"Müdafiə Nazirliyi ilə baş redaktorlar arasında
qeyri-rəsmi bir anlaşma baş tutdu".
Bu sözləri Axar.az Teleqraf MMC-nin rəhbəri Aynur
Camalqızı dünən Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı
ilə keçirilən ölkənin aparıcı media nümayəndələrinin görüşünə
münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə media arasında
münasibətlərin normal müstəvidə inkişafı üçün bu addım atılmalı
idi:
"Orduda baş verən hər bir hadisə ictimaiyyəti düşündürür. Bu
baxımdan, bizim orada nazir müavini general-leytenant Kərim
Vəliyevlə çox səmimi söhbətlərimiz oldu. Biz də öz
fikirlərimizi, təkliflərimi çatdırdıq, Müdafiə Nazirliyi ilə daha
operativ şəkildə işləmək istədiyimizi bildirdik. Onlar da bizə söz
verdilər, media ilə olan münasibətlərini daha da
gücləndirəcəklərini bildirdilər. Nazirlikdə redaktorlar arasında
qeyri-rəsmi bir anlaşma da baş tutdu. Milli maraqlar və dövlətçilik
əleyhinə olan, qeyri-səhih və araşdırılmamış məlumatların mətbuatda
yayılmaması üçün razılığa gəldik".
"Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin
Mirzəbəyli də Müdafiə Nazirliyinin bu təklifini
təqdirəlayiq addım adlandırdı:
"Görüşün ən önəmli cəhəti olduqca səmimi və açıq bir söhbətin
baş tutması idi. Görüş zamanı nazirliklə media arasındakı
əlaqələrin inkişafı baxımından maraqlı və düşündürücü təkliflər
səsləndirildi. Belə görüşlərin davamlılığı üçün də təkliflər irəli
sürüldü. Ümid edirəm ki, bu görüş növbəti belə tədbirlərin
keçirilməsi üçün başlanğıc olacaq. Bu ənənə halına gətirmək həm
mətbuatın, həm də nazirliyin marağındadır".
"Şərq" qəzetinin Baş redaktoru Akif Aşırlı da
görüşün media üçün əhəmiyyətli olduğunu bildirdi:
"Mətbuat üçün əhəmiyyət kəsb edən bir tədbir baş tutdu. Bu gün
cəmiyyəti düşündürən əsas məsələlər müzakirəyə çıxarılmışdı. Bu
görüş ordu komandanlığı ilə mətbuatın çox səmimi bir dostluğuna
növbəti təkan oldu. Mətbuatın irəli sürdüyü təkliflərə ordu
komandanlığı öz münasibətini bildirdi. Ermənistanın Azərbaycana
qarşı apardığı informasiya siyasətinə ölkə mediasının,
jurnalistlərin münasibəti kimi əsas məsələlər bütün detalları ilə
müzakirə edildi. Hesab edirəm ki, bu həm ölkə, həm media üçün son
20 ildə baş tutan ən əhəmiyyətli görüşlərdən biri oldu. Bunun çox
müsbət nəticələri olacaq".
Qeyd edək ki, iyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü
keçirilib. Görüşdə tanınmış media nümayəndələri Vüqar Səfərli,
Aynur Camalqızı,
Aydın Quliyev, Rəşad Məcid, Akif
Aşırlı, Elçin Mirzəbəyli, Natiq Məmmədli, Yunus Oğuz, Eynulla
Fətullayev, Seymur Səfərli, Elbrus Ərud da iştirak edib.