Vahe Avetiyan Ermənistan
ordusunda xidmət edib, "Azadlıq Ordusu" qurub, Qarabağda
azərbaycanlılara qarşı vuruşub, Qarabağın erməni torpağı olduğu
illüziyasına inanıb. Ancaq 1992-ci ildən Ermənistandan mühacirət
etmək məcburiyyətində qalıb.
Öz ölkəsindən kənarda yaşasa da, heç vaxt Qarabağ konfliktindən
və Qafqazdan özünü uzaq hesab etmir. Yazılarının demək olar ki,
hamısı məhz bu regionla bağlıdır. O, həmçinin Qarabağ müharibəsində
olan bütün reallıqlar haqqında danışan tək-tük adamlardandır.
Beləliklə, hazırda Stokholmda yaşayan Vahe Ahanyanla
müsahibəni təqdim edirik.
Görüş qərarını Kreml verir
- Cənab Avetiyan, prezidentlərin görüşündən müsbət qərar
gözləyirdinizmi?
- Bizim prezidentlərin görüşü Kremlin təyinatıdır və qərarları
da o verir. Siz Kremlin azərbaycanlılar və ermənilər üçün nə isə
müsbət qərar verdiyini xatırlaya bilərsinizmi? Görüşə gəlincə isə
nəzəri olaraq nə isə gözləmək mümkün idi. Amma yenə deyirəm, yalnız
nəzəri. Mənim cavabım yox idi.
Baş redaktor satqın və köpəkdir
- "Aykakan Jamanax" qəzeti Rusiyanın Gümrüdəki
bazalarını genişləndircəyini yazır. Daha sonra onlar bildirirlər
ki, bir müddət sonra məhz buna görə Gümrü qapalı şəhər olacaq.
Sizcə, bu, Ermənistana necə təsir edəcək?
- "Aykakan Jamanax" qəzeti KQB-nin əlaltı vasitələrindən biri,
oliqarx tərəfindən maliyyələşdirilən, müntəzəm olaraq müxalifətin
sözünü nəzarət altında saxlayan mətbuat orqanıdır. Bu qəzetin baş
redaktoru satqındır, xidmətlərinə qarşılıq rüşvət kimi hazırda
parlamentdə oturur. O, saxta adlandırdığı seçkilərin hesabına indi
vergi ödəyicilərinin çörəyini yeyir. Bu qəzetin yazdığı hər şey
yalandır. İcazəniz olsaydı, mən heç bunu şərh etmək istəməzdim. O,
erməni hakimiyyətini tənqid edə-edə bir tərəfdən də rus silahının
məğlubedilməzliyini təbliğ edən köpəkdir.
- Sizcə, konflikti necə həll etmək olur? Bunun həlli
əsasən, kimdən asılıdır?
- Bizdən - sadə vətəndaşlardan. Səndən və məndən. Biz indi
sakitcə söhbət edirik. Təsəvvür edin ki, 1000 adam belə danışır.
Sonra milyonlarla insan sadəcə sülh şəraitində yaşayır. Belə, çox
sadə.
Rusiya erməni silahını Azərbaycana çevirdi
- Siz əvvəllər orduda xidmət eləmisiniz, 1988-1992-ci
illərdə. Maraqlıdır, niyə birdən-birə ordudan
getdiniz?
- Mən orduda xidmət eləməmişəm. Mən onu özüm yaratmışam. Elə bil
xeyirxah əsgər öz qardaş-bacıları ilə Ermənistanın azadlığı üçün
Sovet İttifaqına qarşı savaşırlar. Bu belə də adlanırdı – Azadlıq
Ordusu. Getməyə səbəblərim çox oldu. Səbəblərdən biri odur ki, mən
heç vaxt fikirləşmirdim ki, iki il müddətində mübarizə apardığım
Sovet imperiyası bir azdan bizim dostumuz olub, silahı, müharibəni
Azərbaycana tərəf çevirəcək. Mən Qarabağ hərəkatındakı çekistlərdən
olmamışam. Mənim müəllimlərim onillərini Sovet həbsxanalarında
keçiriblər, Azərbaycanda yox. Mən Arkyanın tələbəsi idim. O,
demokratik Azərbaycanı Sovet İttifaqı üçün partnyor hesab edirdi,
düşmən yox. Məhz buna görə Qorbaçov onu ölkədən deportasiya elədi.
O, hamının planlarını dəyişdi. O, sülh, insan haqları haqqında
fikirləşirdi, lakin mənim soydaşlarım ancaq kabab və qovurma
anlayırdılar.
Qarabağda vuruşduğuma peşman deyiləm
- Qarabağda vuruşduğunuz üçün
peşmansınızmı?
