İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin
vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti
Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin
xüsusi hədiyyəsini təqdim edib.
Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya
hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət
başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır.
İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına
layiq görülməsi bunun əyani təsdiqidir.
Görüşdə çıxış edən Endrü PARSON dedi:
- Cənab Prezident, Azərbaycanda paralimpiya hərəkatına dəstək
göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə
"Şərəf" medalını təqdim etmək istəyirəm. Bizim Prezident şəxsən özü
bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki,
səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi.
"Şərəf" medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini
qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu
hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur.
Endrü Parson "Şərəf" medalını Azərbaycan Prezidenti İlham
Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Təşəkkür edirəm.
Endrü PARSON: Mən Sizə, həmçinin kitab təqdim etmək istəyirəm.
Biz bu yaxınlarda Beynəlxalq Paralimpiya Komitəsinin 25 illiyini
qeyd etdik. Bu kitabda ən önəmli 25 məqam əks olunur və
prezidentimizin də Sizə xüsusi müraciəti var. O, burada Sizinlə bir
yerdə ola bilmədiyindən təəssüf hissi keçirdiyini bildirir və
məndən şəxsən bu kitabı Sizə təqdim etməyi xahiş etdi.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Cənab Prezidentə kitab və
mükafata görə mənim minnətdarlığımı çatdırın. Belə bir medala layiq
görülmək mənim üçün böyük şərəfdir. Bizim paralimpiya hərəkatına
göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz
paraolimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə
əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi
paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı.
Endrü PARSONS: Təbriklər.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Yəqin siz də bilirsiniz
ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur
insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona
gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və
dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi
qiymətin təzahürüdür.
Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü
Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət
mərkəzində olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan Braziliya
Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə
əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də
imzalanıb.
Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda
Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını
bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun
inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl
Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə
verildiyini dedi. Dövlətimizin başçısı həqiqətən də Azərbaycan
paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd etdi.
Endrü Parson Azərbacyan Prezidenti İlham Əliyevi
Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında
görmək arzusunu çatdırdı.