Teleaparıcı ittihamlardan yaxa qurtarmaq üçün ittihama
başladı
ANS telekanalında yayımlanan
"Açıq söhbət" proqramında son günlər özəl klinikalarda həkim
məsuliyyətsizliyi üzündən baş verən ölüm hadisələri ilə bağlı mövzu
müzakirə edilməli idi. Verilişin əsas müzakirə mövzusunun jurnalist
Anar Niftəliyevin "Medi Sina" klinikasında əməliyyat zamanı
həkimlərin səhlənkarlığı üzündən həyatını itirmiş həyat yoldaşı,
Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının faciəli
ölümü ilə bağlı olacağı proqramın anonslarından da bəlliydi. Lakin
6 oktyabr tarixində verilişin efirə gedəcəyi gün proqramın
anonsunda dəyişiklik edildiyi məlum oldu. Bundan başqa, verilişdə
Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırma aparan "Aznyus.az"
saytının əməkdaşının iştirakı əvvəlcədən razılaşdırılsa da, bu
iştirak baş tutmadı. Bu isə mediada müəyyən söz-söhbətlərə səbəb
oldu.
Proqramın aparıcısı Elçin
Əlibəyli "Aznews.az" saytına verdiyi açıqlamada mövzunun
dəyişdirilməsinə əsas səbəb kimi E.Tofiqqızının ölümü ilə bağlı
müzakirənin aparılacağı proqrama dəvət edilən iştirakçıların
qatılmamasını göstərdi. Onun sözlərinə görə, konkret olaraq Elnarə
Tofiqqızının ailə üzvləri və Anar Niftəliyev proqrama
qatılmayıb.
Mövzunun dəyişdirilməsi media
və sosial şəbəkələrdə böyük narazılıqla qarşılandı. Daha çox,
hansısa gizli anlaşma haqqında ehtimallar üzə çıxdı. Əvvəla, ona
görə ki, verilişin formatı onkoloji problemlərə həsr olunmuşdu və
əsas qonaqlardan biri də onkoloq-həkim idi. Onkoloji əməliyyat
zamanı həyatını itirən və medianın xüsusi diqqətdə saxladığı şəxs
isə Elnarə Tofiqqızıdır.
Digər tərəfdən, "verilişin
anonsu niyə proqram efirə gedən gün dəyişdirilməliydi və əvvəlki
anonsda qaldırılan problemlər sıradan çıxarılmalıydı", həmçinin,
digər əməliyyatı apararkən xəstənin ölümünə səbəb olan həkimin
adını E.Əlibəyli efirdən elan etdiyi təqdirdə, niyə E.Tofiqqızının
ölümünə bais olan həkimlərin adını çəkməkdən yayındı və "burda ad
çəkmirik" elanı verdi?" kimi suallar istər-istəməz diqqəti çəkməyə
bilməzdi.
Verilişdən sonra ilk
təkzib
Veriliş efirə gedəndən sonra
proqramın aparıcısı E.Əlibəyli "Facebook" sosial şəbəkəsində status
yazaraq, ona qarşı ittihamları əsassız hesab etdiyini söylədi:
"Özünə jurnalist deyən kəs birinə böhtan atmamış düşünər. Verilişin
mövzusu və qonaqları da bir həftə öncədən bəlli idi və "mövzu
dəyişdirilib", "gizli sövdələşmə var" deməmiş bir dəqiqləşdirərlər.
Orada qonaqlar da, jurnalistlər də mövzunu öncədən bilirdilər, heç
nə dəyişməyib, sadəcə ayıbdır".
Bu statusda E.Əlibəyli
mövzunun dəyişdirilmədiyini iddia edir. Bəs, "Aznews.az" saytına
açıqlamasında müəllif mövzunun dəyişdirilməsini niyə təsdiqləmiş və
səbəblər də göstərmişdi?
E.Əlibəylidən növbəti
ittiham
Məsələ ilə bağlı Elçin
Əlibəyli ilə əlaqə yaratdıq. Proqramın aparıcısı Publika.Az-a
verdiyi açıqlamada mövzunun dəyişdirilmədiyini bir daha
dedi:
"Aznews.az" saytının əməkdaşı
qeyri-peşəkarcasına mənim dediklərimi təhrif edib. Mən ona mövzunun
dəyişdirilməsi haqda bir söz deməmişəm. Özü də bunu mərhumun ailə
üzvlərinin verilişdə iştirakı ilə əlaqələndirməmişəm".