- Xeyr. Mən cəza əmaliyyatlarında iştirak etməmişəm, əsirləri
zəhərləməmişəm, şərəfi ayaqlar altına atmamışam. Bunların heç
birinə şahidlik etməmişəm, susmuşam. Mənim vicdanım ləkəli deyil.
Bundan əlavə, mən axmaq gənc idim. Daim öz böyüklərinə inam ruhunda
tərbiyə edilmiş gənc. Əgər gəncləri ölümə o yaşlılar aldadıb
aparıblarsa, qoy onlar öz qəlbləri haqqında düşünsünlər.
Serj Sarkisyan – aşağı rütbəli çekist
- Serj Sərkisyanı necə xarakterizə
edirsiniz?
- Yerli, aşağı rütbəli çekist.
- Bayaq Rusiya faktını qabartdınız. Rusiya, yoxsa ABŞ?!
Bunlardan hansı Qarabağ problemi həll edə bilər?
Vuruşduğumuz yetər!
- Rusiya və ABŞ heç öz problemlərini həll edə bilmirlər. Əgər
özlərində olanı həll edə bilmirlərsə, haradasa, nəyisə necə həll
edə bilərlər? Artıq tarix tərəfindən sınanıb ki, onlarda hələlik
yalnız sıyıq düzəltmək alınır. Onlar heç harda, heç nəyi həll
etməyiblər. Həll etdikləri yalnız bir şey olub: görəsən, yerliləri
qul edək, yoxsa yox. Əziz qonşularım, bir az öz ambisiyalarımızı
aradan qaldırmaq lazımdır. Biz azad olsaq, bir-birimizə bu məsələdə
kömək edə bilərik. Artıq vuruşmağımız kifayətdir.
- Təsəvvür edək ki, Rusiya yoxdur, artıq Ermənistan
müstəqil siyasət yürüdür. Necə fikirləşirsiniz, hökumət başında
oturan adamlar problemi həll edə bilərmi?
- Yox, onlar məhkəməyə gedər. Sonra malları əllərindən alınaraq
dövlət büdcəsinə verilər. Daha sonra isə ən əzazilləri əmək
koloniyalarına göndərilər. Sonra isə sizinlə dostluq və əməkdaşlıq
haqqında müqavilə imzalananda müharibədən əziyyət çəkənlər üçün
azərbaycanlılarla birgə xüsusi zonalar yaradılar. Biz orada insan
haqları, demokratiya haqqında kurslar təşkil edərik. Onların uzun
müddət məşğuliyyəti olar...
- Kimin söylədiyi yadımda deyil, amma bir söz var ki,
Ermənistan azadlıq arzuları Qarabağ zirzəmisində batıb. Bu fikirlə
razılaşırsınızmı?
- Xeyir. Biz azadlığı qəlbimizdə itirmişik.
Kimsənin özü istəmədən xilası yoxdur
- Gəlin təssəvvür edək ki, 1991-ci ildə Şuşada bir
erməni anadan olub. Hazırda 22 yaşı var. O fikirləşir ki, Qarabağ
həmişə müstəqil olub. Ona görə azərbaycanlılar sonradan buralara
gələrək torpaqları işğal ediblər və ataları sonra mübarizə aparıb
Qarabağı azad edib. Maraqlıdır, görəsən, o nə vaxtsa yanıldığını
etiraf edə bilərmi?
- Əgər rəis boyunlarının arxasında piy qatı bağlayıbsa, xalqın
cibində isə siçanlar oynayırsa, o zaman camaat özünü aldadılmış
hiss edir. İnsan özünü siyasətin ucbatından aldadılmış hesab etmir.
O, daha yaxşı başa düşdüyü şeylərdən ötrü, sosial ədalətsizliklərə
görə özünü aldadılmış sayır. Siyasət elmi botanika və kvant
fizikasına bənzəyir. Amma heyf ki, birinci halda beynini sarı
mətbuatla yuyan istənilən şəxs özünü siyasətçi hesab edir.
- Bəs bu insanı necə xilas etmək olar?
- Əgər özü istəməsə, heç kim onu xilas edə bilməz. Təhsil və
dərin analiz. Bax bu iki şey insanın sadiq xilaskarıdır.
Bizim yalnız bir düşmənimiz var
- Cənab Avetiyan, bu konfliktin gələcəyi barədə nə
fikirləşirsiniz?
- Hər şeyi düşünmək olar. Biz öz kollektiv xəstəliyimizi adlaya
bilməyib, təzədən Sovet İttifaqının tərkibinə vəhşi qafqazlılar
kimi qayıda bilərik. Yaxud da tamam əksi ola bilər. Bir-birimizə
nəhayət deyə bilərik ki, bizim yalnız bir düşmənimiz var və yalnız
uzunqulaq belə düşmənə sahib ola-ola qonşusu ilə dalaşar.