23 avqust Cəbrayılın
erməni təcavüzünə məruz qaldığı gündür. Odur ki, "Bir əşyanın
tarixçəsi" layihəsinin bu sayını Cəbrayıl rayonu
Tarix-Diyarşünaslıq Muzeyinə həsr etmək qərarına
gəldik.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey
Mərkəzinin binasında Cəbrayıldan əhalisi kimi didərgin düşmüş
eksponatlar da yerləşdirilib. Onları muzeyin direktoru Tarıyel
Abbaslı güllə yağışının altından çətinliklə çıxararaq min-bir
əziyyətlə Bakıya gətirə bilib.
Müsahibimizlə söhbətdən əvvəl Cəbrayıl haqqında ümumi
məlumatları xatırlatmaq istərdim:
Cəbrayıl rayonunun yaranması haqqında 8 avqust 1930-cu ildə
qərar verilib. 4 yanvar 1963-cü ildə qərar ləğv edilərək rayonun
ərazisi Füzuli rayonuna əlavə edilib. 17 iyun 1964-cü ildə isə
yenidən öz statusunu qazanıb. 23 avqust 1993-cü il tarixdə rayon
Ermənistan tərəfindən işğal edilib. İşğal nəticəsində rayona 13,928
milyard ABŞ dolları məbləğində ziyan dəyib. Verilən məlumata görə,
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan
ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin
daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik
eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında
olan ərazilərdə yerləşir.
Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik
materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri,
qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər,
rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənib.
Muzeyin ilk direktoru Şəhriyar Paşa oğlu Quliyev ilyarım bu
vəzifədə çalışıb. 1981-1988-ci illərdə muzeyin direktoru vəzifəsini
Fazil Quliyev, 1982-ci ildən etibarən muzeydə kiçik elmi işçi kimi
fəaliyyət göstərən Tariyel Abbaslı isə 1988-ci ildən sonra muzeyin
direktoru vəzifəsini icra edir.
Evini qoyub, muzeyin eksponatlarını çıxardan Tariel Abbaslı ilə
Muzey Mərkəzinin onlar üçün ayrılmış otağında görüşdüm. Muzeyin
əməkdaşları da otaqda idi. Cəbrayıllı şair İsmayıl İmanzadə
qonaqları idi. O, həm də Yazıçılar Birliyinin Mingəçevir şəhər
şöbəsinin sədridir. Olduqca mehriban, istiqanlı insanlardılar.
Adama bir çay süzüb ordan-burdan danışdılar. Xoş zarafatları
könül oxşadı. Tariyel müəlimlə söhbətə elə muzeydən başladıq:
- 1980-ci ilin fevral ayında Mərkəzi Komitənin birinci katibi
Heydər Əliyev rayonlarda Tarix Diyarşünaslıq Muzeylərinin
yaradılması haqqında sərəncam vermişdi. Cəbrayıl Rayon Partiya
Komitəsinin təşəbbüsü ilə rayonun "Sağ sahil" küçəsində yerləşən
orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verildi və
qısa müddət ərzində təmir edildi. Beləliklə, 1980-ci il dekabr
ayının 8-də Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışı
oldu. Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik
materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri,
qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər,
rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi.
Eksponatların toplanmasında rayon ziyalılarının, məktəb
direktorlarının, məktəblilərin, yerli əhalinin böyük rolu var
idi.
O vaxtlar dil-ədəbiyyat müəllimi işləyirdim. 1982-ci ildə muzeyə
kiçik elmi işçi kimi gəldim və 1988-ci ildə muzeyin direktoru təyin
edildim. Cəbrayıl işğal olunana qədər muzeydə on doqquz minə qədər
eksponat qorunub saxlanırdı. Onların hamısı bir-birindən dəyərli
idi. Muzey elə məkandır ki, on min manatlıq gümüş kəmərlə kiçik bir
sənədin qiymətinə fərq yoxdu. Yüzə qədər gümüş kəmər, xəncər, yüz
iyirmiyə yaxın qədim xalça, palaz, xucun, heybə, duz torbası,
asmalıqlar var idi. On beşə qədər portret əsəri qorunurdu ki,
onları da cəbrayıllı rəssamlar çəkmişdilər. Otuzuncu illərdə
Cəbrayılda dərc olunan "Xudafərin"qəzetinin bütün nüsxələri
saxlanılırdı. Həmin qəzet əvvəllər "Lenin bayrağı," "Kolxozçu"
adları ilə də çap olunub. O qəzetlərin bəlkə də dövlət arxivində də
nüsxəsi yoxdu. Amma onlar bizim muzeydə qorunur…
Tariyel müəllimdən xahiş elədim rayonun işğalından bir qədər
əvvəl baş vermiş hadisələri xatırlamağa çalışsın. Təbii ki, bu
davanın səbəbini axtarmaq üçün tarixi bir xeyli geri
səhifələməliyik. Amma çox uzağa getmədən, yaxın keçmişdə nə baş
verdiyini bilməyimiz yaxşı olardı:
- 1987-ci ildə bizə xəbər verdilər ki, bir dəstə erməni
Cəbrayılda qədim yaşayış məntəqələrini, qədim qəbiristanlıqları
gəzib qızıl axtarır. Məndən qabaq muzeyin direktoru olmuş Fazil
müəllimlə ermənilərin getdikləri yerlərə baş çəkdik. Sonradan
anladıq ki, bunlar heç də qızıl axtarmırlarmış. Ermənilərə məxsus
olan yazılı, tarixi abidələri bizim qədim yaşayış yerlərinə
basdırıblarmış ki, sabah bu yerlərin ermənilərin qədim yaşayış yeri
olduğunu iddia edə bilsinlər…
Ermənilər təbliğat işlərinə beləcə başlamışdılar.
