə iş prinsipini necə xarakterizə
edərdiniz?
- Heydər Əliyev mürəkkəb siyasətçi idi. Heydər Əliyev bütün
sahələrdə - daxili və xarici siyasətdə çalışırdı ki, müxtəlif,
çoxşaxəli yanaşmalardan istifadə etsin. Misalçün, xarici siyasətdə
görürdük ki, o, həm Avropa, həm Amerikayla, eyni zamanda, Yeltsinlə
hələ "Politbiro"nun dövründən münasibətlərinin pis olmasına
baxmayaraq, Rusiya ilə stabil siyasət qurdu. Daxili siyasətdə də
Heydər Əliyevin müxalifətin azadlıqlarını əlindən almadığını
görürdüm. O dövrlər şəhərin mərkəzində mitinqlər olurdu, müxalifət
liderlərinin telekanallara yolu bağlanmamışdı. Mətbuat azad idi.
Yəni onun bir məşhur ifadəsi vardı: yanında çalışan bəzi məmurların
sərt təkliflərinə qiymət verəndə deyirdi ki, "Əzizlərim, Politbüro
indi Moskvada deyil, Vaşinqtondadır. Odur ki, nəzərə alın".
Yenə deyirəm, o, daha geniş təbəqələrlə iş qururdu.
- Yəni siz də dolayısı ilə Lalə Şövkətin Heydər Əliyevi
müxalifət liderlərindən üstün tutması ilə bağlı son açıqlamasını
bölüşürsünüz?
- Lalə xanımın o açıqlamasından xəbərsizəm.
- Onda öz münasibətiniz: Heydər Əliyevi necə
ümumiləşdirərdiniz?
- Bu barədə yuxarıda fikirlərimi təxminən dedim... Bilirsiz, bir
dəfə ABŞ-da oxuyub gələn gənclərlə bizim görüşümüz oldu. Ora məni
və ABŞ-ın o vaxtkı səfiri Rino Harnişi dəvət etmişdilər. Və məndən
Heydər Əliyevdən ayrılma səbəbini soruşdular. Mən onlara burda həm
insanların yaş, həyat təcrübəsi, həm də dünyagörüşünü nəzərə
alınmalı olduğunu dedim.
- Sizə gənc olmağınıza baxmayaraq, böyük imkanlar
tanımışdı Heydər Əliyev...
- Heydər Əliyevin sahələr üzrə köməkçiləri yox idi və mən hər
şeyə cavabdeh idim. Daxili, xarici siyasət, hətta iqtisadi
məsələlərlə bağlı müşavirələr olanda belə məni dəvət edirdi. Hətta
Təhlükəsizlik Şurası yaradılandan sonra məmurlardan biri dedi ki,
fərmanda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulub.
Heydər Əliyev dedi ki, buna ehtiyac yoxdur, Eldar Namazov bu
vəzifənin də öhdəsindən gələcək.
Məni prezidentin adından Lalə Şövkət dəvət
eləmişdi
- Onunla işləməyə özü dəvət etmişdi sizi?
- Məni ora prezidentin adından Lalə Şövkət dəvət eləmişdi. Lalə
xanım o vaxt dedi ki, prezident sizin ona köməkçisi olmağınızı
təklif edir, mən isə daxili məsələlər üzrə dövlət müşaviri
vəzifəsini qəbul etmənizi istərdim.
Lalə xanıma təşəkkür etdim və hər iki təklifdən imtina etdiyimi
bildirdim. Bunun səbəbini heç vaxt dövlət işlərində çalışmamağımla
və həmişə müstəqil insan olmağımla əlaqələndirdim.
O, çox təcrübəli psixoloq idi...
- Heydər Əliyevin adı ilə çağırılırdızsa, demək,
hardansa sizi tanıyırdı və ya üz-üzə gəlmişdiz.
Bəlkə, Dilarə xanımın təşəbbüsü olub?
