"Rusiyanın Azərbaycanla bağlı planları yavaş-yavaş
ortaya çıxır".
Bunu Axar.az-a politoloq Fərhad Mehdiyev bir gündə bu qədər itki
verən Azərbaycanın düşmən tərəfə bundan sonra necə reaksiya
verəcəyi ilə bağlı danışarkən deyib.
Politoloqun sözlərinə görə, dünəndən birdən-birə cəbhədə bu
qədər aktivliyin artması birbaşa Rusiyanın Azərbaycana
basqısıdır:
"Bu, Rusiyanın Azərbaycana onların tərəfinə keçməsi üçün
göstərdiyi basqıdır. Eyni zamanda bu, Rusiyanın öncədən düşünülmüş
və planlaşdırılmış təzyiqləridir. Düşünmürəm ki, Rusiya tərəfi bunu
müharibəyə çağırış üçün etsin. Çünki onun özü də məsələnin
müharibəyə qədər çatmasını istəmir. Hazırda Avropa tərəfindən qınaq
obyektinə çevrilən və Ukraynada istədiyini edə bilməyən Rusiya indi
də Qarabağ məsələsində, necə deyərlər, Azərbaycanı sındırmaq
istəyir".
Politoloqun sözlərinə görə, bu mərhələdə Azərbaycan ciddi
diplomatiyaya başlamalıdır ki, Rusiyanın mövcud planları ortaya
çıxarılsın:
"Belə düşünürəm ki, Azərbaycan baş verən bu olayda təmkinli
olmalı və səfərbərlik hazırlıqlarının getdiyini göstərməlidir. Bu
yolda Türkiyə ilə razılığa gəlib Naxçıvanda türk alayları
yerləşdirmək və hərbi dəstəyi təmin etmək lazımdır. Bundan sonra
isə Misir-İsrail müharibəsindəki kimi İsrailin yolu ilə getmək
lazımdır".
Fərhad Mehdiyev onu da qeyd etdi ki, Amerika ilə razılığa gəlib
peyk dəstəyini təmin etmədən müharibəyə başlamaq olmaz: "Bizdə
zondal, yəni kameraları olan peyk sistemi yoxdur. Zondal peyk
düşmənin yer dəyişməsi, mövqeyi, silahlarının sayı və növü, dəqiq
atışların aparılması üçün vacibdir. Yalnız bu yolla döyüş zonasında
daim çəkiliş aparmaq və Rusiyanın yalançı iftiralarının qarşısını
almaq olar. Kəşfiyyat məlumatları zəfərin vacib şərtidir. Ancaq mən
yenə də iri çaplı müharibənin olacağını hesab etmirəm".