Elçin Əlibəyli
həmçinin "Aznews.az" portalının əməkdaşının proqrama qatılmaması və
verilişin anonsunun dəyişdirilməsi ilə bağlı məsələyə
toxundu:
- "Aznews.az" portalına zəng
edib xahiş etmişəm ki, bu saytın "Medi Sina" klinikası ilə bağlı
araşdırma aparan jurnalisti verilişə gəlsin. Verilişimin çəkilişi
həftənin dördüncü günü olmalı idi. Ancaq texniki problemə görə
şənbə gününə keçirdik. Şənbə günü saat 10-da dəvət etdiyim bütün
saytların nümayəndəsi gəldi, ancaq "Aznews.az" portalından heç kəs
gəlmədi. Saat 10-da isə "Aznews.az" portalının redaktoru mənə zəng
edib dedi ki, müxbirimiz saat 16-da gələcək. Ancaq o vaxta qədər
veriliş çəkilib qurtarmışdı. O ki qaldı anonsa, anons elə bir
şeydir ki, hər hansı başlıq çıxaranda yarımbaşlıq da çıxarılır,
başlıq yaxşı oxunmaq üçün dəyişdirilir və sairə. İndi burada da
birinci anons veriliş çəkilməmişdən öncə yığılıb və həmin suallar
da verilişdə səslənib. Yəni, biz verilişdə anonsda olduğu kimi,
ölümlərdən, qiymətlərdən və sairədən danışdıq. Əgər kimsə verilişə
baxmadan iddia edirsə ki, burada mövzu dəyişdirilib, bu, ən azı
böhtandır".
Bir günahkarın adını
çəkmək olar, digərinin yox?..
"Açıq söhbət"in qonağı olan
ekspert, professor Adil Qeybulla "Medi Sina"dakı uğursuz əməliyyat
barədə danışarkən həkimin adını xatırlamağa çalışdı və E.Əlibəyli
"Oksigen" klinikasında məsuliyyətsizliyə yol verən həkimin adını
çəkməklə ona yardımçı oldu: Mübariz Əliyevin adını dedi. Lakin
A.Qeybulla M.Əliyevi deyil, "jurnalistin ölümüylə bağlı olan"
həkimi xatırlatdı və o həkimin adının E.Əlibəyli tərəfindən
çəkildiyini bildirdi. Halbuki E.Əlibəylinin adını proqramın
çəkilişi vaxtı çəkdiyi həkimin adını efirdən eşitmirik, yəni montaj
olunduğu aşkar olur. Bir dəqiqədən sonra isə E.Əlibəyli
ümumiyyətlə, adların çəkilməməsi üçün xəbərdarlıq edir. Niyə
Mübariz Əliyevin deyil, A.Qeybullanın xatırlatdığı Hərbi Hospitalın
onkoloqunun adı "montaja" məruz qalır?
Bir məsuliyyətsiz həkimin
adını çəkib, digərini xatırlatmağa ehtiyac görməyən E.Əlibəylidən
bunun səbəbini soruşduq. Cavabı olduğu kimi, nöqtə-vergülünə
dəymədən təqdim edirik: "Mən deməmişəm klinikanın adını çəkmirəm.
Xərçəngin əməliyyat olunması. Bu hadisə də baş verib "Oksigen"
klinikasında. Yəni mən "adını çəkmirəm" deyəndə, "Oksigen"
klinikasını nəzərdə tuturdum. Çünki sual beləydi ki, xərçəngin
əməliyyat olunması. Yəni siz əgər diqqətlə baxsaz, bu haqda
mətbuatda getmişdi. Deyir, xərçəngi əməliyyat ediblər, Adil müəllim
də cərrahı səhv saldı. Mən də bunu izah etməyə çalışdım
ona".
