Ana səhifə Gündəm |
Mənimki Əli Kərimli ilə tutmur. Amma onu yaxşı tanıyıram. Belə bir siyasət manyakının iqtidara iddia etməsi belə Azərbaycanı qarışdırır, gərginlik yaradır, mühüm, açar xarakterli proseslərə mane olur. Onun iqtidar olması böyük fəlakət olardı. Bu baxımdan, Əli Kərimliyə ən kiçik dəstək vermək belə, Azərbaycanın gələcəyini təhdid altında qoymaqdır.
Axar.az xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlu Bakıpost.az-a geniş müsahibəsində deyib. R.Arifoğlu Müsavat başqanı Arif Hacılıdan da danışıb:
“Arif Hacılıya gəlincə... onu da yaxşı tanıyıram və buna görə də ona dəstək verə bilməz, yanında qalmağı da özümə sığışdırmazdım. Heç Arifə də mənim və “Yeni Müsavat”ın böyük dəstəyi lazım deyildi. O öz mahiyyətinə uyğun balaca bir təsərrüfat qurmaq istəyirdi və buna görə də bütün böyük fiqurları Müsavatdan uzaqlaşdırdı. Arzusuna çatıb, təsərrüfatında oturub, özünü və yaxın ətrafını dolandırır...”
R.Arifoğlu “siyasi mövqeyinizi dəyişmisiniz” sualına da orijinal cavab verib:
“Siyasi mövqe bəzən elə dəyişmək üçündür. Əgər İsa Qəmbər meydanda və təşkilatda ən azı, 2015-ci ilin parlament seçkilərinə qədər qalsaydı, hər şey tamamilə başqa cür olacaqdı. Bunu dəqiq məlumatlar əsasında və əminliklə deyirəm. Mən də təbii ki, Müsavatda qalacaqdım. Lakin təəssüf ki, İsa Qəmbər həm Müsavatdakı missiyasından, həm də hakimiyyət uğrundakı iddialarından tam halda geri çəkildi. Mən özümə tək siyasi lider hesab etdiyim İsa Qəmbərin bu çəkilişindən sonra qərarımı verdim”.
R.Arifoğlu radikal müxalifətin 19 oktyabr aksiyasına da toxunub:
“19 oktyabr aksiyası bir siyasətçi kimi Əli Kərimlinin böyük səhvi idi. Ölkənin Prezidenti bir gün öncə sensasion sayılacaq bəyanatla çıxış edib, öz komandasını islahatlara mane olmaqda suçlayıb, heç zaman olmadığı kimi, xalqa açıq məlumatlar və mesajlar verib, köhnə təfəkkürlü kadrları yeniləyəcəyini bəyan edib... Əli Kərimli bu ‘pası’ tuta bilərdi və hətta hakimiyyətə minnət qoyaraq, sabahkı qanunsuz aksiyasını təxirə sala bilərdi. Onun siyasi dividenti o aksiyadan əldə etdiyi nəticələrdən dəfələrlə çox olardı. Çünki Prezident, əslində, özünü demokrat sayan və demokratiya platformasında dayanan hər kəsin maraq və istəklərini dilə gətirmişdi. Üstəlik, 19 oktyabr aksiyası öncəsi mesaj verirdi - mənim apardığım və aparacağım islahatlara mane olan məmurlar var! Yəni siyasi tərcüməsi bu idi ki, ey Milli Şura və 19 oktyabr provokasiyasına hazırlaşanlar, siz mənim o komandamdakı sabotajçılarla olmayın! Onların mövqelərini gücləndirməyin. Onların lazımlılıq əmsalını süni olaraq artırmayın... Lakin Kərimli ya qəsdən, ya da bilərəkdən, bu təxribata getdi və iqtidar daxilində Azərbaycanın yenilənməsini sabotaj edənlərlə eyni cərgədə dayandı. Mən əminəm ki, 14 il aradan sonra Əli Kərimlinin birdən-birə küçələrə çıxması, özündə bu qədər cəsarət tapması yalnız özünün qərarı deyil...
Bu baxımdan, 19 oktyabrda polis dövlət adından Əli Kərimlinin yox, onunla bərabər bu prosesin arxasında dayanan saraydaxili müxalifətin təxribatlarının qarşısını alırdı. Onlayn medianın kameraları qarşısında dövlət öz gücünü məhz hakimiyyətdəki sabotajçılarla Əli Kərimlinin qurduğu gizli ittifaqa göstərirdi. Əslində, 19 oktyabr Əli Kərimlinin bir siyasi lider kimi iflası da sayıla bilərdi - minlərlə tərəfdarı ortada yox idi, onu Feysbukdakı kimi layk etməyə gəlməmişdilər; lider davamlı sola baxırdı, küçənin o başından çoxsaylı tərəfdarlarının sel kimi ona tərəf axacağını gözləyirdi; lakin küçədə 4-5 fəaldan, jurnalistlərdən və polislərdən başqa kimsə yox idi. Bəlkə də iqtidar daxilindəki dirənişçilər 1 gün öncədən xəbərdarlıq paylarını almışdılar, 19 oktyabr aksiyasının onca zəif olmasının bir səbəbi də yəqin ki, bu idi. İqtidardakı anti-islahat mafiyası ifşa olunduğunu anlamış və Əli Kərimliyə küçə dəstəyi verməkdən vaz keçmişdi. Yəni Prezident İlham Əliyevin 15 oktyabr müşavirəsinin əsas mahiyyəti haqda daha fərqli bir fikir yürütmək mümkündür...”
Tarix
2019.10.29 / 15:09
|
Müəllif
Axar.az
|