Dünyasını dəyişməzdən bir
neçə ay öncə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan
tarixinin ən önəmli anı ilə bağlı saytımıza sensasiya doğuracaq
açıqlama vermişdi. Eks-müşavir açıqlamasında 1994-cü ildə Heydər
Əliyevlə birgə "Əsrin müqaviləsini" Rusiya kəşfiyyatından necə
gizlətdiklərini və mərhum prezidentin bunun reallaşdırılmasına
əngəl yaradılmasının qarşısını necə aldığını detalları ilə
söyləmişdi. O, Heydər Əliyevin bu kontraktları imzalamaqla
Azərbaycanı dünyanın qabaqcıl ölkələrinin strateji maraq dairəsinə
salmağı bacardığını bildirmişdi.
Axar.az Heydər Əliyevin anadan olmasının 93-cü ildönümündə həmin
faktları olduğu kimi təqdim edir:
"Əsrin Müqaviləsinin siyasi
effekti nüvə bombasının partlayışına oxşadı".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Əsrin
Müqaviləsinin 20 illik yubileyi ilə bağlı danışarkən deyib. O, SSRİ
zamanından Amerika şirkətlərinin Azərbaycana maraq göstərdiyini
bildirib:
"Sovet İttifaqı hələ çökməmişdən əvvəl Amerikanın neft
şirkətləri Azərbaycana maraq göstərirdilər. Bunlardan bəziləri
80-ci illərin axırlarında Azərbaycana gəlmişdilər. O zaman
"Azneft"də görüşlər keçirmişdilər. Onlar bilirdilər ki, bu region
neftlə zəngindir. Sovet İttifaqı çökəndən sonra neft şirkətlərinin
Bakıya səfəri daha müntəzəm xarakter almağa başladı. Azərbaycanla
Ermənistan arasında müharibənin başlanmasına baxmayaraq, neft
şirkətləri hər zaman risk edib ən gərgin regionlara gedirdi. Sözsüz
ki, onlar Elçibəy dövründə də Azərbaycana böyük maraq
göstərirdilər. Elçibəy dövründə də xarici kompaniyalarla Azərbaycan
Neft Şirkəti arasında danışıqlar gedirdi. Mən anlayırdım ki, bu
neft kontraktlarının əhəmiyyəti böyükdür. Amma görünür, o zaman
Elçibəy və onun ətrafındakılar bunu yaxşı dərk etməmişdilər. Bundan
əlavə isə təcrübə və risk məsələsi yox idi. O zaman mən Elçibəyə
təklif etdim ki, neft kontraktlarını imzalasın. Biz onun
kabinetində söhbət edirdik. O isə mənim yanımda telefonu götürdü və
Neft Şirkətinin prezidenti Sabit Bağırova zəng vurdu. Sabit Bağırov
isə dedi ki, neft kontraktları hazır deyil və onun üzərində iş
getməlidir. Mən onda "nə vəziyyətdədirsə, fərqi yoxdur, yenə də qol
çək" dedim. O isə bununla razılaşmadı. Beləliklə, məsələ
bağlandı".
Politoloq o zaman Kəpəz yatağı ilə bağlı Elçibəyə edilən
təklifin rədd edildiyini deyib:
"Mən bunu ilk dəfə sizə deyirəm. O zaman balaca bir Amerika
şirkəti var idi. Onlar Bakıya gəlib Elçibəydən xahiş etmişdilər ki,
Xəzərdəki Kəpəz (Türkmənistan buranı Sərdar adlandırır) yatağını
onlara işləmək üçün versinlər. Onlar təklif etmişdilər ki, kiçik
bir kontrakt bağlasınlar. Amma bu təklif rədd olundu. Əgər o zaman
bu şirkətlə müqavilə imzalansaydı, bu yataq uzun müddət
türkmənlərin heç yadına da düşməyəcəkdi. Biz rahat şəkildə orada
işləməyə başlayardıq və burada heç mübahisə də olmazdı. Hətta bu
mübahisə başlasaydı belə çox asanlıqla həll olunardı".
V.Quluzadə məhz Heydər Əliyevin sayəsində Əsrin müqaviləsi ilə
bağlı işin sürətləndirildiyini söyləyib:
"Heydər Əliyevin böyük siyasi təcrübəsi var idi. O, hakimiyyətə
gələn kimi bu neft kontraktları üzərində gecə-gündüz iş getməyə
başlandı. İş sürətləndirildi. Mayda biz atəşkəs müqaviləsinin
imzalanmasına nail olduq. Üç ay sonra gözlənilmədən Qərb şirkətləri
Azərbaycana təşrif buyurdu və təntənəli surətdə bu müqavilə
imzalandı. Bu, Rusiya üçün tam gözlənilməz idi. Çünki Rusiya
bilirdi ki, Neft Şirkəti bu kontraktları imzalamağa hazır deyil.
