Parlament seçkilərinə rəsmən
start verilib. Bir qədər sonra namizədlərin təbliğat-təşviqat,
reklam kampaniyası dönəmləri üçün hazırlıqlar başlayacaq. Dünyanın
inkişaf etmiş ölkələrində seçki həm də media üçün çox gəlirli dönəm
hesab olunur. Namizədlərin təbliğat materialları, fotoları,
müsahibələri.... ödənişli əsaslarla media orqanlarına təqdim
olunur, nəticədə mətbuat orqanları xeyli qazanc əldə
edir.
Azərbaycanda isə media orqanları üçün vəziyyət tamamilə
fərqlidir. Xüsusən çap mediası 2010-cu ildən etibarən seçkilərdən
maddi baxımdan xüsusi gəlir əldə etmir. Namizədlər daha çox üzünü
elektron KİV-lərə, xüsusən də telekanallara tutur. Tirajına, oxunma
faizinə və oxucular arasında populyarlığına görə seçilən çap
mediası isə ölkə miqyasındakı bu mühüm siyasi hadisədən sanki
qəsdən uzaqlaşdırılır.
Bununla belə, ümumi vəziyyət maraqlıdır. Saytlar və qəzetlər
seçki kampaniyasında pul qazana biləcəklərmi? Qiymət prayzı
çıxarılıbmı? İqtidar-müxalifət fərqi qoyulacaqmı? Məsələn, daha
öncə bəzi media orqanlarında pulsuz təbliğat materialı yerləşdirən
müxalifətçilər üçün indi eyni şanslar qüvvədə olacaqmı?
"Yen Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov
bildirdi ki, seçki dönəminin girməsinə baxmayaraq, sönüklük hiss
olunur. Onun sözlərinə görə, namizədlər gözləmə mövqeyindədir.
Müsahibimizin fikrincə, bu, yaxın günlərdə açıqlanacaq YAP siyahısı
ilə bağlıdır: "Həmin vaxt artıq hər kəs öz dairəsini
müəyyənləşdirəcək. Faktiki müraciətlər var. Amma gözlənilən
səviyyədə deyil".
Müsahibimiz bildirdi ki, ötən seçkilərlə müqayisədə reklam
şərtlərində və tariflərdə ciddi dəyişiklik yoxdur. Ə.Süleymanov
qəzetə, sayta müraciət edən hər bir namizədə qapıların açıq
olduğunu bildirdi.
"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı isə "Yeni
Müsavat"a açıqlamasında vəziyyətin ürəkaçan olmadığını bildirdi.
Dedi ki, seçki əhval-ruhiyyəsi bizim istədiyimiz və yaxud bizə
xeyir verə biləcək səviyyədə deyil: "Bunun da səbəbləri var.
Müxalifət partiyaları seçkini demək olar hazırlıqsız və həvəssiz
qarşıladı. Bütün potensial namizədlər Yeni Azərbaycan Partiyasının
məlum siyahısını gözləməkdədir ki, özü ilə bağlı konkret qərar verə
bilsin. Bu səbəblərdən də medianın parlament seçkiləri ilə bağlı
reklam bazarından yüksək gəlir əldə edəcəyini güman eləmirəm. Hələ
ki 1-2 nəfəri çıxmaq şərtilə, bizə reklamla bağlı müraciət
edilməyib. Ola bilsin, YAP-ın seçki siyahısı açıqlanandan sonra
belə müraciətlər çoxalsın".
A.Camalqızı dedi ki, iqtidar-müxalifət bölgüsü ilə bağlı onların
mövqeyi ortadadır. Konkret hədəfləri olduğunu deyən müsahibimiz
radikal çıxışları ilə tanınan müxalifətçilərə tribuna
verməyəcəklərini vurğuladı: "Amma normal, konstruktiv
müxalifətçilik edən hər kəslə - reklam şərtlərimizi qəbul etdiyi
halda - əməkdaşlığımız mümkündür. Mən həmişə bu fikirdə olmuşam ki,
müxalifətçilik - düşmənçilik deyil, bir dünyagörüşüdür. Ölkəsinin
uğurlarına sevinən və bu uğurlarda az və ya çox dərəcədə qatqısı
olan hər hansı bir müxalifətçi ölkəsinə heç bir xeyir verməyən
"dekorativ " iqtidaryönlüdən daha lazımlıdır".
A.Camalqızı reklam qiymətlərinin həmişəki kimi olduğunu və
dəyişmədiyini də bildirdi. Onun sözlərinə görə, qiymətlər mövcud
reklam tariflərinə uyğun tərtib olunub və seçki ilə bağlı heç bir
artım nəzərdə tutulmayıb.
Musavat.com