Tehran və "Altılıq" ölkələri
(ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) İranın nüvə
proqramının dayandırılmasının əvəzində sanksiyaların aradan
qaldırılması ilə bağlı çərçivə sazişinə nail oldu.
Sazişə əsasən, ABŞ və Avropa Birliyi İranın nüvə fəaliyyətinə
cavab olaraq tətbiq edilmiş sanksiyaları aradan qaldırmağı öz
öhdələrinə götürür. Bu razılaşma bütün dünyada vəziyyəti 180 dərəcə
dəyişir, 30 ilə yaxın bir müddətdə əl-qolu bağlanan İran indi dünya
üzərində hegemonlardan birinə çevrilə bilər. Beləliklə, yeni
geopolitik mənzərənin yarandığını demək mümkündür. Liberal
qanunlarla idarə olunmağa başlayan İran iqtisadiyyatı xarici
kapitalı özünə cəlb edəcək və nəticə etibarilə İran öz inkişafının
qızıl dövrünə qədəm qoyacaq.
Bunu da qeyd edək ki, "Altılıq" ölkələri və İran arasındakı
razılaşmaya birmənalı şəkildə baxılmır. İranın əl-qol açması, İran
neftinin dünya bazarına çıxarılması neftin qiymətinin sürətli
şəkildə enməsinə, gəliri neftdən asılı ölkələrin iqtisadi cəhətdən
zəifləməsinə gətirib çıxaracaq.
Məsələ ilə bağlı atv.az-a açıqlama verən politoloq Adıgözəl
Məmmədov bildirir ki, razılaşmadakı bütün bəndlərdən məlumatımız
olmadığına görə, sadəcə, nisbi fikir bildirə bilərik: "Əlbəttə,
"Altılıq" razılaşması ölkənin iqtisadi cəhətdən daha da inkişaf
etdirilməsi baxımından olduqca əlamətdar haldır. Amma burda
geosiyasi məsələlər var. Təbii ki, qarşı tərəfin - xüsusilə Qərb və
ABŞ-ın burada strateji məqsədləri olmamış deyil".
ABŞ və Qərb dövlətləri nə əldə edir?
A.Məmmədov hesab edir ki, bu gün ABŞ və Qərb ölkələrinin
Rusiyaya qarşı həyata keçirdiyi embarqo siyasətinin əsas
qayələrindən biri onun Avropaya ixrac olunan karbohidrat
məhsullarının ucuzlaşdırılmasıdır. "Hansı ki, həmin karbohidrat
yataqları Rusiya büdcəsinin formalaşması baxımından böyük rol
oynayır.
İlkin addım olaraq, neftin dünya bazarında qiymətinin aşağı
endirilməsi siyasəti nəticəsində Rusiya iqtisadiyyatına böyük zərbə
dəyir. Qərb son dönəmdə digər xətlər üzrə bu siyasəti həyata
keçirməyə başlayıb. Səudiyyə Ərəbistanına dişi batmayan Qərb İranla
dil tapdı".
İran Avropanın əsas
enerji alternativinə çevriləcək?
Politoloq A.Məmmədov bildirir ki, İran neft ixracına görə
dünyanın ən aparıcı dövlətlərindən biri olsa da, İrana qarşı həyata
keçirilən embarqo siyasəti bu neftin ixracını tam şəkildə həyata
keçirməyə imkan vermirdi:
"Xüsusilə son dönəmlər Səudiyyə Ərəbistanıyla neft ixracı ilə
bağlı yaşanan ziddiyyət ABŞ–ı İrana yaxınlaşmağa, onunla dil
tapmağa məcbur edirdi. Çünki Amerikanın diqtəsi ilə neftin
hasilatını artıraraq dünyadakı neft ehtiyacının ödənilməsi
baxımından Səudiyyə Ərəbistanının üstünə böyük yük düşür. Ona görə
də ABŞ neftin hasilatını artırması ilə bağlı Səudiyyə Ərəbistanına
təzyiq edir. Belə olduğu halda dünya bazarında neftə tələbat
azalacaq, nəticədə qiyməti aşağı düşəcək.
Rusiyada neftin qiymətinin aşağı olması nəticəsində neft və
karbohidrat məhsullarının ixracından gələn gəlirin azalması
müşahidə olunacaq. Burada məqsəd Rusiyanı iqdisadi cəhətdən
sındırmaq və müəyyən siyasi diqtələri ona yeritməkdən
ibarətdir.
