Sabiq maliyyə naziri Əvəz Ələkbərovun qohumunun qətlində
mühüm məqamlar açıqlanıb.
Axar.az xəbər verir ki, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri
Xidmətinin keçmiş rəis müavini, ötən il sentyabrın 1-də xüsusi
amansızlıqla öldürülən Füzuli İsgəndərovun işinə görə xanımı Xalidə
İsgəndərova həbs olunub.
Ancaq X.İsgəndərovanın qardaşı Eldar İbrahimov geniş çıxışında
qətllə bağlı fərqli nüanslardan danışıb. Mərhumun qayını
virtualaz.org saytının redaksiyasına müraciət edib.
***
Onun sözlərinə görə, bacısı baş vermiş qətl hadisəsinin icraçısı
yox, şahidi olub. E.İbrahimov bildirib ki, bacısına qarşı irəli
sürülən bu ittihamlar əsassızdır:
"Bütün bunlar bacıma atılan şər-böhtandır, ona qarşı qurulan bir
oyundur. O öz ərini niyə öldürməli idi ki?! İstintaq orqanları çox
primitiv dəlil-sübuta əl atıb. Ötən il avqustun 29-da bacım
Xalidənin qızı Bülbülün toyu olub. Toydan üç gün sonra - sentyabrın
1-də isə bu qətl hadisəsi baş verib".
E.İbrahimovun dediklərinə görə, qətl günü bacısı xəstə anasına
baş çəkmək üçün onlara getməyə hazırlaşıb. Evdə olan 14 yaşlı qızı
Əmanəyə də deyib ki, nənəngilə gedirəm, atana çay-çörəyi sən
verərsən.
"Xalidə həyat yoldaşı Füzulidən yolpulu istəyib. Füzuli də
bacıma 50 manat verib. Xalidə ona avtobusa vermək üçün xırda pul
lazım olduğunu deyib. Füzuli həm alıb qaraja qoyduğu qarpızı, həm
də maşından xırda pul götürmək məqsədilə həyətdəki qaraja gedib.
Bir qədər sonra Əmanə qarajdan səs gəldiyini və atasının kimisə
söydüyünü eşidib (Qeyd edək ki, azyaşlı Əmanə İsgəndərli ilkin
izahatında belə deyib - red.).
Bacım tez aşağı düşərək "Füzuli, Füzuli..." deyə ərini səsləyib.
Həmin vaxt Füzulinin kiməsə "heç olmasa, arvad-uşağa dəymə"
dediyini eşidib. Qaraja keçmək istəyəndə içəridə olan şəxs bacıma
"yaxın gəlmə, səni öldürərəm, pul istədim, maşının açarlarını
istədim - vermədi" deyib.
Səs-küyə Əmanə də gəlib. Evə hücum edən şəxs həm bacımı, həm də
uşağı bıçaqla hədələyib. Bıçağı Əmanənin boğazına dirəyib,
ana-baladan toydan yığılan pulları və qızıl-zinət əşyalarını tələb
edib.
Xalidə qızılları ona verəndən sonra üstəlik pulqabıdakı 50
manatı da verib. Bacım deyir ki, Füzulini vuran şəxsin əli yaralı
olub. Görünür, hadisədən əvvəl Füzuli ona müqavimət göstərmək
istəyib. Ağır xəsarət alan yeznəmi təcili olaraq "Azərsutikinti"
xəstəxanasına aparıblar. Amma həyatını xilas etmək mümkün olmayıb",
- deyə F.İsgəndərovun qayını bildirib.
***
Şikayətçinin dediyinə görə, hazırda iş Bakı Şəhər
Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun icraatındadır.
E.İbrahimov 14 yaşlı Əmanənin qanuni nümayəndəsi olmadan
prokurorluqda dindirildiyini deyib:
"Çox qəribədir ki, bu işdə qəfil dönüş baş verdi. Belə ki, bacım
2015-ci il, aprelin 13-də zərərçəkən kimi tanınıb. İki həftə sonra
- aprelin 30-da isə müstəntiq zəng vuraraq bacımı və qızı Əmanəni
prokurorluğa çağırıb.
Füzulinin bacısının əri Mahir Süleymanovla üzləşmə
keçiriləcəyini deyib. Elə həmin gün də bacımı həbs ediblər".
Azyaşlı Əmanə İsgəndərli açıqlamasında deyib ki, qatil qanlı
vəziyyətdə olan bıçağı onun boğazına dirəyəndə anası Xalidə qorxuya
düşüb: "Anam elə bildi ki, atamı öldürən adam mənim də boğazımı
kəsib.
Onun əlindən bıçağı almaq istəyəndə anamın da əli kəsildi. O,
anama hücum çəkib onu da bıçaqla hədələdi. Qızılları və pulu
götürəndən sonra isə "təcili yardım çağır, pis vurmuşam, ərin indi
öləcək" dedi. Sonra isə qaçıb getdi".
X.İsgəndərovanın 79 yaşlı anası Xəyalə İbrahimova ölkə başçısına
müraciət edib:
"Mənim qızımı günahsız yerə həbs ediblər. Əgər bu qətli mənim
qızım törədibsə, qoy cəzasını çəksin. Ölkə başçısına, Baş
Prokurorluğa, DİN-ə müraciət etmişik. Bu işi yenidən
araşdırsınlar.