"İndiki mərhələdə Ukrayna hökumətinin səhv qərarı
Azərbaycanın da müstəqilliyini təhlükə altına qoyur"
Ukraynada siyasi böhran getdikcə dərinləşir. Hökumətlə
Avrointeqrasiya tərəfdarları - müxalifət - arasında münasibət artıq
pik həddə çatıb. Bu hadisələr fonunda ölkədəki vəziyyət, oradakı
azərbaycanlıların fəaliyyəti ilə əlaqədar Ukraynada yaşayan siyasi
ekspert Fəhmin Hacıyevlə söhbətləşdik.
- Ukraynada baş vermiş hadisələri necə
qiymətləndirirsiniz?
- Əvvəla onu deyim ki, bu hadisələr Ukraynada güclü vətəndaş
cəmiyyətinin mövcudluğunu göstərdi. Ukrayna xalqının əksəriyyəti
rus imperiyasının boyunduruğunda yaşamaq istəmir və Rusiyanın bütün
təzyiqlərinə qarşı dirənməyə, sonadək mübarizə aparmağa hazırdır.
Yanukoviç hökumətinin Ukrayna xalqının iradəsinin əksinə qərar
verməsi cəmiyyətdə ciddi etiraza səbəb oldu və ölkə üzrə təqribən
iki milyona yaxın insan aktiv etiraz bildirərək, meydanlara axışdı.
Hətta Yanukoviçin siyasi qalası hesab olunan Donetskdə də insanlar
meydanlara çıxdılar.
- Sizcə, meydandakılara güc tətbiqi hansı nəticələrə
gətirib çıxaracaq?
- Meydanda ciddi güc tətbiqinin olduğunu düşünmürəm. Epizodik
təxribat xarakterli hadisələr ola bilər ki, bu da etirazları
dayandıra bilməz. Əksinə, daha da gücləndirər və gücləndirir də.
Əgər hökumət axmaqlıq edib ordunun gücündən istifadə etmək istəsə,
ordu xalqın tərəfinə keçəcək və inqilab olacaq.
- Ölkədə hakimiyyət dəyişikliyi gözləmək
olarmı?
- İstənilən halda Ukrayna xalqı Yanukoviç hakimiyyətinə səs
verməyəcək və seçkilərin nəticələrinin saxtalaşdırılmasını qəbul
etməyəcək.
- Yanukoviç ölkəsinin AB "Şərq Tərəfdaşlığı"na
assosiativ üzlükdən imtina etməsini Ukraynanın iqtisadi vəziyyəti
ilə əlaqələndirdi. Sonra bu keçid üçün 160 milyard pul gərək
olduğunu bildirdi. Daha sonra isə Vilnüsdə Rusiya qarşısında tək
qaldığını söylədi. Maraqlıdır, Yanukoviçin irəli sürdüyü bütün bu
arqumentləri nə dərəcədə doğru hesab etmək olar?
- Mən Ukraynanın iqtisadi göstəriciləri barədə tam məlumata
malik deyiləm. Amma onu deyə bilərəm ki, Yanukoviçin göstərdiyi
səbəblər dərsini pis bilən şagirdin müəllim qarşısında özünə bəraət
qazandırmaq üçün ani uydurduğu bəhanələrə daha çox bənzəyir.
Yanukoviçin geri çəkilməsinin əsas səbəbinin şəxsi hakimiyyətini
qorumaq olduğu qənaətindəyəm. Əgər Vilnüsdə Ukrayna Avropa İttifaqı
ilə "Şərq Tərəfdaşlığı" proqramına imza atsaydı, Ukrayna
iqtisadiyyatının Avropa standartlarına uyğunlaşdırılması çox
sürətlə gedəcəkdi. Ukraynaya güclü investisiya axını olacaqdı ki,
bu da iqtisadiyyatın inkişafına güclü təkan verəcəkdi. Viktor
Yuşşenkonun dövründə Ukraynada onlarla xarici kapitallı banklar
fəaliyyət göstərirdi. Yanukoviç gəldikdən sonra bu banklar
sıxışdırılmağa başlandığı üçün əksəriyyəti geri dönməyə məcbur
oldu. Qalanlar isə elə vəziyyətə salınıblar ki, ölkə
iqtisadiyyatına yatırmaq üçün kredit ayırmırlar.
Ukraynada təqribən on milyondan bir az çox ailə, 50 milyona
yaxın əhali var. Bu ailələrin təqribən iki milyona yaxını Avropadan
gələn pul hesabına dolanır. Azərbaycanlılar çörək pulu dalınca
əsasən Rusiya və Türkiyəyə üz tutduqları kimi, ukraynalılar da
əsasən Avropaya gedirlər. Qeyri-rəsmi hesablamalara görə, Ukraynaya
Avropadan ayda 1,5 milyard avrodan çox vəsait gəlir. Rusiyadan isə
əsasən Yanukoviç komandasına yaxın olan biznesmen və məmurlar
faydalanırlar. Yəni əhalinin ümumi yaşayışına Rusiyanın ciddi təsir
edəcəyi inandırıcı deyil. Qısa müddətli çətinliklər ola bilərdi ki,
buna da Ukrayna xalqı hazır olduğunu meydanlarda bildirdi.
- Fəhmin bəy, sizcə Aİ və ABŞ bölgəni qazanmaq üçün
Ukraynada yenidən narıncı inqilab etməyə çalışacaqmı?
- Bir şeyi unutmayaq ki, xalq öz müqəddəratını təyin etmək üçün
iradə göstərdikdə ona kömək edilir. Son hadisələr isə göstərdi ki,
Ukrayna xalqı Avropa ailəsində yaşamaq istəyir və buna nail olmağa
çalışır. Sözsüz ki, Ukrayna xalqının bu mübarizəsi dünyadan böyük
dəstək görəcək.
