Ağacan Əbiyev: "Hafiz Haciyev kürüsünü
satsaydı, daha yaxşı olardı"
Ağacan Əbiyevlə vədələşdiyimiz vaxtda görüşə gedirəm. Rektoru
olduğu Bədən Tərbiyəsi və İdman Akademiyasının növbətçi-idmançı
tələbəsi içəri keçməyimizə mane olur: "Xəbər edim, icazə versələr,
keçərsiz", - deyir gənc oğlan. Özüm zəng edirəm:
- Ağacan müəllim, biz burdayıq.
- Balabəyli, vaxt tapdın da gəlməyə, indi çıxıram.
"Bu günə vədələşmişdik" xatırlatmama, "qalx yuxarı", -
deyir.
Bir–iki nəfərdən sonra köməkçisi Samirə xanım, "keçin", deyir.
İçəri keçirik. Ağacan müəllim gülümsəyir:
- İnan, vaxt yoxdur. İndicə Milli Məclisdən zəng etdilər,
gedirəm. Dedim, gəlmisən, qapıdan qaytarmayım, qalxasan, vədələşək,
başqa vaxta salaq söhbətimizi.
- Olar, - deyirəm və dəvət gözləmədən qarşı tərəfdə
otururam.
İllərin tanışlığı öz rolunu oynayır. Ərkli adamlar kimi sərbəst
aparıram özümü. Fatiməyə diktafonu qoşması üçün işarə edirəm.
Ağacan müəllim ayıq adamdır.
- Sən Allah, yığışdır onu.
Diktafon isə artıq işə başlayıb.
- Nədən söhbət edəcəkdik? - soruşur. Xatırladıram. - Nə gənclik,
- deyir, - görmürsən bunlar nə edir? İndi Milli Məclisdə bunların
müzakirəsi olacaq (müsahibə prezident seçkisindən əvvəl alınıb. –
red.). Ora tələsirəm.
- Ağacan müəllim, kimin müzakirəsi olacaq ki?
- Namizədlərin. Özlərini, danışıqlarını bilmirlər.
- Yəqin...
- Hamısı. Hafiz Haciyev gedib elə "ikralarını", balıqlarını
satsaydı, daha yaxşı olardı, bura onun yeri deyil, axı. O, nə bilir
siyasət nədi! Onun siyasəti heç kimə lazım deyil. "Tem bolee" YAP
kimi böyük bir partiyaya. O ki qaldı Cəmil Həsənliyə, mənim ona
əvvəllər professor olaraq hörmətim vardı, elm adamı idi. Amma
indiki vəziyyətdə o özünü professor kimi apara bilmir. Adına layiq
söhbət etmir. Küçə-tinlərdə edilən söhbətləri edir. Mən başa düşə
bilmirəm bu namizədləri, əgər sən ölkənin siyasi vəziyyətindən,
gələcəyindən danışmaq üçün efirə çıxmısansa, nə ixtiyarla
kimlərinsə övladından, qızından danışırsan? Hələ qarşı tərəfin
danışdıqlarını demirəm. O da dediyinin cavabında ağzına gələni
danışacaq da. Ümumiyyətlə, prezidentliyə namizəd olan insan bu
səviyyədə danışmamalıdır. Hamısına aiddir, təkcə Cəmil Həsənliyə və
Hafiz Hacıyevə yox.
Kül o ölkənin başına ki, siz oranın prezidenti
olacaqsınız
Azərbaycana kimin qızının kimin oğlu ilə ailə qurması problem
yarada bilməz. Qlobal problemlər var, onlara toxun - əgər o
problemləri görürsənsə, həlli yolunu bilirsənsə. Ümumiyyətlə, belə
söhbətlərin insanlığa aidiyyəti yoxdur. Bu səviyyə ilə prezident
olmaq olar? Kül o ölkənin başına ki, siz oranın prezidenti
olacaqsız. Azərbaycanda ayrılıqda hər bir kəsi götürsək, görərik
ki, onların hər biri o namizədlərdən ağıllıdır. Azərbaycan xalqı
ağıllı xalqdır. Bu xalqa kimə səs vermələrini demək lazım deyil. Bu
xalq seçimini edib. Bu xalq özü bilir kimə səs verəcək.