Səudiyyə Ərəbistanı isə bu istiqamətdə artıq müəyyən mənada
Amerika ilə razılaşmır. Çünki neftin hasilatı artır, amma qiyəməti
aşağı enir. Səudiyyə Ərəbistanı isə, neftin hasilatını azaltmaqla
onun dünya bazarında qiymətini qaldıraraq daha çox gəlir əldə etmək
marağındadır. Burada neftin hasilatı zamanı sərf olunan əmək və
əməyə verilən pul dəyişmir. Yəni neftdən gələn gəlir azalsa da,
fəhlənin maaşı sabit qalır. Bu baxımdan Səudiyyə Ərəbistanı Amerika
ilə uzlaşmırdı. Son dönəmlər Səuduyyə Ərəbistanıyla Rusiya arasında
müəyyən yaxınlaşma da müşahidə olunurdu. Xüsusən Peterburqda
kraliyət ailəsinin Rusiya prezidenti ilə görüşündə biz bunu aydın
şəkildə gördük: İki ölkə arasında müqavilələr və məramnamələr
imzalandı. Bu şəraitdə İranla yaxınlaşma Amerikaya və Qərb
ölkələrinə hava-su qədər lazım idi. Çünki dünya bazarına yeni
neftin ixracına təminat yaranacaq və neftin qiymət artımının
qarşısı İran vasitəsi ilə alınacaq".
İkinci bir xətt geopolitik maraqlardır
"Geopolitik maraqlardan biri, İranın Şanxay Əməkdaşlıq Təşkilatı
istiqamətində daha da yaxınlaşmasının qarşısını almaqdır. Bunun
üçün onu Qərb yönümlü, Qərbə yaxın ola biləcək geopolitik
konstruksiyanın tərkibinə daxil etməyə çalışırlar. Burada əlbəttə
ki, İrandakı mövcud geopolitik rejimlə də problemlər var. Amma
İranın dövlətçilik ənənəsindən irəli gələn dövlətin qoruma
instinkti istər-istəməz buna imkan yaradır", - deyə politoloq
bildirir.
Rusiya ilə İran Cənubi Qafqazda və Avropaya enerji ixracı
məsələsində rəqibə çevrilləcək. Qazanan kimdir, itirən kim?
A.Məmmədovun fikrincə, "Altılıq" razılaşmasının şərtləri sazişdə
göstərilən kimi həyata keçirilərsə, regionda balans yaradacaq.
Nəticədə Rusiyanın regionda statusu qırılacaq. Bu da Rusiya
qüvvələrini hərəkətə keçirməyə məcbur edəcək.
O, "İnanmıram ki, Rusiya bu məsələləri sakitcə müşahidə etsin.
İran və Qərb yaxınlaşması bu şəkildə davam edərsə, biz artıq Moskva
mətbuatında və yaxud da televiziyalarında Cənubi Azərbaycan
məsələsi ilə bağlı işartıları, bu məsələnin gündəmə gəlməsini
müşahidə edəcəyik. Çünki İrana təzyiq instrumentlərindən biri də
Cənubi Azərbaycan faktorudur. Bu faktoru Stalin, Mircəfər Bağırov
vaxtilə İrana qarşı istifadə ediblər. Yəni bu artıq hazır
praktikadadır. Rusiya bu faktoru gündəmə gətirərək müəyyən bir
mövqe tutacaq. Məsələlərə bu prizmadan baxanda "Altılıq"
razılaşmasının həyata keçirilməsi o qədər də asan görünmür. Bu
baxımdan razılaşmanın həyata keçirilməsi ziddiyyətli və qaranlıq
görünür", – deyə bildirir.
ŞƏT-in "Altılıq" razılaşmasına biraşa
təsiri
"İran öz neftini dolayı yollarla İran körfəzinə çıxarırdı. İran
körfəzində müəyyən şirkətlər var. Bir çox hallarda onlar qanundan
kənar da fəaliyyət göstərə bilir. Həmin şirkətlər vasitəsilə İran
tankerlərini İran körfəzndə satırdı. İranın neft ixrac etdiyi
ölkələr Çin və Yaponiyadır. Burada "Şanxay" əməkdaşlıq faktoru və
bu faktorun gələcək üçün hərbi faktora çevrilə ehtimalı da
var".
Azərbaycanın yeni geosiyasi arenada yeri
Bəzi mütəxəssislər "Altılıq" razılaşmasının Azərbaycan
iqtisadiyyatına mənfi təsir edəcəyini düşünürlər. Onların fikrincə,
bizim enerji ixracı borularımızın Qərb üçün strateji əhəmiyyəti
xeyli azalacaq. Bundan başqa, İranın Azərbaycan üzrərində
ictimai-siyasi, iqtisadi təsiri artacaq.
Amma A.Məmmədov bildirir ki, Azərbaycan yaranmış geopolitik
vəziyyətdən öz xeyrinə istifadə edə bilər:
"Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycana da,
sözsüz, öz təsirini göstərəcək. Bu hal Azərbaycan iqtisadiyyatına
təsirsiz ötüşməyəcək. Gələn gəlirləri azaldacaq. Amma mövcud
vəziyyətdə Azərbaycan siyasəti üçün çox böyük imkanlar açılır.
Geopolitik baxımından alınan vəziyyətdən istifadə edə bilsək, bizim
müəyyən qlobal problemlərin həlli üçün çox gözəl münbit şərait
yaranacaq. Bu prossesləri çox ciddi şəkildə izləməliyik".