Onların ARDNŞ-də informatorları var idi və onlar xəbər verirdilər
ki, hələ heç bir şey hazır deyil. Amma hazır olmayan o kontraktlara
Heydər Əliyev imza atdı. Sonralar bu müqavilələrin üzərində iş
davam etdi. Amma onun siyasi effekti nüvə bombasının partlayışına
oxşadı. Çünki birdən-birə Azərbaycan kimi balaca bir ölkə
Amerikanın maraq dairəsinə düşdü. Bundan sonra Rusiya özünü itirdi.
Sabahısı gün Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat verdi ki,
Xəzərin statusu hələ təyin olunmayıb və burada iş aparıla bilməz.
Amma bunu amerikalılar qulaq ardına vurub dərhal işə başladılar.
Azərbaycanın statusu bu müqavilədən sonra dəyişdi. Biz birdən-birə
dünyanın qabaqcıl ölkələri üçün strateji maraq dairəsinə düşdük.
Biz müqaviləni imzaladıqdan sonra avtomatik olaraq bu ölkələrin
himayəsinə, dəstəyinə nail olduq".
O, rus kəşfiyyatının o zaman neft kontraktlarının imzalanacağı
vaxtı öyrənmək üçün bütün imkanlardan istifadə etdiyini
vurğulayıb:
"O zaman heç kəs düşünmürdü ki, sentyabrın 20-də kontraktlar
imzalanacaq. Rusiyanın Azərbaycanda kəşfiyyatı çox güclü idi. Amma
kəşfiyyat da dəqiq deyə bilmədi ki, bu neft kontraktları
imzalanacaq, ya yox. Bu da bizim böyük uğurumuz oldu. Çünki onlar
bunu bilsəydilər, özlərinə məxsus müxtəlif metodlarla prosesi
dağıdardılar. Mənim yadımdadır, neft müqavilələri imzalanan zaman
Vladimir Kazimirov da dəvət olunmuşdu. Kazimirovu həmin tədbirdə
mən müşayiət edirdim. Nahar yeməyi zamanı gördüm Kazimirov
narahatdır. Neft kontraktlarının imzalanması onun üçün böyük ağrı
olmuşdu. Mən də zarafatla ona bir böyük stəkan araq süzüb rahat
olmasını dedim. O da üzünü turşudub birdən-birə bu arağı başına
çəkdi. Kefi çox pis idi.
Rusiya Yeltsin dövründə bərbad vəziyyətdə idi. Ölkədə anarxiya
hökm sürürdü. Rusiya təyyarələri uçmurdu. Çünki yanacağın hamısını
parçalayıb satırdılar. Bəlkə də başqa zaman olsaydı, Moskva nəsə
edərdi, amma xoşbəxtlikdən onların vəziyyəti ağır idi. Ona görə də
heç nə edə bilmədilər".
Politoloq o zaman Əsrin Müqaviləsində iştirak edən şirkətlərin
məhz onunla məsləhətləşdiyini bildirib:
"Bu müqavilənin imzalanmasında mənim də kiçik rolum olub.
Xatırlayıram ki, bu şirkət rəhbərlərini dəfələrlə qəbul etmişəm.
Məhz onlar üçün mən siyasi məsləhətçi olmuşam. Onlar hər məsələyə
görə mənə zəng edirdilər. Mən BP-nin məşhur prezidenti Con Brauna
dəfələrlə məsləhət vermişəm. Bütün neft şirkətlərini Azərbaycanla
əməkdaşlığa yönəldir və deyirdim ki, Heydər Əliyevin hakimiyyəti
möhkəmdir. Onda müxtəlif şayiələr gəzirdi ki, dövlət çevrilişi
cəhdləri olacaq. Onlarda panika olurdu və həmin anda dörd-beşi
birdən-birə mənim kabinetimə gəlirdi. Mən də deyirdim ki, narahat
olmayın, Heydər Əliyev bunu "dəmir əllə" qaydaya salacaq. Mən
sevinirəm ki, bu kontraktların imzalanmasında azacıq da olsa
zəhmətim var".
2014-09-20