- Yox, özü tanıyırdı... Lalə xanım həmin vaxt Heydər Əliyevə
zəng eləyib dedi ki, Eldar mənim yanımdadır, amma hər iki vəzifədən
imtina edir. Sonra Heydər Əliyev məni kabinetinə çağırdı. Onu da
deyim ki, o, çox təcrübəli psixoloq idi. Məni görəndə məsələni
başqa cür qoyaraq, niyə belə məsuliyyətli durumda işləmək
istəmədiyimi soruşdu. Və sözünə belə başladı: "Bir tərəfdən
ermənilərin hücumları gedir, bir tərəfdən daxildə siyasət
gərgindir, Xalq Cəbhəsi də məni dəvət elədi bura, indi də
vəzifələrini dondurublar. Ölkədə bir sabitlik yaratmaq lazımdır,
sən də deyirsən yox, işləmək istəmirəm".
Mən də dedim ki, cənab prezident, məsuliyyətdən qaçmıram,
sadəcə, bu məsuliyyəti dərk edirəm, çünki mənə mühüm dövlət
postlarını təklif edirsiniz, mənsə təcrübəsizəm. Lalə xanım deyir
ki, dövlət müşaviri kimi 4-5 nazirliyə rəhbərlik edəcəksən, siz isə
bütün müstəvilərdə köməkçiniz olmağımı istəyirsiniz. Mən bu
məsuliyyəti dərk edirəm, ona görə də deyirəm ki, daha təcrübəli
birini cəlb edəsiniz.
O da Lalə xanıma zəng elədi ki, daha hansı vəzifələr var? Lalə
xanım prezidentə vəzifələri sadaladıqca mən bir-bir imtina edirdim.
Axırda gəldi analitik xidmətin rəhbəri. Dedim ki, cənab prezident,
mən elə özüm analitik mərkəzin rəhbəriyəm. O vaxtlar mənim
rəhbərlik etdiyim mərkəzdə Tofiq Zülfüqarov və Leyla Əliyeva kimi
siyasi analitiklər çalışırdı. Təbii ki, mən prezidentin təklif
etdiyi bu posta razılaşdım.
Həmin günü məni analitik xidmətin rəhbəri təyin elədi. 2-3
həftədən sonra da məni çağırıb dedi ki, noldu, təcrübə topladın?
Dedim ki, cənab prezident, 2-3 həftəyə necə təcrübə toplaya
bilərəm? Bundan sonra prezidentin səfərlərində onu müşayiət eləməyə
başladım. Hardasa 94-cü ilin yaz aylarında məni kabinetinə
çağıraraq yeni vəzifəyə təyin etdi və prezidentin köməkçisi olaraq
çalışmağa başladım.
- Sizi siyasətçi və kadr kimi yetişdirən bir adamdan
könüllü ayrılmağınız belə bir rəy yaratmışdı o zamanlar: yəqin ki,
bu istefa razılaşdırılıb.
- Yox, bunlar şayiədir.
- İstefa ərizənizin üstünü yazmamış Heydər Əliyev
sizinlə görüşdümü?
- Yox, mən elə həmin gün ordan getdim. Sadəcə olaraq, dövlət
məmurları iki dəfə mənimlə söhbətə gəldilər. Onlara qərarımın qəti
olduğunu bildirdim. Onların dediyinə görə, Heydər Əliyev deyib ki:
"Eldara çatdırın ki, ya mənimlə dost ola bilər, ya da düşmən. O da
seçimini etsin, əgər dostdursa, qayıtsın".
Mən də dedim ki, Heydər Əliyevi heç vaxt özümə düşmən saymaram,
amma o komandayla işləyə bilmərəm.
- Demək ki, söhbət komandanın hansısa məmurundan gedir,
Heydər Əliyevlə heç bir narazılığınız olmayıb.
- Bəli.
- O komandada işləmək istəmədiyiniz kim və ya kimlər
idi?
- Ad çəkməyə ehtiyac görmürəm. Amma onlar ölkədə islahatların
getməsinə mane olan adamlar idi.
- Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov
Heydər Əliyev xarici siyasətini beynəlxalq aləmdə təmsil edən üç
nüfuzlu diplomat hesab olunurdu. Amma hər üçünüz eyni vaxtda istefa
verdiniz. Bu hadisə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan
və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli
yönündə ilkin razılıq əldə olunması ilə eyni vaxta təsadüf etdi.