***
Muzey direktorunun dediyinə görə, on doqquz min eksponatdan on
yeddi minini çıxarda bilib. Bir muzeyi köçürtmək, əlbəttə əsl
qəhrəmanlıqdı.
- Hələ internat məktəbində olanda muzeyin ən dəyərli
eksponatlarını Mahmudlu kəndində qohumların, bir qismini Mərcanlıda
İsmayıl müəllimin evinə yığdım. Əşyaların muzeydən maşına
daşınmasında muzey əməkdaşlarının da zəhməti əvəzsizdi. Amma düzü,
eksponataları rayondan çıxarmaq ağlıma da gəlməzdi. Çünki elə
bilirdik ki, hamısını qaytarıb yerinə qoyacağıq. Sonra gördük,
vəziyyət yaxşı deyil, eksponatların bir qismini Beyləqana gətirdik.
İki mindən artıq eksponatı isə iri olduqlarına görə çıxartmağa
imkanım olmadı. Onların arasında üstü yazılı məzar daşları, iri
samovarlar, ornamental naxışları olan daş abidələr, müxtəlif kənd
təsərrüfatı alətləri var idi.
Əlbəttə, asan deyil. Camaat ailəsini, evini, mal-qarasını
çıxartmaqda çətinlik çəkib. Tariyel müəllim isə eksponatları
Beyləqana gətirdikdən bir gün sonra, onları bir də Cəlilabada,
qohumlarının evinə daşıyıb.
- Sonra Mədəniyyət və Turizm Nazirliyindən verilən maşınla
eksponatları Bakıya gətirib, təhvil verdim. Bilirsiz, adamlar mənə
az qala gülürdülər ki, sənin işin-gücün yoxdu? Özünə niyə zülüm
vermisən?
Mənim kimi şəhərdə böyümüş, müharibə görməmiş gənclər üçün
maraqlı olardı, göydən ölüm yağan yurdun adamları necə
yaşayırlarmış o ölüm-dirim məqamında? Yəqin hər şey bizim təsəvvür
etdiyimiz kimi olmayıb. Onlar da insandı axı. Onlar da qorxa
bilərlər. Yoxsa elə deyil?
- Rayonda əhalinin əhval-ruhiyyəsi olduqca yüksək səviyyədə idi.
Hamı öz həyatını yaşayırdı. Heç kim rayondan çıxmaq haqqında
fikirləşmirdi. Düzdü, Füzuli, Ağdam boşaldılmışdı, amma Cəbrayıldan
heç kim tərpənmək fikirində deyildi. Baxmayaraq ki, rayonun üstünə
güllə leysan kimi yağırdı. Bizim torpaqların işğal olunmasında
şayiələrin də böyük rolu var idi. Rayonların çoxu boşalandan sonra
ermənilər gedib doluşurdular. Adamların ümidi 1993-cü ilin 15
avqust Daşbaşı hadisəsində qırıldı. Ermənilər bizim postda olan on
səkkiz nəfəri gecə hücuma keçib öldürmüşdülər. Daşbaşı bizimkilərin
nəzarətində olan erməni kəndi idi ki, o, Cəbrayıldan yuxarıda
yerləşirdi. Daşbaşı ermənilərin nəzarətinə keçəndən sonra ordan
rayonu vurmağa başladılar. Beləcə, rayon boşalmağa başladı, iyirmi
üçünə qədər boş qaldı.
Cəbrayıl iki dəfə işğal olundu. Birinci dəfə avqustun 23-də dağ
ərazilər və Cəbrayılın özü, oktyabrın 23-də isə Arazboyu kəndlər
ermənilər tərəfindən tutuldu…
Bu vaxt bayaqdan bəri müsahibənin gedişinə müdaxilə etmədən
dinləyən şair İsmayıl İmanzadə söhbətimizə qoşuldu:
- Rayon işğal olunandan sonra qərargah Mahmudlu kəndinə gəldi.
