Bu gün axşam Bakıda Azərbaycan milli mətbuatının
yaranmasının 139-ci ildönümünə həsr olunmuş mərasim
keçirilib.
Publika.az-ın məlumatına görə, hökumət və dövlət nümayəndələrinin,
Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin
iştirak etdiyi tədbirə dövlət himninin səslənməsi ilə
başlanılıb.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə
medianın inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən
jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat
verib. Bildirib ki, müsabiqəyə 116 jurnalistin yazısı təqdim
olunub. Bu jurnalistlər ümumilikdə 66 redaksiyanı əhatə edib.
Bu yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən
qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə
birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Sənədlər
ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert
rəylərini əsas götürərək, 30 jurnalistin müsabiqənin qalibi, 10-nun
isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul
edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov
mərasimdə çıxış edərək media nümayəndələrini milli mətbuatımızın
yaranmasının 139-ci ildönümü münasibətilə təbrik edib, onlara yeni
yaradıcılıq uğurları arzulayıb.
Professor Əli Həsənov deyib ki, tarixə nəzər salsaq, görərik ki,
zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin
şərəfli inkişaf yolu keçib:
"Azərbaycan milli mətbuatı XlX əsrin II yarısında çar Rusiyasında
cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli
ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa
başladı. Həmin dövrdə imperiyada həyata keçirilən liberal
islahatlar Azərbaycanda milli burjuaziyanın formalaşmasına və
maarifçilik hərəkatının inkişafına əlverişli zəmin yaratdı".
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, görkəmli
ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim və naşir Həsən
bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi
ilə ilk azərbaycandilli nəşrin - "Əkinçi" qəzetinin işıq üzü
görməsi çox əlamətdar bir hadisə idi və həmin gün – 22 iyul 1875-ci
il Azərbaycanda milli mətbuat günü hesab olunur.
Şöbə müdiri bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğununun mühüm tərkib hissəsi kimi
söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist
KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ
bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin
edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas
vəzifələri kimi müəyyən edib.
Ə.Həsənov diqqətə çatdırıb ki, 2003-cü ildə cənab İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı dövrdə
bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri
sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik
inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual
şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam
etdirilib.
Onun sözlərinə görə, ötən illərdə həyata keçirilmiş çoxsaylı
tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət
göstəricilərinin inkişafına mühüm təsir göstərib.
Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında
qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq
həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi,
300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq
televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması
fəaliyyət göstərir.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə müstəqil KİV-lərin
inkişafın göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, mərasimdə "Ali Media Mükafatı" da sahiblərinə təqdim
olunub. "Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur
Camalqızı da bu sırada mükafat alanlardan olub.
Müsabiqədə həmçinin, "Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Ruslan
Xəlil qalib olub.