İstefadan sonra isə siz susdunuz və istefanızın əsas mahiyyətindən
danışmadınız.
- Bir neçə məqamı qeyd etmək istəyirəm. Bir müddət bu sualın
cavabını ictimailəşdirməməyimizin bir səbəbi var idi - söhbət
qapalı gedən danışıqlar idi. Qarabağ ətrafında gedən danışıqların
hamısı məxfi idi. Təsəvvür edin ki, prezidentin məxfi poçtu yalnız
məndən keçir. Biz Heydər Əliyevlə xaricdə səfərlərdə olanda heç
kimin həmin sənədləri oxumağa ixtiyarı yox idi. Yəni belə vəzifədə
çalışan insanların həm qanun qarşısında, həm də vicdanı qarşısında
mənəvi məsuliyyəti olur. Dövlət sirrinə aid olan məsələləri biz
ictimaiyyətə açıqlamırıq. İkinci səbəbi də Azərbaycanın mövqeyinin
zəifləməməsi üçün hansısa detalı ictimailəşdirməyi əsassız hesab
edirdik. Bunu etmək mövqeyimizə də zərər edəcəkdi.
Bir az məsələ ATƏT-in İstanbul sammitində dəyişdi. Həmin
sammitin rəsmi qərarlarında yazılmışdı ki, bu sammitdə Qarabağ
münaqişəsinin həlli yönündə razılıq əldə olunmalıdır. Ancaq
Azərbaycanda üç vəzifəli şəxsin istefaya getməsi və Yerevanda
parlament binasında baş vermiş güllələnmə bu razılaşmanın əldə
olunmasına mane oldu. Bu yalnız ATƏT-in sənədlərində öz əksini
tapdıqdan sonra biz istefamızın səbəbini açıqlaya bildik.
Bəli, bizim istefamız Qarabağ məsələsi ilə bağlı idi. Amma bir
məsələni vurğulamaq istəyirəm ki, Vəfa Quluzadə və Tofiq Zülfüqarov
xarici siyasətə baxırdılar, amma mən həm xarici, həm də daxili
siyasətə nəzarət edirdim. Mənim istefamın ilkin səbəbi də daxili
siyasətə aid olan narazılıqlar idi. Bir məqamı da vurğulayım ki,
mən ilk dəfə istefa ərizəmi 1999-cu ilin axırında yox, həmin ilin
əvvəlində yazmışam. Onda nə Vəfa Quluzadə, nə də Tofiq Zülfüqarov
istefaya getməyə hazırlaşırdı. Sadəcə, o vaxt Heydər Əliyev bərk
xəstələndiyinə görə ondan ayrılıb gedə bilmədim. Yəni onda
getməyimi mənəvi cəhətdən düzgün saymadım.
- Deyirsiz ki, ATƏT-in sənədlərində münaqişənin həlli
olumamasına səbəb kimi Ermənistan parlamentindəki terror aktı və
Azərbaycanın 3 nüfuzlu diplomatının istefası göstərilib.
Ermənistandakı terror aktını Rusiyanın həyata keçirdiyi hələ o
vaxtlar da heç kimdə şübhə doğurmurdu. Yəni Rusiya münaqişənin
həllində maraqlı deyildi. Amma eyni vaxtda siz də istefaya getdiniz
və bunu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunmaması ilə əsaslandırdız. O zaman məntiqlə belə düşünmək olar
ki, dolayısı ilə Rusiyanın maraqlarına xidmət
edirdiniz?
- Çox məntiqli sual verirsiniz, onun da eyni məntiqli cavabı
var. Rusiya bizdən fərqli olaraq ümumiyyətlə münaqişənin həllində
maraqlı deyildi. Çünki münaqişə həll olunsaydı, region onların
əlindən çıxıb ABŞ-in əlinə keçəcəkdi. Amma bizi münaqişənin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməməsi narahat
edirdi. Yəni hadisələr üst-üstə düşsə də, fərqli səbəblərdən baş
verdi.
Müsahibənin əvvəli
burada