Hamımız evlərimizi, mal-qaramızı Mərcanlı kəndinə yığmışdıq. Hər
gün cəbhənin vəziyyəti ilə maraqlanırdıq. Oktyabr ayının iyirmi
biri idi. Rayon fəallarının iştirakı ilə iclas çağırılmışdı. Göydən
güllələr yağmasına baxmayaraq iclasda üzümlərin yığılması,
inəklərin sağılması məsələsi müzakirə olunurdu. İki gündən sonra
isə Araz boyu kəndlər işğal olundu. Demək istəyirəm ki, adamlar son
gününə qədər inamlarını itirməmişdilər. Sonralar, Cəbrayıl
rayonunun MTN idarəsinin sədri İbrahim müəllim mənə dedi ki, bizim
anamız namaz üstə imiş. Erməni hərbçiləri xəbər tutub ki, Cəbrayıl
rayonunun fəalları iclas keçirdir. Tanklarla həmin yeri mühasirəyə
almaq əmrini alıblar. Yarımca saat ləngiyiblər deyə, bəxtimiz
gətirib. Təsəvvür edin, Ağ yolda, Şişpapaq tərəfdə öndə gedən
tanklardan biri xarab olduğundan yolu kəsib. Tankı yarım saata
ancaq düzəltmək mümkün olub. Tank xarab olmasaydı, hamımızı girov
götürəcəkdilər.
Tariyel müəllim söhbətə qaldığı yerdən davam elədi:
- 1992-ci il iyunun 28-də və avqustun 15-də iki böyük döyüş
əməliyyatı oldu. Əməliyyatların hər birində nə qədər əsgərimiz
şəhid oldusa, rayon mərkəzində bir o qədər yerli əhali öldürüldü.
Dayanmadan Qrad atırdılar. Yüzdən çox adam yaralanmışdı. Qarabağ
muharibəsində uğursuzluqların bir səbəbi də birliyin olmamasında
idi. Cəbrayıl daha çox ermənilərin məskunlaşdığı Xocavənd rayonu
ilə həmsərhəd idi. Bir də görürdün, camaat arasında söhbət gəzir
ki, filan gün hərbi əməliyyat olacaq. Bu haqda heç kimin məlumatı
olmamalı idi. Amma hərbi sirr ortaqlıda gəzirdi. Başqa bir misal:
planlaşdırmışdılar ki, Cəbrayıl batalyonu hücum edəndə, o biri
tərəfdən də Füzuli batalyonu hərəkətə keçəcək. Bununla da
erməniləri mühasirəyə alıb, Xocavəndi azad edəcəklər. Dəfələrlə
olmuşdu ki, Cəbrayıl döyüşcüləri hücuma keçmişdi, döyüş qızışmışdı,
Füzuli batalyonundan isə xəbər çıxmamışdı, ya da əksinə. Bunun
səbəbi isə elə vahid komandanlığın olmaması idi. Ordu ayrı-ayrı
qüvvələrin əlində cəmlənmişdi. Eyni situasdiya Ağdam batalyonu ilə
baş vermişdi. Onlar da hansısa razılaşdırılmış hərbi əməliyyata
gəlməmişdilər. Hücumlar kompleks şəkildə olmalı idi. Bütün bunlara
baxmayaraq Cəbrayıl döyüşcüləri ləyaqətlə vuruşdular. Altı nəfər
milli qəhrəmanımız var. İsmayıl müəllimlə Cəbrayıl şəhidlərinin
ailələrində olub, onlar haqqında məlumat toplayaraq "Cəbrayıl
şəhidləri" adlı kitab nəşr etdirdik…
İsmayıl müəllim mənə bağışladıqları "Cəbrayıl şəhidləri"
kitabını varaqlasa da arada başını qaldırıb bizə baxırdı. Tariyel
müəllimin dediyinə görə, o, rayonu tərk etmiş sonuncu
adamlardandı.
Cəbrayıldan Arazı üzərək çıxıb. Müsahibədən sonra İsmayıl
müəllim təslim olmağın məyusluğundan danışdı.
- Qəribədi ki, o vaxt belə bir anlayış var idi: hansısa batalyon
elə düşünürdü ki, məsələn, Qubadlını Qubadlı alayı müdafiə
eləməlidi. Ermənilər Araz yolunu açıq qoyumuşdular. Yəqin
düşünürdülər ki, hamı suda boğulub öləcək. Sahil boyu minik və yük
maşınları düzülmüşdü. Cənubi Azərbaycanda olan həmvətənlərimiz
qayıqla çaya tökülüşmüşdülər. Sağ olsunlar, onlar xeyli adamı xilas
elədi.