- Sizcə kimə?
- Əlbəttə, İlham Əliyevə.
Debatdır o?
- Deyəsən debatlardan çox narazısız?
- Debatlara gəlincə, onu debat adlandırmaq olmaz. Debatdır o?
Amma deyim ki, belə baxanda, debatlardan çox razıyam. Bu debatların
sayəsində görürəm ki, kimdir onlar.
Salardım yumruğun altına…
- Təsəvvür edin, gənclik illərinizdir və onlar sizinlə rinqdə
görüşürlər…
- Əgər bu namizədlər vaxtilə rinqdə mənim əlimə düşsəydilər, bu
gün İctimai Televiziyanın efirində çıxış edə bilməyəcəkdilər.
Şikəst olacaqdılar. Salardım yumruğun altına. Birinin çənəsi
sınacaqdı, o birinin ağzı-burnu… O ki qaldı rinqə çıxmağa, bu, hər
adamın işi deyil. Onlar gərək öncə kişilik nümayiş etdirələr.
Erməni boksçuya uduzmamışam
- Söhbət rinqdən düşmüşkən, deyirlər, gənclik illərinizdə rinqdə
bir neçə ermənini məğlub etdiyinizə görə təzyiqlərə məruz
qalmısız.
- Azərbaycanda, Rusiyada da mən rinqdə bir neçə erməni döyüşçü
ilə qarşılaşmışam. Hər biriylə də oyundan üzüağ çıxmışam.
Sərkisyan, Muradyan və s. Bir dəfə beynəlxalq turnir keçirilirdi.
Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova respublikalarının
boksçuları görüşürdü. Mənim o vaxt 19 yaşım vardı. Sərkisyanı
məğlub edərək turnirin 2-cisi olmuşdum. O vaxt mən Rusiyada erməni
döyüşçülərlə rinqdə qarşı-qarşıya gəlmişdim. Hər biriylə də yaxşı
oyun nümayiş etdirmişdim. Ümumiiyyətlə, erməni boksçuya uduzduğum
olmayıb.
Müəllimlərlə mübahisə etmişəm
- Deyirlər, təhsildə aldığınız yüksək qiymətlər idmandakı
uğurlarınıza görə olub?
- Elə şey yoxdu. Mən orta məktəbdə də, ali məktəbdə də,
aspiranturada da birinci olmuşam. 1961-də Politexnik İnstitutunun
əyani şöbəsinə qəbul olundum. Oxuduğum vaxt ərzində müəllimlərlə
cəmi bir dəfə mübahisə etmişəm. İmtahan etmədən mənə "4"
yazılmışdı. Əsəbiləşdim. Müəllimlə mübahisə etdim. Rektorluğa
şikayət etdim ki, məni yoxlamamış niyə qiymət yazıblar? Bəlkə mən
ikiyə bilirəm. Yenidən imtahan götürüldü. Bileti çəkdim,
hazırlaşmadan başladım suallara cavab verməyə. Və "5" aldım. Hətta
müəllimim məndən üzr istədi. 1961-ci ildə təhsil ala-ala, yarışlara
gedə-gedə həm də məşqçi işləyirdim. Boş vaxtım demək olar ki,
olmurdu. Politexnik İnstitutunda oxuduğum müddətdə bir dənə də
olsun "4" almadım. Bütün qiymətlərim "5" idi. 8000 nəfərlik
tələbəsi olan Politexnikin yeganə Lenin təqaüdçüsü mən idim.
