"Demək olar
ki, hər gün saatlarla bizim kəndimiz atəşə tutulur, camaat
çölə-bayıra çıxma bilmir".
Bu sözləri Feysbuk sosial şəbəkəsində "Susma" səhifəsində
Azərbaycanın Ermənistanla sərhəd Tovuz rayonunun Koxanəbi kəndinin
sakini, keçmiş polis əməkdaşı Ələsgər Məmmədov son günlər
üzləşdikləri vəziyyəti izah edərkən deyib.
Axar.az xəbər verir ki, keçmiş polis iyulun 30-da Ermənistan
kəşfiyyatçısının kəndə keçdiyini deyib. Şahidin sözlərinə görə,
həyəcan siqnalı verilib, bütün ordu və kənd sakinləri ayağa qalxib.
Hər yeri axtarsalar da, heç kimi tapa bilməyiblər.
Onunla sosial şəbəkədə yayılan müsahibəni təqdim edirik.
- Kəndinizin atəşə tutulması nə vaxtdan
başlayıb?
- Çoxdan belədir. Amma haradasa 20 gün olar ki, kəndimiz hər gün
atəşə tutulur. Burda bir dənə də olsun salamat ev yoxdur, hamısının
dam örtüyü, divarları deşik-deşikdir. Camaat evindən bulağa su
gətirməyə gedəndə, gözü erməni postunda qalır, qaça-qaça
gedib-gəlir. Ermənistan əsgərlərinin postuna ən yaxın bizim
kənddir. Ona görə hər gün saatlarla kəndi atəşə tuturlar.
- Kəndə atəş açılan postları, səngərləri aydın görmək
olurmu?
- Əlbəttə, Ermənistan ordusunun postu bizdən hava yolu ilə
400-500 metr məsafə ola, ya olmaya. Mən evimizdən çıxanda piyada 10
dəqiqəyə həmin postlara çatırdım. Hazırda Koxanəbinin atəşə
tutulduğu 3 səngəri vaxtilə biz qazmışıq. Mən polis olmuşam, o
vaxtlar beş polis hərbçilərlə birgə həmin postlarda dururduq. Evdən
ora hər gün piyada qalxırdım.
- Bəs necə oldu ki, həmin postlar Ermənistan ordusunun
əlinə keçdi?
- Haradasa 1992-93-cü illərdə. O vaxt bizim briqada komandirimiz
var idi - Murad Əliyev. O, zorla bizi həmin postlardan aşağı
düşürdü. Dedi kəndinizdə komandir işləmək istəyən adam var, mən
silah-sursat verərəm, qoy, o kənd camaatını başına yığıb kəndi
qorusun. Ondan sonra biz yüksəklikdəki postu tərk etdik.
- Ondan sonra kəndi atəşə tutmağa
başladılar?
- Bəli, bir-neçə gün sonra həmin səngərlərdə bir Ermənistan
əsgəri gördük, daha sonra yavaş-yavaş artmağa başladılar. Təsəvvür
edirsiniz, iki il əvvəl Ermənistan ordusu vaxtilə bizim
dayandığımız səngərlərdə, mənim dayımın ot biçdiyi yerdə
açıq-aşkar, heç nədən çəkinmədən gecə-gündüz betondan istehkamlar
qurmağa başladı. Ora işıq çəkmişdilər, qaynaq aparatı
gətirmişdilər. İşləri ağpaltarlı fəhlələr görürdü. Hətta deyirdilər
ki, guya işləyən ağpaltarlılar azərbaycanlı əsirlərdir. İndi həmin
yerdən kəndimizi hər gün atəşə tuturlar. Həmin vaxt kənd camaatı
komandirə yalvardı ki, heç olmasa, həmin istiqamətə bir-iki güllə
atın ki, onlar orda açıq-aşkar iş görə bilməsinlər. Komandir
camaata qulaq asmadı, Ermənistan əsgərləri də orda rahat iş apardı.
Həmin səngərlər kənddən 500-600 metr yüksəklikdədir. Hansı ki,
vaxtilə həmin səngərin ikisini mən özüm qazmışam.
- O, postlardan kəndinizə güllə atanları görə
bilirsinizmi?
- Orda 20-yə yaxın əsgər və mülki adamlar dayanır. Həmin adamlar
səngərdə hər gün görünmürlər. Həftədə iki-üç dəfə görünürlər və
onda da dayanmadan atəş açırlar. Kəndi atəşə tutanlar daha çox
mülki adamlardır. Ermənistan əsgərlərini hərdən görürük, onlar
mülki adamlar kimi o qədər də fəal deyillər.
- Həmin ərazidə Azərbaycan ordusunun əsgərləri və
postları yoxdur?
- Onların sağında da, solunda da Azərbaycan əsgərləri var. Bizim
postlardan həmin səngərlərin içərisi və Ermənistan kəndləri aydın
görünür.
- Onda niyə kəndinizi atəş altında saxlayan həmin
nöqtələrə müdaxilə olunmur?
- Bilmirəm. Onu deyim ki, ötən il "Qızıl Aypara"dan nümayəndələr
Ermənistan tərəfi ilə görüşmək üçün həmin postlara qalxmışdılar.
Bizdən briqada komandiri də orda idi. Ermənistan hərbçiləri ora
gəlmədilər, dedilər o postlar Azərbaycan əsgərlərinindir. Belə
idisə, niyə elə həmin an Azərbaycan əsgərlərini o postlara qaldırıb
həmin səngərləri götürmədilər? Ermənistan hərbçiləri demir post
onların deyil, onda bizimkilər niyə o səngərləri tutmadılar, aydın
deyil.
- Deyirsiniz, həmin postlardan Azərbaycan kəndləri hər
gün atəşə tutulur. Onlara Azərbaycan ordusu cavab
verirmi?
- Son günlər cavab verilir. Ermənistan ordusunun əsgərləri atəş
açmağa başlayan kimi bizimkilər cavab atəşi açır və onunla da onlar
atəşi dayandırırlar. Ermənistan əsgərləri əsasən günortadan sonra
kəndi atəşə tutur və haradasa iki saat davam edir. Əsasən iriçaplı
silahlardan atəş açılır. Bir dəfə kəndimizə qumbaraatandan atəş
açmışdılar. Bu günlərdə Azərbaycan ordusunun postu yandırıldı.
- Güllə altında kənd camaatının əhvalı necədir, necə
yaşayırlar, kəndi tərk edənlər varmı?
- Hər gün atəş altında olan kənddə yaşayış necə ola bilər?
Kənddə 20-25 ev varsa, onun 15-də yaşayış var, adamlar hara gəldi
köçüblər. Rayon mərkəzinə, qonşu kəndlərə köçənlər də var.