Axar.az Prezident
Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənovun Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi
şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü
ilə bağlı AzərTAc-a müsahibəsini təqdim edir:
- Əli müəllim, avqustun 9-10-da Rusiya Prezidenti
Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və
Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüşün
nəticələri haqqında nə demək olar?
- Məlum olduğu kimi, bu görüş iki ölkə başçıları arasında ATƏT
Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən
12-ci görüşdür. Əlbəttə, hər bir görüşdən müsbət nəticə
gözləntiləri olur. Çünki, görüşdə də qeyd olunduğu kimi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən
uzun sürən münaqişələrindən biri "statusunu" almaqdadır. 20 ildən
artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı
pozmaqla kifayətlənməyib, bütün Avrasiyada regional sülhü və
təhlükəsizliyi təhdid edir. Odur ki müxtəlif formatlarda, xüsusən
də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən
belə görüşlər heç zaman izsiz qalmır.
Konkret olaraq Soçi görüşünün nəticələrinə gəldikdə, qeyd
etməliyəm ki, son zamanlar Ermənistanın işğalçı qoşunlarının
təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə
bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün
keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab V.Putinin
təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş
sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar. Rusiya
Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk Qrupunun
üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu
missiyanı – sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti
dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin
yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri
dərindən anlayır. Cənab V. Putin ikitərəfli və üçtərəfli
danışıqlarda əsas diqqətini, ilk növbədə, atəşkəs rejiminin bərpası
və qorumasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll
olunmasına və tərəflər arasında etimad mühitinin yaradılmasına
yönəltmişdi. Digər tərəfdən, Rusiya Prezidentinin münaqişənin "bu
qədər uzanmasını proseslərin müsbət dinamikasına xələl gətirən bir
amil" kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan
münaqişəsinin tezliklə həllinə pozitiv yanaşması kimi
qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada
belə ifadə etmək olar: mövcud status-kvo tezliklə, sülh və
danışıqlar yolu ilə aradan qaldırılmalıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə olduğu kimi, bu
görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional
sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda
işğal altında olan torpaqların qeyd şərtsiz azad edilməsi ilə bağlı
BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini, qaçqın və məcburi
köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi
irəli sürmüşdür. Prezident İlham Əliyev Rusiya Prezidentinin
iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə
istinad edərək, ilk dəfə idi ki, Ermənistanı işğalçı dövlət
adlandırmış və bu dövlətin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz
çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir.
O ki, qaldı, Ermənistan Prezidentinin mövqeyinə, bu ölkənin
danışıqlardakı "arqument torbası", həmişəki kimi, bu görüşdə də boş
idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın
nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum
qətnamələri qarşısında Sərkisyanın irəli sürdüyü "arqumentlər"in
heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına kiçik
əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks
etdrməyən "riyakarlıq buketi"ndən ibarət idi.
Azərbaycanı hansısa "şərtə əməl etməməkdə" günahlandırmaq və
Rusiya Prezidentinə "bu qonşu ölkə haqqında kiçik vassal
şikayətləri etmək" imperiya dövründə kiçik vassalların Rusiya
çarına ünvanladığı "şikayət ərizələrini" və "donoslarını"
xatırladır. BMT-nin 4 qətnaməsi ortada ola-ola, Azərbaycanı hansısa
kiçik bəhanələrlə günahlandırmağa başqa ad da vermək olmur.
O ki qaldı, danışıqların ümumi nəticəsinə, analitiklərin
fikrincə, Soçi görüşünün nəticələri, ümumən, pozitiv
qiymətləndirilə bilər. Doqquz aydan sonra ölkə rəhbərləri
səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər
formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət
təsirini göstərəcəkdir.
- Serj Sərkisyan görüşdən sonra Ermənistan mətbuatına
verdiyi açıqlamasında Azərbaycanı hədələyib və ölkəsinin
Azərbaycanın bütün yaşayış məntəqələrini "Ağdama çevirmək" gücündə
olduğunu iddia edib.
- Açığını deyim ki, Sərkisyanın əvvəllər və indi verdiyi bu
tipli açıqlamalar Ermənistana ekstremist təfəkkürlü insanların
rəhbərlik etdiyini açıq göstərir. Xatırlayırsınızsa, 2000-ci
illərin əvvəllərində müsahibələrinin birində, o, etiraf etmişdi ki,
ermənilər Xocalı soyqırımını törətməklə azərbaycanlılara qarşı cəza
aksiyası həyata keçiriblər. Ancaq Sərkisyan unudur ki, nə indi ötən
əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir.
Elə həmin açıqlamasında Sərkisyan iqtisadi və hərbi gücün
Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz
növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, əgər Ermənistan
rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı
siyasətini davam etdirsin.
- Əli müəllim, dünən qardaş Türkiyənin tarixində ilk
dəfə birbaşa seçkilər yolu ilə ölkə prezidenti seçilmişdir.
Nəticələr artıq bəllidir. Cənab R.T. Ərdoğan bu seçkilərdə qalib
gəlib. Bütövlükdə seçkinin nəticələrini və cənab R.T Ərdoğanın
qələbəsini necə dəyərləndirirsiniz?
- Əvvəla, türk xalqını bu seçki münasibəti ilə ürəkdən təbrik
edirəm. Həmişə olduğu kimi, bu seçkilər də demokratik və azad
şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri cənab
R.T.Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin prezidenti kimi,
seçkilərdə qazandığı uğura görə, cənab Ərdoğanı təbrik edirik və
ona Türkiyənin gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar
arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona
subyektiv qiymət vermək düzgün deyil. Türk xalqı belə məsləhət
bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu
seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə
uğurlar azrulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə
ilə strateji tərəfdaşlığını və müttəfiqliyini indiyə qədər
sürdürdüyü kimi, bundan sonra da davam etdirəcəkdir. Arzu edirik
ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti
cənab Ərdoğan Türkiyəni ən doğru yolla gələcəyə götürsün və ilk
xarici səfərini də Azərbaycana etsin.