"Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal
altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır".
Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mənəvi-psixoloji
hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik
Rüfət Əmirov deyib.
Onun sözlərinə görə, əsgərlərin hərbi xidmətlə bağlı məruz
qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin
ordu həyatı, hərbi xidmət barədə yazdıqları yalanlardan irəli
gəlir.
Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında
uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd
edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib:
"Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında
olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara
çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və
əxlaq tərzini təbliğ edirlər".
Polkovnik ölkədə vətənpərvərlik tərbiyəsi sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də
narazılığını bildirib: "Ölkəmizdə onlarla qeyri-hökumət təşkilatı
fəaliyyət göstərir. Vətənpərvərlik tərbiyəsi sahəsində bu
təşkilatların əksəriyyətinin gördüyü işləri qənaətbəxş hesab etmək
olmaz. Halbuki onlar hərbi-vətənpərvərlik klublarının təşkili
qayğılarını öz üzərilərinə götürüb bu mühüm işə layiqli töhfələr
verə bilərdilər".
R.Əmirov qeyd edib ki, Vətən qarşısında öz konstitusiya borcunu
dərk edən, torpağını, xalqını sonsuz məhəbbətlə sevən əsgər
yetişdirmək valideynlərdən, bağça müəllimlərindən tutmuş
komandirlərə qədər hər bir şəxsin, bütün humanitar profilli
institutların, ictimai təsisatların birgə işidir: "Çox təəssüflər
olsun ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin yüksək
effektindən danışmaq, bütün problemlərin aradan qaldırıldığını
söyləmək hələ tezdir".
İdarə rəisi orduda nizamnamədən kənar hallarla mübarizə
məsələlərinə də toxunub: "Dedovşina" plakatçılıq və şüarçılıq
prinsipləri ilə aparılan mənəvi-ideoloji işin mahiyyətindən doğan
bir hadisədir. Şəxsiyyətin mənəvi cəhətdən sındırılması, ləyaqətin
alçaldılması bütövlükdə totalitar düşüncənin, əxlaq tərzinin
mayasında idi. Azərbaycanda da Silahlı Qüvvələr quruculuğunun ilk
dövrlərində onun təzahürlərinə rast gəlmək mümkün olurdu. Şəxsi
heyətlə aparılan tərbiyə işinin əsas istiqamətləri
müəyyənləşdirilərkən hər bir fərdin şəxsiyyətinə və mənlik
hisslərinə hörmət edilməsinin vacibliyi ön plana çəkildiyinə görə
bu təmayülün qarşısı demək olar ki, alınıb".