"Cəbhə xətti"
layihəsində
Bu gün "Cəbhə xətti"mizdə Vəli Asif oğlu
Əliyevdir.
1974-cü ildə Ağdamın Mahrızlı kəndində dünyaya gəlib.
1980-1991-ci illərdə öz yurdunda orta təhsil alıb.
- Döyüşə ilk getdiyiniz günü necə
xatırlayırsınınız?
- 1992-ci ilin apreliydi. Bizi öncə Ağdamın Qənimət kəndinə,
sonra Çulu kəndinə apardılar. Daha sonra Ağdamın Quzanlı kəndində
hərbi hissələrə böldülər. Biz 280 nəfər olmaqla Xaçınstroy kəndinə
düşdük. O vaxt batalyon komandirimiz Allahverdi Qəmbərov idi.
- Ermənilərlə ilk döyüşünüz necə başladı?
Qorxurdunuzmu?
- İlk döyüşüm erməni kəndi Qazançıda olub. Əlbəttə, qorxu və
həyəcan da var idi. Həmin döyüşdə çox sayda ölənlər və yaralananlar
oldu. Dostum Kamili həmin döyüşdə itirdim. Birlikdə çıxırdıq dağa,
bir də baxdıq ki, snayper qolunun altından vurdu. Cəsədini döyüş
xəttindən çıxarmaq üçün nə qədər əziyyət çəkdik. Təxminən, 200
nəfərlə gedib 26 nəfərlə qayıtmışdıq. Bizə dəstək üçün DİN və Hərbi
Dəniz Donanmasından uşaqlar da gəlmişdilər. Əsir düşənlər olmasa
da, 14 nəfər yaralanmışdı. Həmin döyüşdə Sırxavəndə kimi
almışdıq.
O döyüşdə çox dostlarımı itirdim. Yaxın dostum Elçin də şəhid
oldu. Heç razı deyildik onun döyüşə getməyinə. Amma... 7 zabitimiz
həlak oldu. Allahvedi Qəmbərovun mühafizəsindən bir nəfər
yaralandı, bir nəfər də dünyasını dəyişdi. Sevil adlı rabitəçi
vardı. Çox ağır yaralanmışdı. Kişi kimi qadındı. Uşaqlarımız vardı,
konfet kağızları və saplarla patronun üstünə yazı yazırdılar.
Xidmətdə olan qadınların bayramını bu cür güllələrlə təbrik
edirdik.
Bizi Xaçınstroyda bölüb Ağdam rayon Əhmədağalı kəndinə saldılar.
Batalyon komandirimiz Azad adlı oğlan idi. Digər hərbi hissələrdən
40-50 nəfər gətirdilər köməyə. Təxminən 700 nəfərlə Fərrux dağını
aldıq.
- Siz erməni əsirlərlə necə rəftar edirdiz?
- Bir erməni əsgərini əsir götürmüşdük. Əli yaralıydı, sarğı da
qoymuşduq. Onunla bir dəfə də pis rəftar olunduğunu görmədim. Sonra
onu azərbaycanlı əsirlə dəyişdilər. Qadın erməni əsirimiz isə
olmayıb.
- Əsgərlərimizin qida təminatı necə idi?
- Çox çətinlik idi. Ac, susuz qaldığımız günlər vardı. Ən çətin
vaxtımız isə bir dəfə ermənilər tərəfə hücuma keçəndə ordakı
kanlların birində qalmağımızdır. 14 gün kəşfiyyatda olmuşuq.
Xatırlayıram, şaxtadan ayaq barmaqlarımda dırnaqlarım tökülmüşdü.
Rabitə itmişdi. Heç cür evlə, hərbi hissə ilə əlaqə saxlaya
bilmirdik. Bizim evə mənim ölüm xəbərimi çatdırmışdılar. Ailəm
mənim öldüyümü düşünürdü. Evə qayıdanda isə hər kəs heyrət
içindəydi. Ordan ermənilərlə atışa-atışa xilas ola bilmişdik.
- Hansısa qəribə hadisələr baş verirdimi?
- Bir dəfə Muğanlı kəndində palıd ağacının altında dayanmışdıq.
Bizim uşaqlarla zarafatımız vardı. Kəşfiyyat komandirim Səftər dayı
mənə zaraftla dedi ki, sən cəzalısan, get, qəbiristanlıq tərəfdə
dur, orda gözlə. Mənim ora gedib uzanmağımla ermənilərin həmin
palıdı vurmağı bir anda oldu. Orda kim vardısa, həlak oldu. Bir
dəfə bir neçə nəfər durmuşduq, ermənilərin atdığı bomba düz bizim
aramıza düşdü. Üz-gözümüz büsbütün palçıq oldu, amma qumbara
açılmadı. Əlbəttə, o zaman o açılsaydı, bir nəfər də sağ qala
bilməzdi.
