Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında
qətlə yetirilən 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi
oğlunun öldürülməsi ilə bağlı bəzi bəzi təfərrüatlar məlum
olub.
Hüquq-mühafizə orqanlarından Report-a daxil olan məlumata görə, hadisədən
dərhal sonra mərhum F.İsgəndərovun ailə üzvlərinin ifadələri
alınıb. Onun həyat yoldaşı və qızlarının hadisə ilə bağlı
ziddiyətli ifadələr verməsi istintaqı aparan müstəntiqlərdə şübhə
doğurub. Lakin F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova və
qızı Əmanə İsgəndərovanın cinayəti törətməsi barədə kifayət qədər
dəlil-sübut olmadığından, onlar hadisədən sonra sərbəst
buraxılıblar. Buna baxmayaraq, istintaq-əməliyyat tədbirlərini
davam etdirən hüquq-mühafizə orqanlarının əməkdaşları X.İsgəndərova
və Ə.İsgəndərovanın mobil telefonlarını məhkəmə qərarı ilə dinləmə
nəzarətinə alıblar. Təxminən səkkiz ay X.İsgəndərova və
Ə.İsgəndərova istintaqın qərarı ilə izlənilib, onların həyat tərzi
öyrənilib. Onların ölkədən kənara çıxmasına qadağa qoyulub.
Nəhayət, istintaqçılar F.İsgəndərovun məhz ana və qızı tərəfindən
qətlə yetirməsi barədə dəlil-sübutlar toplayandan sonra onlar
saxlanılıb. Cinayət işinin istintaqının aparılması isə artıq Nizami
Rayon Prokuroroluğundan alınaraq Bakı Şəhər Prokuroroluğuna həvalə
edilib. Hazırda hadisənin baş verməsinin səbəbləri araşdırılır.
F.İsgəndərovun qətlində başqa kimlərinsə iştirak edib-etmədiyi
araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz
Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun həm
də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu
bildirilir.