"Baltik-Qara dəniz bağlantısından sonra növbə Qara
dəniz-Xəzər bağlantısına gələcək".
Axar.az xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli
deyib. O, GUAM-ın Xəzər dənizini Qara dənizə bağlayan bir siyasi
birlik kimi fəaliyyət göstərməli olduğunu vurğulayıb:
"Strateji planların gerçəkləşməsi çox uzun zaman ala bilir.
Bəzən olur ki, bir neçə əsr ərzində eyni planın müxtəlif
mərhələləri həyata keçirilir. Geri çəkilmələrə ehtiyac yarana bilir
ki, sonra yenidən irəli gedəsən. Rusiyanın Ukraynaya təcavüzünə
baxdıqca maraqlı məqamlar üzə çıxır. Coğrafiyamızı geniş götürəndə,
onun başqa bölgələrlə əlaqələrini görmək olur. GUAM yadınızdadır?
Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova birliyi. Hələ də var, hərçənd,
heç fəal deyil (səbəbləri var). Bəzən nəyinsə var olması onun fəal
olmasından daha önəmli ola bilir. GUAM da elə bir nəsnədir. Onun
varlığı çox önəmlidir. Dənizə sərbəst çıxışı olmayan Azərbaycanın
dənizə çıxışı olan ölkələrlə yaxınlıq etməsi - strategiyamızın ana
yolu olmalıdır. Həmin ölkələrin bizə münasibətindən də çox şey
asılı olacaq, təbii ki! Elə ona görə də Rusiya və İran bu məsələdə
bizə uyğun deyillər. Rusiyanın həm də coğrafi əngəllikləri var -
dənizlərinin və onlara tökülən çaylarının əksəriyyəti noyabr-mart
aylarında buz altında qalır. Ümumiyyətlə, Rusiyanın yol altyapısı
iqtisadi baxımdan əlverişli deyil. İran coğrafi anlamda daha
sərfəlidir, amma siyasi mənada bizi qane edə bilməz. GUAM - Xəzər
dənizini Qara dənizə bağlayan siyasi birlik olmalıdır. Hələ ola
bilməyib, amma yuxarıda qeyd etdiyim kimi, bəzən nəyinsə var olması
onun fəal olmasından daha önəmlidir. GUAM var, amma onun işləməsi
üçün əlavə şərtlər lazımdır. Həmin şərtlərin yaranması GUAM
ölkələrindən asılı deyil, ya da çox az asılıdır".
Siyasətçi Baltik dənizindən tutmuş Qara dənizədək ərazilərin
Britaniyanın hər zaman marağında olduğunu bildirib:
"Xəzər dənizini Qara dənizə siyasi mənada bağlamaq üçün öncə
Baltik dənizi Qara dənizə bağlanmalıdır. Bu, heç də yeni ideya
deyil. Baltik dənizindən tutmuş Qara dənizədək siyasi üstünlük
qazanmaq – Britaniyanın (İngiltərənin) həmişəki strategiyası olub.
Tarix dərslərindən hamınıza məlum Rusiya-İsveç müharibəsini
xatırlayın. 1700-1721 illəri əhatələyən bu müharibə tarixdə Şimal
Müharibəsi adlanır (Ruslar "Böyük Şimal Müharibəsi" deyir). Nədən
baş vermişdi həmin o müharibə? Aydındır ki, Rusiyanın öz maraqları
vardı, İsveçin də öz. Amma onlar bu maraqlar uğrunda müharibəyə
başlamaqdan çəkinirdilər, əvəzində isə xarici ittifaq qurmağa
çalışırdılar. Xüsusilə İngiltərənin dəstəyini almaq istəyirdilər
(hərə özü üçün). Lakin İngiltərənin bunda marağı yox idi.