Bir dəfə isə ermənilər gecə hücuma keçdi. Səhəri gün təxminən 70
nəfər başı kəsilmiş əsgərin meyitini görəndə dəhşətə gəldik. Bunu
sözlə ifadə etmək mümkün deyil. Təsəvvür eləyin ki, o vəziyyətdə
onların meyitini maşınlara yığırdıq. İnana bilmirdin ki, dünən
kəlmə kəsdiyin bu uşaqlar indi mövcud deyil və ya sadəcə bir
yükdülər...
- Yerli camaat sizinlə necəydi?
- Acılarımız, dəhşətlərimiz sonsuz idi. Ancaq buna rəğmən,
əhalinin bizə çox yaxşı münasibəti vardı. Bizə müqəddəs varlıq kimi
yanaşırdılar. O zaman orduda da hər şey başqa cür idi. Avtobusa
əsgər minəndə hətta qadınlar ayağa durub yer verirdilər. Bizə süd,
qatıq, meyvə gətirirdilər. Evdən bizə nəsə göndəriləndə yeyib,
sonra qablarını saxlayırdıq. Saxlayırdıq ki, haçansa ev yeməyi
yediyimizi unutmayaq. Ev yeməyinə həsrət qalmışdıq. Şirin çörək,
dolma... Ağlıma gətirə bilmirdim ki, mənim keçmişim olub və mən nə
vaxtsa uşaq olmuşam, bir ailədə böyümüşəm, məktəbdə oxumuşam. Mənə
elə gəlirdi, sanki binadan döyüşçü kimi doğulmuşam. Bütün keçmişim
yuxu kimi gəlirdi.
- Komandirləriniz yadınızda necə qalıb?
- Komandirlərimizdən gördüyüm zabit keyfiyyətlərini heç vaxt
unuda bilmərəm. Şirin Mirzəyev biz Çulu kəndində olanda gəlirdi,
hər əsgərin əlinə-ayağına baxırdı. Ayaqqabılarını gözdən keçirirdi,
görsün cırıq deyil ki. Ata kimi yanaşırdı bizə.
Xaçınstroyda olanda batalyon komandirimiz Allahverdi Qəmbərovun
parad forması əsgərin geyimindən zəif görünürdü. Çox sadə insan
idi. Bizlərdən biri kimi. Mən isə yaşca ən kiçik əsgərlərdən idim,
balaca qardaş kimi baxırdılar mənə.
"Krım" ləqəbli komandir vardı. Ağdamdan idi. Gəlib mənə deyirdi:
"Sən yat dincəl, mən postda sənin yerinə duraram". Komandirlər də
bizi dəyişirdilər postda. Onların heç birindən pis münasibət
görmədim heç vaxt. Amma yenə inanmırdım ki, ordan sağ çıxa
bilək.
Qazançı kəndinə bir dəfə yemək aparırdıq. Ora gedib–gəlmək 7-8
saat vaxt tələb edirdi. Biz aşağı posta düşəndə gördük orda
ermənilərin paltarları var, özləri isə aşağı - bulağa düşmüşdülər.
Onlarla qarşılaşsaydıq, bəlkə də sağ qalmazdıq. Apardığımız
yeməkləri də çaya atıb qayıtdıq.
Qarşımıza çıxan cəsədləri köməkləşib ya hərbi hissəyə
gətirirdik, ya da çaya atırdıq. Ən çox 1992-ci ildə itki
verdik.
Bizdən daha çox əsir düşürdü, ölənlər, yaralananlar olurdu.
Çünki ermənilər əsasən silahsız əhaliyə hücuma keçirdilər. Dağlıq
ərazi olduğundan tanklarla hücuma keçə də bilmirdik. Biz ancaq
piyada idik. Ermənilər Muğanlı kəndinin aşağı hissəsini
yandırdılar, yuxarısını biz götürdük. Şahbulağı da onlar aldılar.
Çünki əsgərimiz az idi, silah çatışmazlığı vardı.
- Nə zaman tərxis olundunuz?
- Sonuncu döyüşüm 1993-cü ildə oldu. Həmin döyüş yaddaşımda
ölənlərin və yaralananların sayının çoxluğu ilə qaldı. Mən isə heç
yaralanmamışam...
1994-cü ildə Gəncəyə təlimlərə göndərildik. Ora getməkdə məqsəd
o idi ki, yenidən güclənib döyüş bölgəsinə qayıdaq. Amma bizi
1996-ci ilin iyun ayında hərbi xidmətdən təxris etdilər.
Tam səmimi deyirəm ki, bu gün də Ali Baş Komandan əmr versə,
yenə Qarabağ uğrunda müharibəyə getməyə hazıram. Bunu sizə bütün
qəlbimlə deyirəm. 4-cü sinifdə oxuyan bir oğlum var. Onun da
hərbiyə, idmana çox marağı var. İstərdim o da mənim yolumu davam
etdirsin. Mənim kimi döyüşüb, qürur duysun.
- Xidmətdən sonra...
- Hərbi xidmətdən sonra başımda güclü ağrılar və huş itirmələr
olurdu. Günü bu gün də işləmirəm. Prezident təqaüdü və I qrup əlil
olmağıma görə 127 manat alıram. Yenə də Vətən sağ olsun!..