19:00
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev bitkiçiliyin inkişafına dövlət dəstəyinin
gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Azərtac xəbər verir ki, sərəncama əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə "Azərbaycan Respublikasının
2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü
yarımbəndində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı" xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd
təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin
sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında
istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz
artırılmasını təmin etmək tapşırılıb.
Eləcə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin
sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor
yağlarına görə verilən yardım, habelə "Aqrolizinq" Açıq Səhmdar
Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral
gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar
(aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın
2-ci hissəsindən irəli gələn məsələləri həll etmək tapşırılıb.
19:39
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti
və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı
təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası
tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və
Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq
haqqında Saziş"in icrasını və ikitərəfli iqtisadi əlaqələrin
genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası
Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə
Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı
tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək
texnologiyalar nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye
nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin
müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin müavini
Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyası rəisinin müavini
Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası
Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası
tərəfinə müvafiq bildiriş göndərsin".