Qurtarandan sonra da rektor məni çağırıb dedi ki, səni Moskvaya
göndərirəm, get, orda aspiranturanı oxu. 30 yaşımda aspiranturaya
daxil olmuşam. 33 yaşımda müdafiə etmişəm . Onda boksdan uzaqlaşsam
da, hakimlik edirdim. Aspiranturanı bitirdikdən sonra məni
saxladılar orada işləməyə. 16 il Rusiyada işlədim. Elmlər namizədi,
doktorluq adı aldım. Professoram. İxtiralarım, səmərələşdirici
təkliflərim elmi şurada heç bir mübahisə olmadan qəbul edilirdi. O
vaxt mən idmandan da heç uzaqlaşmadım. Hakimlik edirdim və daha
sonra beynəlxalq hakim oldum. 1984-cü ildə artıq adlı-sanli elm
adamı və idmançı kimi Bakıya qayıtdım. O zamandan da indiyə qədər
Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoruyam.
Rəssam deyiləm, amma…
- Divarlarda rəsmlər asılıb. Siz həm də rəssamsınız. Sərgilərdə
rəsm əsərlərinizlə iştirak etmisiniz?
- Boş vaxtlarımda rəsm çəkirəm. Yağlı boya ilə çəkdiklərim də
var. Təbiəti sevirəm. Rəsmlərimin çoxu mənzərələrdir. Peşəkar
rəssam deyiləm, amma bu sənətə də peşəkarcasına bağlanmışam.
- Ağacan müəllim, heç olubmu ki, bu uğurlar serialında
uğursuzluqlarla üzləşəsiniz?
- Olub, əlbəttə. Təhsildə, elmi araşdırmalarımda heç bir
problemim olmasa da, idmanda bəzən bunsuz keçinə bilmədim. Çox az
da olsa, rinqi məğlubiyyətlə tərk etdiyim anlar olub. Bundan əlavə,
ölkənin hər hansı sıxıntılı anlarını vətəndaş olaraq öz
uğursuzluğum kimi içimdən keçirmişəm. Qarabağ savaşı və başqaları.
Bəzən boksçularımızın, idmançılarımızın məğlub duruma düşməsi vaxtı
ilə Federasiya prezidenti, indi isə vitse-prezident kimi mənim
uğursuzluğumdur.
Qonşumuzda bir qız böyüyüb
- Bəs gənc, yaraşıqlı, sağlam idmaçının, həm də elm adamının
gənclik illərində həyatının lirik anları necə yaşanıb? Arxanızca
göz yaş axıdan qadınlar, qızlar olubmu, həm şəhər uşağı
olmusuz…
- Yox əşşi, mənim elə şeylərlə aram olmayıb. Vaxtım yox idi
kimisə sevim, ya da kimisə gözü yaşlı saxlayım. Ona görə də sevgi
macəralarına vaxt ayırmırdım. Bir də onda ayıldım ki, qonşumuzda
bir qız böyüyüb. Görüb-götürdüyüm gəncliyimin lirikası da elə bu
olub. Dədə-baba qaydası ilə elçi gedilib, toyum olub. 1963-cü ildə
ailə həyatı qurdum. Bu il birgə ailə həyatımızın 50 illiyidir. İki
qızım, üç nəvəm var. Mən evli ola-ola da lirika-zad bilmədim, sən
deyənləri deyirəm, gözü yaşlı kimsəni qoymadım.
Məni provokasiyaya çəkirsən
- Şərt deyil ki, gözü yaşlı qala, elə gözlərində sevinc,
qəlbində xoş xatirələr qoyduqlarınız da ola bilər.
- Məni provokasiyaya çəkirsən. Yox, əlavə işlərə ehtiyacım və
vaxtım olmayıb. Ailə qurdum. Suraxanıda Əmircan kəndində ata
həyətində balaca ev tikdim. Oxumağa oradan gedib-gəlirdim. Başqa
heç nəyə gücüm çatmırdı onda. Aspiranturanı qutarandan sonra isə
mənə üçotaqlı ev verdilər və ailə-uşağımı da götürüb Rusiyaya
apardım…
Ağacan müəllim tələsik ayağa qalxır: "Düzdür, vədələşmişdik.
Amma pis vaxtda gəldin. Milli Məclisə gedirəm. - Kabinetindən
birlikdə çıxırıq. - Xəbər edərsən, oxuyaram", - deyir.