- Aİ üçün lazım olan ən mühüm bölgə itdi. Maraqlıdır, bu
hadisələr fonunda bizim ölkənin taleyi ilə bağlı politoloqlar hansı
proqnozlar verirlər?
- Məncə, nəticə çıxarmaq çox tezdir. Hadisələr yeni başlayır və
uzun müddət davam edəcək. Yalnız silah dili ilə danışa bilən rus
imperializminin çökdürülməsi prosesi hələ bitməyib. Sovet İttifaqı
dağılmış olsa da, faktiki olaraq Rusiya hegemonluğu keçmiş sovet
respublikalarında qalmaqdadır. Orta Asiya respublikalarında,
Belarusda, Ermənistanda və qismən Azərbaycanda bunu daha çox
müşahidə etməkdəyik. Sovet İttifaqının süqutunda ən böyük rolu
Ukrayna oynayıb. Rusiyanın da taleyi Ukraynadan asılıdır. Ona görə
də Ukrayna uğrunda mübarizə şiddətli olacaq. Sovet İttifaqı
dağıldıqdan sonra isə ilk olaraq Baltikyanı ölkələr Rusiyanın
caynağından xilas edildi. O zaman da Rusiya Baltikyanı ölkələrə
müxtəlif cür təyziqlər edirdi. Amma xalqın iradəsi hər şeyi həll
etdi. Bilirsiniz ki, Baltikyanı ölkələr BMT-nin 1949–cu il qərarı
ilə Sovet İttifaqı tərəfindən işğal olunmuş ərazilər hesab
olunmasına baxmayaraq, SSRİ dağılana qədər Moskva tərəfindən idarə
olunub. Sonrakı mərhələdə üç Qafqaz respublikası, Moldova, Belarus
və Ukrayna idi. O zaman Azərbaycan və Belarus hakimiyyətləri milli
maraqları şəxsi maraqlarına qurban verdilər. Ermənistan Rusiyanın
təsir dairəsindən çıxmağı, ümumiyyətlə, düşünmürdü. Gürcüstan,
Moldova və Ukrayna hakimiyyətləri isə milli maraqları üstün tutaraq
hakimiyyətlərini demokratik qüvvələrə qansız verə bildilər. Son
prezident seçkilərində rusiyapərəst qüvvələrin Ukraynada
hakimiyyətə gəlmələri vəziyyəti dəyişdi və Ukrayna
avrointeqrasiyadan bir az geri qaldı. Moldova ilə Gürcüstan isə
düzgün seçim etdi.
Ukrayna hökumətinin səhv qərarını Ukrayna xalqı qəbul etməyəcək.
Ya bu hökumət qərarını dəyişəcək və yaxud yeni hakimiyyət mütləq
Avrointeqrasiya tərəfdarı olacaq.
Sözsüz ki, indiki mərhələdə Ukrayna hökumətinin səhv qərarı
Azərbaycanın da müstəqilliyini təhlükə altına qoyur.
- Ukraynadan sonra Rusiya Qafqaza üz
tutacaqmı?
- Rusiya Qafqazdan nə zaman üz çevirmişdi ki, indi də geri
dönsün?! Keçmiş Sovet İttifaqı ərazisində indiki mərhələdə iki
geostrateji yer var. Qafqaz (xüsusən Azərbaycan) və Ukrayna.
- Ukraynadakı azərbaycanlılar Maydan hadisələrində aktiv
iştirak edirlərmi?
- Biz Maydan hadisələrində iştirak edirik. Diskussiyalara
qatılırıq və Ukrayna xalqının yanında olduğumuzu səmimi ifadə
edirik.
- Başqa bir məsələ isə Ukraynada millətçi
təşkilatlardır. Son günlər mətbuat millətçilərin immiqrantlara
qarşı münasibətinin kəskinləşdiyini yazıb. Sizin buna fikriniz
necədir?
- Ukraynanın millətçi təşkilatları azərbaycanlılarla yaxın
dostluq münasibətlərindədir. Ümumiyyətlə, bütövlükdə Ukrayna xalqı
ilə azərbaycanlılar arasında problem yoxdur. Burada olmuş bir neçə
hadisədə isə Rusiyanın barmağını axtarmaq daha doğru olardı.
- İlham Əliyevin Kiyevə səfəri zamanı Odessada
miqrantlarla millətçilər arasında iğtişaş yaşanmışdı. Səbəb isə bir
azərbaycanlının ukraynalı tələbəni öldürməsi idi. Hətta oradakı
vətəndaşlarımız qorxularından çölə çıxmadıqlarını da bildirirdilər.
Bizə maraqlıdır, millətçilərin birdən-birə bu qədər fəallaşması
nəyin nəticəsidir?
- Bu hadisəni kimlərsə qəsdən şişirdib. Tələbəçilikdə belə
hadisələr çox ola bilər və buna milli qarşıdurma donu geyindirmək
yumşaq desək, təxribatdır.
- Ukraynadakı diasporumuzdan verilən açıqlamada belə
cümlə yer almışdı ki, azərbaycanlıların ən zəif təbəqəsi (kobud
desək, bir növ savadsız) Ukraynaya gəlir. Sizcə, miqrantlara qarşı
münasibətin dəyişməsinə səbəb bu deyil?
- Bu fikir kökündən səhvdir və azərbaycanlılara təhqirdir. Adama
deyərlər, zəifi gücləndirmək, ona güclü olmanın yollarını anlatmaq
sənin ən azı vicdan borcundur.