Astanada baş verən məlum hadisələrdən bir neçə gün
keçməsinə baxmayaraq, Ermənistan media qurumları prezident Serj
Sərkisyana və digər tərəflərə ittihamlarına ara
vermir.
Bu ölkənin media agentliyində getmiş "Yox olasan bu zəmanətinə
görə" başlıqlı təhlildən aydın görünür ki, söhbət Rusiyanın öz
vassalı Ermənistana münasibətindən gedir. Vurğulanır ki, Ermənistan
regionda hamıdan çox, Rusiyanın destruktivliyi ilə üzləşib. Əlavə
edilir ki, keçmiş SSRİ-nin süqutundan sonra xarici siyasətini
qurmağa çalışan Rusiya dünyada olduğu kimi, Cənubi Qafqazda da
müəyyən fiasko ilə üzləşdi. Yəni əvvəllər olduğu kimi, başda Putin
olmaqla, hakimiyyətin yuxarı eşalonuna nüfuz edən keçmiş KQB
işçiləri Sovetlərin qoyduğu qaydalarla irəliləməyi özlərinə rəhbər
tutdular. Ötən onilliklər ərzində, demək olar ki, Rusiya Cənubi
Qafqaza heç bir yenilik gətirmədi.
Yazıda daha sonra Rusiyanın müttəfiqi Ermənistana münasibətinə
toxunulur. Qeyd olunur ki, zaman keçsə də, Kreml Ermənistanda nə
siyasi, nə iqtisadi, nə də digər sahələrdə rəqabətə davamlı
mexanizmlər, texnologiyalar ortaya qoymayıb. Əksinə, neqativ nələr
varsa, hamısı Ermənistanda kök atmağa başlayıb. Ermənistan
ictimaiyyəti günü-gündən anlamağa başlayıb ki, Rusiya heç bir vaxt
müttəfiq ola bilməz. Yanaşma təkcə bir amilin üzərində qalıb,
saxlanılıb – o da Ermənistanın təhlükəsizliyinin qarantı məsələsi.
Sadə ermənilər hesab edir ki, Türkiyə və Azərbaycanın hücumundan
Ermənistanı yalnız Rusiya xilas edə bilər.
Yazı müəllifi bu yanaşmanı kökündən yanlış adlandıraraq,
təhlükəsizlik məsələsi anları yetişəndə Rusiyanın erməniləri
meydanın ortasında tək qoyduğunun şahidi olduqlarını vurğulayıb.
Ermənilər hesab edir ki, təhlükəsizlik məsələsi silahdan daha çox,
mənəvi amillərin aliliyinin qorunması, bərqərar olunmasıdır.
Qazaxıstanın paytaxtı Astanada baş verənləri əsas gətirən erməni
təhlilçilər əksinə, hesab edirlər ki, Ermənistanın təhlükəsizliyini
zərbə altında qoyan, onun müasir dünyada seçiminə mane olan ölkə
varsa, o da Rusiyadır: "Hətta Moskva Ermənistan üçün ən böyük
təhlükədir".
Təhlilin sonunda Rusiyanın bir məsələdə Ermənistanın qarantı
olduğu vurğulanır – o da yerində saymaq və əyalət statusunda qalma
amilində.