Xatırladırıq ki, biz həm
verilişə, həm də verilişin E.Əlibəylinin sosial şəbəkədə yaydığı
tam mətninə diqqətlə baxmışıq. E.Əlibəylidənsə xahiş edirik ki, bir
daha öz verilişindən bu parçaya baxsın:
Səbəbkar
E.Əlibəylidir
"Açıq söhbət"in çəkilişlərinin
vaxtı doğrudanmı texniki səbəblərdən dəyişdirilib? Dəyişdirilən
çəkiliş vaxtı ilə bağlı sözügedən sayt əməkdaşı
məlumatlandırılıbmı?
- Bizi qeyri-peşəkarlıqda
ittiham edən Elçin Əlibəyli 3-4 gün əvvəl bacarmadığı işin anonsunu
verib, insanlara hörmətsizlik etməməliydi!
Bu sözləri "Publika.Az-a
"Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlu suallarımıza
cavab verərkən bildirdi.
Elçin Zahiroğlu həmçinin qeyd
etdi ki, "Aznews.az" saytının əməkdaşının verilişdə iştirak
etməməsinin səbəbkarı Elçin Əlibəylidir:
- Bir neçə gün əvvəl Elçin
Əlibəyli mənimlə əlaqə saxlayaraq saytımızda Elnarə Tofiqqızının
ölümü ilə bağlı gedən araşdırmanın müəllifini verilişinə dəvət
etmək istədiyini bildirdi. Verilişin çəkilişləri 4-cü gün olmalı
idi. Həmin gün səhər tezdən mən ona zəng elədim, amma Elçin
Əlibəyli bildirdi ki, verilişin çəkiliş vaxtı dəyişdirilib və şənbə
günü saat 16:00-da olacaq. Şənbə günü saat 13:00-da yenə ona zəng
vurdum. Elçin Əlibəylinin cavabı isə mənim təəccübümə səbəb oldu. O
bildirdi ki, veriliş səhər saat 10:00-da çəkilib qurtarıb və guya
bu haqda da mənə daha öncədən məlumat veribmiş. Mən bu məsələnin
üstünə çox düşmədim, çünki hesab etdim ki, bizim əməkdaşın orada
olmaması verilişin məzmununa təsir etməz. Amma anons
dəyişdiriləndən sonra bu, məndə müəyyən şübhələr oyatdı və məsələni
araşdırmağa başladıq".
"Medi Sina"nın baş
həkimi: "Verilişdə iştirakı çox arzulayırdım"
Onu da bildirək ki, 6 oktyabr
tarixində ANS telekanalının efirində gedən "Açıq söhbət"
proqramında aparıcı Elçin Əlibəyli qeyd etdi ki, "Medi Sina" və
"Oksigen" klinikalarının nümayəndələrini verilişə dəvət etsə də,
onlar bundan imtina edib və mətbuata açıqlama verməyə borclu
olmadıqlarını bildiriblər.
Bununla bağlı müraciət
etdiyimiz "Medi Sina" klinikasının baş həkimi Abbas Bağırov Elçin
Əlibəylinin dediklərini təkzib edərək, verilişə qatılmamasının
səbəbini üzrlü səbəblərlə əlaqələndirdi: "Mənim xarakterimdə belə
şey yoxdur. Çox-çox üzrlü səbəblər üzündən verilişə gələ bilmədim.
Əslində, verilişdə iştirakı çox arzulayırdım. Çünki arada olan
söz-söhbətlərə aydınlıq gətirməliydim".
Abbas Bağırov həmçinin baş
vermiş hadisəyə təəssüfləndiyini də bildirdi və cərrahiyə
əməliyyatını həyata keçirən Mahir Məmmədovun klinikadan
uzaqlaşdırıldığını qeyd etdi: "Çox xahiş edirəm, məni düzgün
anlayın, iki körpə bala anasını itirib. Özü də mənim işlədiyim
klinikada. Bunun təkcə psixoloji təsiri mənə uzun müddət stress
keçirməyə bəs edir. Mərhumun 3 mərasımınə gedib, bir tərəfdə oturub
heç kimin üzünə baxa bilmədim. Elə bilirdim ki, bütün yerin-göyün
günahkarı mənəm. Bir var insan qara ciyər, böyrək, mədə-bağırsaq
köçürməsindən həyatını itirə, bir də var ki, heç nədən. Onu da
bilin ki, əməliyyatı həyata keçirən Mahir Məmmədov klinikamızdan
uzaqlaşdırılıb və o, bir daha bizimlə işləməyəcək".