İngiltərənin marağı yaranan kimi Rusiyaya icazə verdi ki, İsveçə
hücum etsin. Sonrasını bilirsiniz, ruslar 21 il sürmüş müharibədən
qalib çıxdılar, İsveç bütün üstünlüklərini və ərazilərinin
xeylisini itirdi. Yaxşı, bəs İngiltərənin marağı nəydi? Marağı
həmin o Baltik-Qara dəniz zolağında üstünlük qazanmaq, ya da ən
azından, başqalarının belə üstünlüyünü əngəlləməkdi. İsveç o
zamanlar çox güclü dövlət idi. Həm dənizdə, həm quruda Baltik
dənizi bölgəsində hegemondu. İsveçi zəiflətmək İngiltərənin o dövr
üçün əsas planlarından biriydi. Niyə gözləyirdi? Niyə məhz 1700-cü
ildə həmin planı Rusiyanın əliylə gerçəkləşdirməyə başladı? Cavabı
başqa yerdədir - İspaniyada. İspaniyada həmin ildə (1700) kral
ölür. Kralın heç bir övladı olmur ki, tacını övladına versin. İspan
kralı Habsburq sülaləsindəndi. Onun ölümündən sonra Fransa və
Avstriya İspan tacı uğrunda iddialı oldular. Fransa daha çox iddia
edirdi və buna görə də İspaniyaya qoşun yeritdi. Fransanın
güclənməsini istəməyən dövlətlər ona qarşı ittifaq qurdular.
İngiltərə, Avstriya, Hollandiya, əksər alman kralları - hamısı
Fransaya qarşı müharibəyə başladı. İsveç o zamanlar Fransanın hərbi
müttəfiqiydi və Fransanın tərəfində müharibəyə girsəydi, işlər
xeyli çətinləşəcəkdi. İsveçi "İspan mirası" uğrunda müharibədən
kənar qoymaq üçün İngiltərə Rusiyanı İsveçə qarşı müharibəyə
başlamağa inandırdı. İsveçin başı Rusiyaya qarışdı, İngiltərə isə
müttəfiqlərilə birlikdə Fransaya qalib gəldi və onun (Fransanın)
güclənməsini əngəlləyə bildi. Əsas məqsəd buydu, əlbəttə. Amma
dediyim kimi, İsveçi zəiflətməklə onun Baltika - Qara dəniz
zolağında üstünlük qazanmasına imkan vermədi. Rusiyanın isə heç
zaman belə həlledici üstünlük qazanmaq imkanı olmadı (SSRİ-nin çox
qısa müddətli üstünlüyü zəif istisnadır)".
E.Qədirli ABŞ-ın tezliklə Qara dənizlə Xəzər dənizi arasında
əlaqə qurmağa cəhd edəcəyini vurğulayıb:
"Bu çoxdankı tarixi niyə xatırlatdım? Çünki göründüyü qədərilə
Baltik-Qara dəniz strategiyası nəinki unudulmayıb, əksinə, yenidən
və sürətlə gerçəkləşdirilir. Bu dəfə İsveç deyil, Rusiyadır
hədəfdə. Həm də bu strategiyanın arxasında artıq İngiltərə yox, onu
strateji müttəfiqi – ABŞ dayanır. Rusların Ukraynaya hücum
etməsinin ABŞ-dan idarə olunduğunu demirəm. Burası konspirologiya
olardı. Rusiyanın öz iddiaları var və özü də onları
gerçəkləşdirməyə çalışır. Sadəcə, Rusiyanın iddialarını bu şəkildə
gerçəkləşdirməsi ABŞ-ın maraqları çərçivəsindədir. ABŞ Baltik
dənizindən Qara dənizədək hərbi bazalarını yerləşdirməyə başlayır.
Bunu uğurla başa çatdıracağına şübhə yoxdur. Rusiyanı bu zolaqdan
(Baltik-Qara dəniz) çıxaracaqlar. Baltik-Qara dəniz bağlantısından
sonra növbə gələcək Qara dəniz-Xəzər bağlantısına. GUAM o zaman
canlanacaq. Buna hazır olmalıyıq. Qarabağı qaytarmaq üçün də
şanslarımız o zaman artacaq.
Xəzər, əslində, göldür. Onu dəniz etmək üçün Baltik-Qara dəniz
siyasi bağlantısına qoşulmalıyıq. Bununla Orta Asiya üçün də əlavə
fürsətlər açmış ola bilərik. Rusiya və İran bunu bilir, ona görə də
Ermənistanı bizə qarşı dəstəkləyirlər. Biz təkbaşına onlara qarşı
dayana bilmərik. Biz, bir Xəzər ölkəsi kimi, ABŞ-ın qurmaqda olduğu
Baltik-Qara dəniz bağlantısına doğru getməliyik. GUAM-ın rolu
artacaq gələcəkdə. ABŞ-ın bir gün bu ölkələrlə ayrı şəkildə NATO-ya
paralel hərbi ittifaq qurması da mümkün ola bilər".