"Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və
"Human Rights Watch"-un "3 meymun" taktikası...
Həqiqəti görmürəm, həqiqəti eşitmirəm və həqiqəti danışmıram.
Dünyaca məşhur bu "3 Meymun" taktikası özlərini insan hüquqlarının
və media azadlığının carçısı kimi təqdim edən "Amnesty
İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch"
təşkilatlarının əsas fəaliyyət amalına çevrilib.
Sual tam aydındır. Azərbaycana qarşı əsassız iddialar irəli
sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi
diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi
şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər?! Halbuki
Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və
azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri
tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar
mövcuddur.
Məlumdur ki, dünyada ilk dəfə olaraq, rasizm və nasizm Avropada
baş qaldırıb. İki əsrə yaxın vaxtın keçməsinə baxmayaraq, biz bu
gün də eyni tendensiyanın şahidi oluruq. Xüsusilə də, köçəri
xalqlara qarşı vəziyyətin ağır olduğunu müşahidə edirik. Hazırda
Avropa ölkələrində, xüsusilə də, Yunanıstanda, Çexiyada və Fransada
elə bir vəziyyət yaranıb ki, burada köçəri xalqlara qarşı
millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir,
onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq
keçirilir. Bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta
diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun
nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri
xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının
tərəfdarıdır.
Avropa ölkələrində islam dininin daşıyıcıları da təqiblərə məruz
qalırlar. Ekspertlərin fikrincə, xüsusilə, Fransada, Almaniyada,
Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar
gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla
qarşılaşırlar. Müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki
görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda,
Avropa ölkələrinin bir çoxunda məscidlərin tikintisi dayandırılıb,
hətta layihə olaraq ortadan qaldırılıb.
Bu xüsusda daha çox diqqətçəkən məqam Avropada İslama qarşı
hərəkatların və informasiya-təbliğat vasitələrinin
genişləndirilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir
müddət öncə islamafob qüvvələr tərəfindən 6 dildə fəaliyyət
göstərən "Qadınlar islama qarşı" saytının istifadəyə verilməsi bir
daha "qoca qitə"dəki anti-islam əhval-ruhiyyəsinin
göstəricisidir.
Həmçinin, tez-tez Böyük Britaniyada müsəlman qadınlarına
hücumların olması, Fransada və Belçikada məscidlərin yandırılması,
peyğəmbərlərin təhqir olunması, eyni zamanda, bu ilin fevral ayında
ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə
yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin
yandırılması onu göstərir ki, islamafobiya qərblilərin həyat
tərzinə çevrilməkdədir. Bu əsnada Avropanın və Qərbin
İslamlaşmasına və miqrantlara qarşı bir qrup şəxs tərəfindən
yaradılmış "PEGİDA" hərəkatı fəaliyyətini göstərə bilərik. Elə
maraqlısı da odur ki, bu təşkilatın fəaliyyəti Avropadakı mövcud
bütün sivil insan hüquqları qaydalarına və dəyərlərinə zidd olsa
da, bizim "üçlük"( "Amnesty İnternational", "Sərhədsiz
Reportyorlar" və "Human Rights Watch") bu təhlükəni sanki görmür və
ya görməzliyə vurur, hesabatlarında da bir kəlmə belə bu barədə söz
yazmır.
Xarici ekspertlərin fikrincə, Avropada rasizm əvvəlki illərə
nəzərən daha da genişlənib. Bu faktı elə Avropa Birliyinin 27
ölkəsində məskunlaşmış azlıqlar arasında aparılmış rəy sorğusu da
sübut edir. 23 min 500 nəfər insan arasında keçirilmiş sorğunun
nəticəsinə görə, onların böyük əksəriyyəti son günlər ərzində
rasizmin qurbanı olublar. Lakin hakimiyyət qurumlarına inamları
olmadığından polis orqanlarına müraciət belə etməyiblər. Afrikadan
gəlmiş miqrantlar bildirirlər ki, Avropa ölkələrində onlara qarşı
zorakılıq geniş yayılıb. Son günlərdə Avropa ölkələrində
diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb.
Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə
məruz qalırlar. Bir sözlə Avropada antisemitizm baş qaldırsa da,
dünya üzrə özünü insan hüquqlarının az qala "rəsulu" elan edən bu 3
təşkilat görmür, eşitmir və susur.
Misal üçün, Almaniyada, İspaniyada, Böyük Britaniyada, Polşada,
Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının
nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının
dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada
nifrətin oyanmasına gətirib çıxarır. Bu xüsusda, Fransadakı
"Soxnut" İsrail Milli Agentliyinin rəhbəri David Roşun narahatlığı
diqqət çəkir. O, Fransada baş verən insidentlərə diqqət çəkərək bu
ölkədə antisemitizm stereotiplərinin yenidən baş qaldırmasını
göstərir. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində
55 antisemitizm faktı qeydə alınıb. Lakin Roşun sözlərinə görə, bu
olaylara qədər son 20 ay ərzində hələ bir dənə də olsun belə bir
fakta rast gəlinməyib. Bundan başqa, İtaliyada, İspaniyada, Böyük
Britaniyada da antisemitizm halları müşahidə olunur.
Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat
statusu biçən "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və
"Human Rights Watch" Qərb dövlətlərində baş verən hadisələrin
üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət
bildirirlər. Halbuki, Qərbin bir sıra ölkələrində
multikulturalizmdən imtina olunub. Qərb dövlətlərində ayrı-seçkilik
hiss ediləcək dərəcədə çoxdur. Amma nədənsə, beynəlxalq hüquq
müdafiə təşkilatları bu məsələyə göz yumurlar. Əvəzində isə dünya
miqyasında sülhü və dostluğu təbliğ edəcək böyük bir idman yarışını
keçirməyə hazırlaşan Azərbaycanı əsassız tənqid edir, qərəzli
olaraq ölkəmiz barəsində iddialar irəli sürür . Bəli sadalanan
faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir,
insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir
etmək istəyəndə yada düşür. Bu təşkilatların ikili standartlar
tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki,
"Demokratiya carçılarının " əsl siması budur.